Ağdaşda 28 yaşlı Söygülü Yusibovanın itkin düşməsindən 5 aydan çox vaxt keçib. Fevralın 6-da evdən çıxan qadından indiyədək xəbər yoxdur.
“Bakupost”un məlumatına görə, anası Zemfira Kərimova qızının tapılması üçün aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edib.
Ana bildirib ki, qızı qayınatası Qədim Yusibovun evindən yoxa çıxıb:
“O gündən bəri qızım barədə heç bir məlumat yoxdur. Polis axtarışların davam etdiyini desə də, hələ də nəticə əldə edilməyib.
Qızım itkin düşəndən sonra həyat yoldaşı Ruslan Yusibov boşanma üçün müraciət edib. Qızım ortada olmadığı halda hər ay məhkəmədən çağırış gəlir. İtkin düşmüş bir insanın tapılması əvəzinə, məhkəməyə gəlməyim tələb olunur.
Baldızı Yusubova Nuranə Qədim qızı qızım itkin düşdükdən sonra onu evin qeydiyyatından çıxarmaq üçün müraciət edib. Yoldaşı və ailə üzvləri onu axtarmaq əvəzinə başqa işlərlə məşğuldurlar”.
Z.Kərimova qeyd edib ki, polis əməkdaşları qızının evdən çıxmasına dair hansısa görüntünün olmadığını bildiriblər. O həmçinin qızının ailə daxilində təzyiqlərlə üzləşdiyini də iddia edib:
“Qızımın şəxsi telefonu və nömrəsi olmayıb. Qayınatası icazə verməyib. Qızımı dustaq kimi saxlayıblar. Qapıdan çölə çıxmağa icazə verməyiblər. Hətta məni də evlərinə saatla qəbul edirdilər”.
Ananın sözlərinə görə, qızı iki il əvvəl xəstəxanaya yerləşdirilib:
“İki il əvvəl qızım sirkə içmişdi. Ya da içirtmişdilər. Xəstəxana qeydiyyatına adi bir zəhərlənmə kimi daxil olub. Mən qızımın xəstəxanada olduğunu ailəsindən deyil, başqalarından eşidib getmişdim.
Dəfələrlə boşanmaq istəsə də, ailəsi “iki uşağın var” deyərək onu fikrindən daşındırıb. Bu evdə əsas sözü qayınatası və baldızı deyirdi. Yoldaşının adı olub, özü yox.
Dərdim böyükdür. Xahiş edirəm mənə dəstək olun, səsimi hamıya duyurun, balam tapılsın. Heç nə istəmirəm, bircə balama qovuşardım. Gözlərim qapıda qalıb, bəlkə balamdan xəbər gələr. Bu çarəsiz anaya dəstək olaq”.
Qeyd edək ki, Söygülü Yusibova 2015-ci ildən Ağdaş rayon sakini Ruslan Yusibovla ailəlidir və onların bu evlilikdən iki qız övladı var. Hazırda Söygülü Yusibovanın axtarışları davam etdirilir.
Lalə Novruz,
BakuPost