Azərbaycanla Rusiya arasında hazırda yaşanan siyasi-ictimai gərginliyin əsl səbəbləri, dərinliyi müzakirə ediləsidir, ancaq “gözlə görünən, əllə toxunulan” səbəblərin başında Yekaterinburq hadisələri gəlir. Əlbəttə, son gərginlikdən söhbət gedir, bundan öncələrə qalarsa, AZAL təyyarəsi də daxil olmaqla, çox mətləblər olub və bir çoxunun da üstündən keçmişik!
Yekaterinqburqdakı OMON əməliyyatı niyə bu qədər gərginlik yaratdı? Axı, deyildiyi kimi, saxlanılanlar, həbs edilənlər azərbaycanlı olsalar da, söhbət Rusiya vətəndaşlarından gedir (böyük ölçüdə), ortada cinayət işi var: arxivdən qaldırılıb, bəhanə edilir, hər nədirsə, bir qətlin istintaqı gündəmdədir.
Ona görə gərginlik yaşandı ki, “arxivdən götürüldüyü” deyilən cinayət işi ilə bağlı “şübhəli” sayılanların evinə sübh tezdən, 4-5 radələrində kütləvi hücum edildi, ailələr dəhşətli zorakılıqla üzləşdi, 2 nəfər döyülüb öldürüldü, sifətlərində döyülməkdən sağ-salamat yer qalmayanlar məhkəməyə çıxarılıb həbs edildi!
Ona görə gərginlik davam edir ki, Azərbaycan diasporunun rəhbəri, vəkil, hüquqşünas, iş adamı “şahid qismində” istintaqa dəvət edilmək əvəzinə küçədə qatı terrorçu kimi saxlanıldı, onun maşınının şüşələrini qırıb, özünü yerə yıxıb, sürüyə-sürüyə apardılar. Niyə və hara? “İstintaqa şahid kimi dindirməyə”. Halbuki o, istintaqda vəkil kimi iştirak etmişdi, saxlanılanların hüquqlarını qorumuşdu, yəni müstəntiqlərin gözü önündəydi və istənilən vaxt dindirilə bilərdi.
Ona görə gərginlik hələ də yaşanır ki, azərbaycanlı iş adamının evinə hasardan aşıb-girib, qapını açmağa belə imkan vermədən, dərhal yerə yıxıb, işgəncə verirlər və heç bir səbəb olmadığını da kameralara nümayiş etdirirlər, bunu yayırlar.
Ona görə gərginlik yüksəlir ki, Kremlin təbliğatçıları – Solovyov başda olmaqla – bütün bunlara haqq qazandırmağa, Azərbaycanın reaksiyasını “daxili işlərə qarışmaq” kimi yozmağa çalışır, Bakını hədələyir, iqtisadi-siyasi təzyiqləri gücləndirməklə xox gəlirlər və s.
Baxın, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verir, “daxili işimizə qarışma” deyir. Halbuki ondan bir gün əvvəl Rusiya Azərbaycana eyni məzmunlu nota vermişdi, Bakı isə bu notanı rədd etmişdi. Niyə Bakı qəbul etmədiyi notaya “eyni məzmunlu” qarşılıq verir?
Çünki Azərbaycan nə Yekaterinburqdakı istintaqa qarışır, nə cinayət işinə: Azərbaycan etnik azərbaycanlıların döyülüb-öldürülməsinə qarşı çıxır! Azərbaycan elan edir ki, hətta cinayətkar da olsa – halbuki “şübhəlidir” – bir dövlət öz vətəndaşına və miqranta qarşı bu cür əməliyyat keçirib, onu evində döyə-döyə öldürə bilməz!
Doğru demirmi? Ədalətli yanaşma deyilmi? Bütün beynəlxalq normalara uyğun davranmırmı?
Amma Rusiya “Sputnik Azərbaycan”ın ofisində axtarışa, əməliyyata, saxlanılmalara qarşı çıxır və buna görə bəyanat verir. Bu, əlbəttə ki, daxili işə qarışmaqdır!
Azərbaycanın və Rusiyanın əməliyyatları və notaları arasında bu qədər fərq var!
Təbii, əks-reaksiyalarımızda “vizual mesajlar”, təbliğatda “göndərmələr” də gözə çarpır, amma...
“Amma” isə ondan ibarətdir ki, informasiya təqdimatında və təbliğatda, xüsusilə indiki həssas məqamda, sui-istifadə və bəhanələr əks-effekt verə bilər və verir də: münasibətlərin gərginləşməsinin səbəbkarı Azərbaycan və azərbaycanlılar olmadığı kimi, bəhanə axtaran da biz olmamalıyıq – bu qədər faktın-sübutun içində bəhanə gəzməyə zatən lüzum da yox!
Əvəzində isə Sankt-Peterburqda 13 yaşlı azərbaycanlının 16 yaşlı rusla “münasibətləri aydınlaşdırmağa” getməsinə “istinad edirik”. Videodan da görünür ki, 13 yaşlı azərbaycanlı rus yeniyetmənin üstünə iki dostu ilə gedib və 3-ü birgə o rusu yaxşıca əzişdiriblər. Bu videonu və informasiyanı Azərbaycan mediasının Rusiyanın növbəti təxribatı, rəzaləti, azərbaycanlılara qarşı ədalətsizliyi kimi yayması doğrudurmu?
Əvvəla, azərbaycanlı psixologiyasında “döyüşə” tək gələnin üstünə kollektiv hücum yoxdur. O rus yeniyetmənin “söhbət”ə tək gəlməsini qiymətləndirmək əvəzinə onun üstünə tökülüb, döyüb, xəstəxanalıq etmək nə insanlığa, nə mərdliyə, nə də ədalətə sığır.
İkincisi, bir miqrant uşağı bunu yerli sakinə qarşı edirsə, bu məqamda vəziyyət daha da gərginləşir.
O azərbaycanlı uşaq və ailəsi Sankt-Peterburqda zorakılıqla üzləşməyib, döyülməyib, ədalətsizliyə uğramayıb, sadəcə, etdiyi əmələ görə ailəsi ilə birgə deport edilib. Əcəb edib qovublar, doğru davranıblar – 13 yaşlı uşağı oxutmaq, ona doğru-düzgün təhsil-tərbiyə vermək lazımdır, “qanuni oğru” kimi böyütmək yox! Məşhur filmdə deyildiyi kimi, “o uşağın böyüyüb nə olacağını düşünəndə adamın tükləri biz-biz olur”!
Bu olayı Yekaterinburq zorakılığının “üstünə” gəlib, “Rusiyanın rəzaləti” kimi təqdim etməklə biz OMON-un adamları döyüb-öldürməsinin yaratdığı mənzərəni dumanladıb, qarşı tərəfə haqq qazanması fürsəti veririk...
İnanmırsınızsa, bu videoya bir də baxın, özünüz qiymət verin:
Elnur,
BakuPost