Ru
10:33 / 07 Mart 2022

Sığınmaq problemi - Ümid, son şans yerləri kimlərinsə qazanc mənbəyinə çevrilib - Araşdırma

24152
Sovet dövründə dövlət vəsaiti hesabına tikilən bütün yaşayış və çoxmərtəbəli binaların zirzəmiləri yalnız əhalinin sığınacaq məqsədləri üçün nəzərdə tutulurdu. Sovet hakimiyyətinin süqutundan sonra, əfsuslar olsun ki, paytaxtdakı yararlı, quru və şəraiti olan belə sığınacaqlar özəlləşdirildi və hazırda onlar obyekt kimi ayrı-ayrı insanlara, özəl şirkətlərə məxsusdur. Vaxtı ilə sığınacaq kimi nəzərdə tutulan zirzəmilər ilkin təyinatını itirmiş oldu.


Bakı, eləcə də respublikanın digər iri şəhərlərində inşa edilən yaşayış binalarında və fərdi evlərdə zirzəmilərin sığınacaq kimi yox, başqa məqsədlər üçün(pullu dayanacaq, müxtəlif istiqamətli iaşə müəssisələri, gecə klubları) kimi istifadə edilir. Ekstremal hadisələr vaxtı əhalinin sığınacaqlarla təmin olunması xüsusən respublikamızın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi iri şəhərlərində daha çox vacibdir.


Ancaq belə bir hadisə baş versə, bu, mümkün olacaqmı?


İndi sığınacaqların olmaması problemi daha çox aktuallaşıb. Dünya ölkələrində baş verən müharibələr və fövqəladə hadisələr zamanı müşahidə edirik ki, vətəndaşları binaların zirzəmisindəki sığınacaqlara yerləşdirirlər. Həmin yerlər təhlükəsiz hesab olunur.


Bəs bizdə vəziyyət necədir? Binaların zirzəmisi sığınacaq üçün uyğundurmu? Ümumiyyətlə, binaların zirzəmisi hansı məqsədlə istifadə olunur?



Məsələ ilə bağlı millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov açıqlama verib.


Onun sözlərinə görə heç kim heç nədən sığortalanmayıb, ona görə də qabaqcadan gözlənilməz hadisələrə hazır olmaq lazımdır:





“Sovet dövründə Mülki müdafiə məsələsi mövcud idi və Mülki müdafiə qərargahları sığınacaqlarla bağlı məsələyə həmişə çox ciddi nəzarət edirdilər. Bu sığınacaqlar müvafiq ləvazimatlarla təmin olunmuş halda nəzarətdə saxlanılırdı. Burada su, istilik, əlehqazlar, müxtəlif kimyəvi silahlara qarşı geyimlər, tibb ləvazimatlar nəzərdə tutulurdu. Bu məsələlər bir qədər unudulub”.


Millət vəkilinin sığınacaqların hazırkı vəziyyətinə də diqqət çəkib:


“Son 20-25 il ərzində Bakıda və başqa böyük şəhərlərimizdə tikilən binaların demək olar ki, hamısının böyük zirzəmiləri var. Lakin bir qisim binalarda zirzəmilər qarajlar kimi, bir qisim binalarda isə digər işlər üçün istifadə olunur. Amma həmin zirzəmilərin sığınacaq kimi təminat məsələləri isə arxa plana keçib. Bunlar ən çox diqqətdə saxlanılası məsələlərdir. Çünki dünya indi elə bir vəziyyətdədir ki, Rusiya-Ukrayna müharibəsində Rusiya təkcə Ukraynanı yox, dünyanı da nüvə silahı ilə hədələyir. Belə olan təqdirdə dünya ölkələri bunu nəzərə almalıdır. Bizə qarşı nəsə olmasa da, regionda hər hansısa bir hadisənin olması qarşısında hazırlıqlı olmaq vacibdir. Ermənistan ərazisində bir AES var. Uzun illərdir Azərbaycan, Türkiyə və digər qonşu dövlətlər həyəcan təbili çalırlar ki, bu AES qəza vəziyyətindədir. Hər an fəlakət ola bilər. Təbii ki, orada fəlakət olsa bizə də ziyanı dəyər. Bunun da radioaktiv xarakterli təsirlərindən qorunmaq üçün yenə sığınacaqlar lazımdır. Ona görə də düşünürəm ki, sığınacaqların təminat, təchizat məsələrəi mütləq gözdən keçirilməlidir”.


Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məsələni belə şərh edib.

Onun sözlərinə görə böyük şəhərlərdə binaların zirzəmilərində mülki müdafiə məsələlərinə ciddi yer ayrılmalıdır:




"Zirzəmisi yarıya qədər su içində, anti-sanitar vəziyyətdə, qapısı olmayan, içərisində insanların yarım saat belə qalması üçün şərait olmayan binalardan sığınacaq kimi istifadə olunması mümkün deyil".


O, sığınacaqların önəmini və təxliyə planlarının təşkilinin zəruriliyini vurğulayıb:

"Müharibədə təbii və ekoloji fəlakətlərdən, yanğın hadisələri zamanı yaranmış yüksək temperaturdan, kütləvi qırğın silahlarından, ümumiyyətlə, fövqəladə hadisələr zamanı qorunmaq üçün sığınacaqlardan istifadə olunur. Bunlar binalar, yaxınlıqda olan məktəb, bağça, universitet, xəstəxanaların zirzəmiləri, metro stansiya keçidləridir.





Ekspert binalardan əhalinin təxliyə məsələsinə də aydınlıq gətirib:


“Hər bir binanın təxliyə planı olmalıdır. Bu təxliyə planlarında təxliyə yolları, hərəkətlərin ardıcıllığı yer almalı, həmin lövhələr də hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə asılmalıdır. Bütün regionlar üzrə təhlükə potensialını nəzərə alaraq həmin rayonların spesifik təhlükə risklərinə görə tədbirlər planı da olmalıdır. Məsələn, Xəzər dənizi sahilindəki ərazilərdə su basması, dağlıq yerlərdə torpaq sürüşməsi, qar uçqunu və s. təhlükələr yaşana bilər. Bunun üçün mülki müdafiə planı işlənib, hazırlanmalıdır. İnsanlar bilməlidir ki, həmin vəziyyətdə hansı qaydalara riayət etməlidirlər, təhlükəsiz toplanış məntəqələrinə necə gəlməlidirlər, özləri ilə nə götürməlidirlər, çantalarında nələr olmalıdır və s. Ümumiyyətlə, bu cür evlərdə insanların mülki müdafiəyə dair ilkin bilikləri olmalıdır. Əşyalar bir çantaya yığılıb hazır qoyulmalıdır ki, fövqəladə hal baş verərsə, cəld onu götürüb ərazini tərk edə bilsinlər. Mülki müdafiə planlarında həyət evlərində yaşayanlar üçün ev heyvanlarına qədər heç nə unudulmamalıdır".




Ekspert sığınacaq kimi istifadə olunan zirzəmilərlə bağlı problemləri qeyd edib:


"Sovetlər vaxtı binalar tikilərkən zirzəmilərini mülki müdafiə sığınacaqları kimi nəzərdə tutulurdu. İndi isə çox vaxt binanın zirzəmisi satılır, hansısa şirkətə, xidmət sahəsinə aid edilir. Sakinlər orada heç maşınlarını saxlaya bilmirlər, qaldı ki yerləşsinlər. Böyük şəhərlərdə binaların zirzəmilərində mülki müdafiə məsələlərinə ciddi yer ayrılmalıdır. Xarici praktikada, Avropa ölkələrində buna çox ciddi yanaşılır. Sığınacağı olmayan evlərin sığortalanmaması belə nəzərdə tutulur. Əgər tikilinin sığınacağı yoxdursa, bina qeydiyyata alınmır və tikinti normalarına uyğun hesab edilmir. Yaxşı olar ki, bundan sonra tikilən binalarda bu amillər nəzərə alınsın. Hazırda mövcud olan binların yaxınlığında sığınacaq üçün yer ayrılsın və yeri barədə insanlar məlumatlandırılsın”.


Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov isə məsələni belə şərh edib:




“Hazırda Azərbaycanda bütün zirzəmilər ticarət obyekti, ofis və gecə klubu kimi fəaliyyət göstərir. Əgər sabah müharibə şəraiti və yaxud hər hansı bir fövqəladə hadisə olarsa, insanlar hara sığınacaqlar?.

Əvvəllər Mülkü Müdafiə Qoşunlarının ən vacib vəzifələrindən biri regionlarda olan zirzəmiləri ciddi nəzarətdə saxlamaq, hər ay zirzəmilərdəki vəziyyətlə tanış olmaq və çatışmazlıqlar barədə aktlar tərtib edib müvafiq rayon icra hakimiyyətlərinə təqdim etmək idi.

Fövqəladə Hallar Nazirliyində fövqəladə hal olduğu halda nə etmələri barədə, əhalinin təxliyəsi, zirzəmilərə, sığınacaqlara yerləşdirilməsi barədə təlimatlar varmı? Əgər varsa, o halda niyə o təlimatlar əhaliyə çatdırılmır?”

Ölkəmizdə anbarlarda əhalinin sayına uyğun qaz əleyhinə avadanlıqlar varmı? Orta və ali məktəblərdə tədris proqramlarına bu kimi fövqəladə hallar üçün dərslər nəzərdə tutulubmu? Əhali öz yaşadığı əraziyə uyğun sığınacaqların yeri barədə məlumatlıdırmı? Əlbəttə yox.


Bütün suallar cavabsız qalır. Sığınacaqlarda hər bir şərait olmalıdır: istilik, havalandırma sistemi, hermetik qapılar və bir sözlə, uzunmüddətli yaşayış üçün hər şey.


Həmçinin, rayon icra hakimiyyətlərində mülki müdafiə məsələləri üzrə ştatlar mövcuddur, lakin onlar öz vəzifələrinin icrasından başqa, nə işlə desən, məşğuldurlar”.


Hərbi ekspert metroların vəziyyətinə də diqqət çəkib: “Deyirlər ki, metrolarımız, yeraltı dayanacaqlarımız var. Amma bunlar da mübahisəlidir. Çünki xarici dövlətlərdə binaların lahiyəsi tərtib edildikdə yeraltı dayanacaqların altında zirzəmilər hermetik qapılarla, uşaq otağından tutmuş tualet, həmçinin hər bir avadanlıqla təmin olunur. Bunlar bizdə varmı? Sadaladıqlarım, əhaliyə təlimat üçün çatdırılıbmı? Bu sahəyə cavabdeh şəxslər, bəlkə də bunları kağız üzərində aparırlar. Çox təəssüflər olsun ki, hələ də bu sahənin məsuliyyətini başa düşmürük. Bu gün Ukraynada olan hadisələr göstərir ki, biz bu məsələdə çox məsuliyyətli olmalı və xalqımızın təhlükəsizliyini hər zaman düşünməliyik”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.





Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər