Ru
14:38 / 02 İyul 2025

Rusiya OMON-un dəhşətləri - Zorakılıqlar dövlət sifarişidir

Rusiya OMON-un dəhşətləri - Zorakılıqlar dövlət sifarişidir
Eye

Rusiya Federasiyası etnik və dini azlıqlara qarşı uzun müddətdir mövcud olan dözümsüzlük siyasətini son aylarda daha da sərtləşdirib.


2024-cü ilin dekabrında Moskva yaxınlığında yerləşən “Crocus City Hall”da baş verən terror aktından sonra xüsusilə Orta Asiya və Qafqaz əsilli miqrantlar kütləvi etnik təqib, əsassız saxlanma, hüquq-mühafizə orqanlarının zorakılığı və sağçı qrupların ksenofobik hücumları ilə üzləşirlər. Bu hallar artıq sadəcə təcrid olunmuş insidentlər deyil, beynəlxalq insan haqları təşkilatlarının təsdiq etdiyi kimi, dövlətin strukturlaşdırılmış siyasətinin nəticəsidir.

Human Rights Watch-un 2025-ci ildə dərc etdiyi hesabatında qeyd edilir ki, Orta Asiyadan, xüsusilə Tacikistan, Qırğızıstan və Özbəkistandan gələn işçi miqrantlar Rusiyada sistemli şəkildə etnik təqibə məruz qalırlar. Bu miqrantlar Rusiyada iş axtarırlar, lakin burada alçaldıcı rəftar, korrupsiya və fiziki zorakılıqla qarşılaşırlar .

Tacik miqrant Daler Qurbanovun təcrübəsi bu vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Onun sözlərinə görə, sənədləri və iş icazəsi olsa belə, rus polisi tacik və digər asiyalı görünüşlü şəxsləri yalnız etnik kimliklərinə görə saxlayır, rüşvət tələb edir və verməyənləri antisanitar şəraitli kameralarda saatlarla ayaq üstə saxlayırlar. Bundan başqa, saxlanılan şəxslərə Ukrayna müharibəsinə göndərilmək müqabilində sərbəst buraxılma təklif olunur.

Azərbaycanlılara münasibətdə də belə faktlar çoxdur. Yekaterinburqda OMON tərəfindən vəhşicəsinə öldürülən Səfərovların qohumu Vüqar Səfərov eyni təcrübəni yaşayıb:

“Bizə dedilər ki, sənədləri imzalamaq və Rusiya tərəfindən Ukraynadakı müharibəyə getmək lazımdır, əgər imzalamasaq, bizi şikəst edəcəklər. Əgər biz müqavilə imzalasaydıq, səhər bizi müharibəyə göndərəcəkdilər".

Bu yanaşma təkcə hüquq-mühafizə orqanlarının özbaşınalığı ilə izah edilə bilməz. 2024-cü ilin sonlarında Reuters-in yaydığı məlumata əsasən, Rusiya təkcə həmin il ərzində 80 000-dən artıq miqrantı deportasiya edib ki, bu da əvvəlki illərlə müqayisədə ikiqat artım deməkdir. Deportasiya olunanların əksəriyyəti Mərkəzi Asiyada və Qafqazdandır.

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də bu prosesdən uzaq deyil. O, 2024-cü ildə açıq şəkildə bəyan edib ki, Rusiyada çoxsaylı miqrantların olması ölkənin ənənəvi dəyərləri və milli sabitliyi üçün ekzistensial təhlükə yaradır. Bu bəyanatlar Rusiya hakimiyyətinin şovinizm və islamofobiyanı həm də dini və mədəni institutlar vasitəsilə təşviq etdiyini göstərir.

Zorakılığın icraçılarından biri də hüquq-mühafizə orqanları, xüsusilə OMON qüvvələridir. 1999-cu ildə Çeçen qaçqınlarının Qroznıdan çıxışı zamanı OMON-un mülki karvanı atəşə tutaraq onlarla insanın ölümünə səbəb olduğu sənədləşdirilib və hələ də yaddaşlardadır. Bu hadisə OMON-un etnik və dini azlıqlara qarşı zorakı fəaliyyətinin “tarixini” göstərir. Bu gün isə həmin “fəaliyyətlər” daha sistemli şəkildə icra edilir.

Ukrayna müharibəsi kontekstində isə bu zorakılıq mexanizmi yeni bir forma alıb. “Human Rights Watch” və “The Times” tərəfindən yayımlanan hesabatlara görə, Rusiya hakimiyyəti miqrantları müharibəyə göndərmək üçün saxta cinayət ittihamları, saxlanma və ailələrə təhdid kimi metodlardan istifadə edir. Bu, təkcə insan hüquqları pozuntusu deyil, həm də zorla hərbi xidmətə cəlb etmə kimi beynəlxalq hüquqa zidd davranışdır.

Bu faktlar göstərir ki, Rusiya Federasiyasında etnik və dini azlıqlara qarşı diskriminasiya artıq fərdi və ya lokal insident səviyyəsində deyil. Hüquq-mühafizə orqanları, dövlət strukturları, dini liderlər və media bu siyasətin təşviqatçısına çevrilib. Şovinizm, islamofobiya və irqçilik burada təkcə ictimai münasibət deyil, dövlət strategiyasıdır. Bu vəziyyət yalnız insan haqları təşkilatlarının yox, beynəlxalq ictimaiyyətin də ciddi siyasi və hüquqi reaksiyasını tələb edir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar