İtkin düşmüş hesab olunan şəhidin qardaşı valideynlərinin onun dəfninə qədər yaşaya bilmədiklərini deyib.
Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu iyulun 4-də şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin qardaşı Səməd Musayev söyləyib.
S.Musayev qardaşının qalıqlarının tapılaraq dəfn olunmasını özləri üçün təskinlik kimi qiymətləndirib:
"Mehman Qarabağda döyüşlər başlayan gündən yerli özünümüdafiə batalyonuna yazıldı. O, həmişə qələbənin bizim olacağını, düşmənin layiqli cavabını alacağını deyirdi. Ancaq qardaşım qələbə gününü görməsə də, canını vətən uğrunda fəda etdi.
Uzun illər qardaşımızın yolunu gözlədik, ondan bir xəbər almaq ümidi ilə yaşadıq. Valideynlərim Mehmanın qalıqlarının tapılması xəbərini eşitsələr də, onun dəfn olunduğunu görmədən dünyadan köçdülər. Qarışıq hisslər yaşayırıq. Onun artıq məzarının olması bizim üçün təskinlikdir".