Ru
19:07 / 02 İyul 2025

Tağı İbrahimov partlayışda ölənlərin ailələrinə 30 min təklif etdi

Tağı İbrahimov partlayışda ölənlərin ailələrinə 30 min təklif etdi
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Vidadi Həsənov deyib ki, partlayış olan sexdə dülgər işləyib:

"Hadisə nəticəsində xəsarət almışam. Hazırda təqsirləndirilən şəxslərlə barışmışam, hər hansı bir şikayət və tələbim yoxdur. Mənə müalicə üçün kömək lazımdır. Mən Rusiyada müalicə olunmuşam. Cəmi iki min manat pul verilmişdi, bu da xaricdə müalicə üçün kifayət deyil. Müalicəyə xərclədiyim pulu istəyirəm".

Prosesdə bildirilib ki, zərərçəkənlərin bəziləri ilə razılıq əldə olunub.

Təqsirləndirilən Tağı İbrahimovun vəkili deyib ki, partlayışda dünyasını dəyişən şəxslərin hər birinin ailəsinə 30 min manat veriləcək:

"Həlak olanların yaxınları məhkəmədən sonra müraciət edib həmin məbləği ala bilərlər".

Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurublar. Həmçinin Tağı İbrahimov külli miqdarda vergi ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayev isə həmin məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar