Hələbin müəyyən ərazilərində məhdud təhlükəsizlik əməliyyatı hərbi kampaniya deyil və etnik, yaxud da dini azlıqlara qarşı yönəlməyib.
Bakupost.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata görə, Suriya hökuməti Hələbin müəyyən ərazilərində qanun və qaydanı təmin etmək üçün məhdud əməliyyat keçirib. Bu tədbirlər kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası ilə əldə edilmiş razılaşmaların dəfələrlə pozulmasından sonra ictimai asayişi bərpa etmək və mülki əhalini qorumaq üçün görülüb.
Xatırladaq ki, 9 yanvar gecəsi Suriya keçid hökumətinin Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib. Razılaşmaya əsasən, kürd qüvvələri yalnız şəxsi yüngül silahlarını götürərək Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarını tərk etməli idilər. Suriya ordusu da öz növbəsində onların təhlükəsiz şəkildə geri çəkiləcəyinə zəmanət verib. Lakin bəzi SDQ döyüşçüləri mövqelərini təslim etməkdən imtina edib və atəşkəsi pozaraq hökumət qüvvələrinə atəş açıblar.
Bununla yanaşı, SDQ və PKK-nın yerli qolu olan YPG tərəfdarları Haseke şəhərindəki ABŞ ordusunun bazasına hücum ediblər.