Ru
13:01 / 29 Yanvar 2024

Stalindən sonrakı SSRİ: məmurlar niyə "aylıq paket"dən məhrum edilir?

7567
Əvvəli burada:

Malenkovun səhvi

1953-cü ilin avqustunda Malenkov özünü hələ də ölkədə tam hüquqlu hökmdar kimi hiss edirdi. O, SSRİ Ali Sovetinin sessiyasında proqram xarakterli nitqlə çıxış edərək kənd təsərrüfatında islahatların aparılmasına, yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsinə çağırdı. Amma əsas o idi ki, Malenkov hökumətin liderlik rolunu müdafiə edir, partiya məmurlarının isə metodik olaraq imtiyazlarını əlindən alırdı. Hələ 1953-cü ilin mayında Malenkov "zərf" adlanan ödənişləri (ailə üzvlərinin sayından asılı olaraq ödənilən əlavə vəsait) ləğv edərək taktiki səhv etdi. Bu ödəniş bütün partiya üzvlərinə - Siyasi Büro üzvlərindən tutmuş raykom katiblərinə qədər hamıya verilirdi. Malenkovun qərarındna sonra onların gəliri təxminən iki dəfə azaldı.




Xruşşov Beriyanın ardınca digər rəqibini zərərsizləşdirir

Xruşşov bundan istifadə etdi və narazı partiya elitasını öz tərəfinə çəkdi. Nəticədə, Mərkəzi Komitənin payız Plenumunun sonuncu günü, 1953-cü il sentyabrın 7-də, sözün əsl mənasında, iclasın son dəqiqələrində və Xruşşov demək olar ki, müzakirəsiz yekdilliklə partiyanın birinci katibi seçildi. Bu, mahiyyət etibarı ilə Stalinin ölümündən bir qədər əvvəl ləğv edilmiş baş katib postunun dirçəldilməsi demək idi.

Bir müddət ölkədə yenidən ikili hakimiyyət bərqərar oldu. Lakin Xruşşov yavaş-yavaş Malenkovu arxa plana keçirdi və onun hökumətini bürokratiyaya, astagəllik və populizmə görə daim tənqid etdi. Xruşşov bu ritorikanı təbliğ edirdi - partiya lideri bütün ölkənin lideri olmalıdır.

1955-ci ilin fevralında o, Mərkəzi Komitənin Plenumunu ağır sənayenin inkişafını dəstəkləməyə və buna görə də Malenkovun islahatlarından imtina etməyə inandıra bildi. Bu, Malenkovun hökumət başçısı vəzifəsindən istefa verməsinin formal səbəbi oldu. Onun vəzifəsi bir pillə aşağı salınd- Malnekov Nazirlər Soveti sədrinin müavinlərindən biri və elektrik stansiyaları naziri təyin edildi. Boş qalan Nazirlər Sovetinin sədri vəzifəsinə Bulqanini oturtdular.

Xruşşovun tarixi məruzəsi
1956-cı ilin fevralında Xruşşov partiyanın 20-ci qurultayında öz rəhbərliyini möhkəmləndirdi. Əvvəlcə o, Partiya Mərkəzi Komitəsinin və Katibliyin tərkibini yenilədi, daha sonra Stalinin şəxsiyyətinə pərəstiş və kütləvi repressiyaları haqqında tarixi məruzə ilə çıxış etdi.

“Xruşşov tribunada idi. Nə qədər narahat olduğu açıq-aydın görünürdü. Əvvəlcə öskürdü, çox arxayın danışmadı, sonra özünü itirdi. O, tez-tez mətndən uzaqlaşır, improvizasiyalar isə hesabatın özündəki qiymətləndirmələrdən daha kəskin və qəti idi... Salonda ölümcül sükut hökm sürürdü. Stulların cırıltısı, öskürək, pıçıltı yox idi”, - 20-ci Qurultayda iştirak edən Mərkəzi Komitənin işçisi Aleksandr Yakovlev sonralar xatırlayırdı.



Brejnev həyəcandan huşunu itirdi

Malenkov, keçmiş xarici işlər naziri Vyaçeslav Molotov, Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvü Lazar Kaqanoviç və digər “köhnə stalinçilər” hesabatı özlərinə şəxsi təhlükə kimi qəbul etdilər. Buna görə də 1957-ci ilin iyununda onlar hakimiyyəti Xruşşovun əlindən almaq üçün son cəhd etdilər. Sov.İKP MK Rəyasət Heyətinin iclasında Xruşşovun birinci katib vəzifəsindən uzaqlaşdırılması və kənd təsərrüfatı naziri postuna “sürgün” edilməsinə səs verdilər. Müzakirə o qədər qızışmışdı ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov Siyasi Bürodakı bütün fəaliyyəti dövründə heç vaxt belə bir hal baş vermədiyindən şikayətləndi. Mərkəzi Komitənin katiblərindən biri və Xruşşovun ən yaxın silahdaşı Leonid Brejnev isə həyəcandan huşunu itirdi və iclas zalından çıxarıldı.

Ancaq Xruşşovu yenə də o vaxta qədər müdafiə naziri olmuş Jukov xilas etdi. O, bildirdi ki, “ordu bu qərara (Xruşşovu vəzifədən çıxarmaq) qarşıdır və mənim əmrim olmadan heç bir tank yerindən tərpənməyəcək”. "Antipartiya qrupunun" məğlubiyyətindən sonra Xruşşov sui-qəsdçiləri həbs etmədi. Molotov Monqolustana səfir göndərildi, Malenkov Qazaxıstanda elektrik stansiyasının direktoru oldu, Kaqanoviç Sverdlovsk vilayətində zavodun rəhbəri təyin edildi. Onları Mərkəzi Komitədən, sonra isə partiyadan xaric etdilər. Tarixçilərin yazdığına görə, çevriliş planı uğursuzluğa düçar olduqdan sonra Kaqanoviç Xruşşova zəng edir: “Nikita, bizim taleyimiz necə olacaq?” Xruşşov cavab verir: “Hakimiyyəti götürsəydiniz, siz nə edərdiniz? Məni həbsxanada çürüdər, güllələyərdiz?! Ancaq mən sizə deyirəm: hamınız gedin...”

Dörd ay sonra, 1957-ci ilin oktyabrında Xruşşov ona dəstək verən marşal Jukovu vəzifəsindən azad etdi. Bundan sonra orduda islahatlara başladı, ilk növbədə onun maliyyəsini və sayını azaltdı.




Xruşşov SSRİ-nin mütləq hökmdarı olur

Malenkov və onun tərəfdaşlarının məğlubiyyətindən sonra Xruşşov SSRİ-nin mütləq hökmdarı oldu. Onun bu mövqeyi rəsmi olaraq 1958-ci ilin martında, Voroşilovun təklifi ilə Xruşşov Bulqaninin yerinə Nazirlər Sovetinin sədri təyin edildikdə möhkəmləndi. Əvvəlcə keçmiş hökumət başçısı üçüncü dəfə SSRİ Dövlət Bankının idarə heyətinin sədri vəzifəsinə oturduldi. 1958-ci ilin avqustunda isə Bulqanin faktiki olaraq Stavropola İqtisadi Şuranın sədri vəzifəsinə sürgünə göndərildi.

Beləliklə, beş il ərzində Xruşşov Stalinin üsulu ilə ölkədə hakimiyyəti ələ keçirdi. O, Sov.İKP MK-nın baş katibi vəzifəsindən əlavə, SSRİ Nazirlər Sovetinin rəhbəri vəzifəsini də ələ keçirdi.

Zahid
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər