Ru
13:24 / 07 Dekabr 2022

Tarixi yaddaş və milli təfəkkür: Sabir Rüstəmxanlı yaradıcılığı - Eynulla Mədətlinin yazısı

11936
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir


Hələ tələbəlik illərindən, yəni 1960-cı illərin sonlarından "Ədəbiyyat və incəsənət" qəzetində, sonra "Yazıçı" nəşriyyatında çalışmağa başlayan, özünəməxsus xarakterik şeirləri ilə böyük ədəbiyyata gələn Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı vətənçilik, müstəqillik, bütövlük duyğuları aşılayan əsərləri ilə tez bir zamanda geniş tanınıb. Xalqımızın tarixi yaddaşını silkələyib oyadan, milli kimlik barədə düşünməyə vadar edən kitabları ilə S.Rüstəmxanlı Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin, həmçinin ümumən əhatəli oxucu dairəsinin diqqət mərkəzində dayanıb.


1960-cı illərdə yazdığı "Vətən" şeiri, fikrimizcə, Sabir Rüstəmxanlının bütün sonrakı ədəbi yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin, bir yaradıcı şəxsiyyət kimi vətəndaşlıq mövqeyinin çıxış "kodları" oldu. Sanki onun bütün mübariz ruhlu poeziyası, tarixi və ictimai-siyasi məzmunlu nəsr əsərləri bu şeirdən doğuldu, ilk qığılçımını bu oddan aldı, elə indi də almaqdadır.



...Şimşəklər çinartək sancılıb yerə

Düşmənin gözünə dirsəkdi hər dağ.

Babalar atını sürüb gedibdi,

Qayalar boylanıb qalıbdır ancaq.

Oğlu Şah İsmayıl Xətai adlı,

Ağ atlı oğlan var, atı qanadlı,

Bir də Suraxanı atəşgahı var,

Bir də Misri qılınc, bir də Çənlibel;

Bir də

"Heydərbaba" yazılmış bir dil.

Torpağı ot deyil, kişi göyərdən

Vətən... Vətən...



Əlbəttə, Vətən mövzusu elə əbədi mövzulardandır ki, ölkəmizdə ona müraciət etməyən bir yaradıcı şəxs, xüsusən də, şair tapmaq olmaz. Azərbaycan ədəbiyyatında böyük Məhəmməd Füzulidən üzü bəri bir-birindən gözəl və məzmunlu vətən şeirləri çox olmuşdur və indi də belə şeirlər yaranmaqdadır, gələcəkdə də çox yazılacağı labüddür. Lakin Sabir Rüstəmxanlının "Vətən"i fərqlidir, çünki bu, şeirdən daha çox, xoş ahəng və təbii qafiyəyə düzülüb cilalanmış tarixi yaddaş manifestidir, milli təfəkkür çeşməsidir, həmvətənlərimizin genetik yaddaşını təbil kimi döyəcələyib oyanışa çağıran işarətdir. Bundan sonra şairin, dövrün ciddi məhdudiyyətlərinə baxmayaraq, müxtəlif ədəbi üsullardan istifadə etməklə Vətənin tarixi taleyinə dair bir-birindən daha dərin məzmunlu və daha mübariz şeirləri yarandı. 1970-ci illərdə şairin qələmə aldığı "Barışıq" şeiri sözün əsl mənasında işğal və istismara, bir xalqın tarixinin, varlığının unutdurulması, onun digər xalqın içərisində əridilib yox edilməsi siyasətinə qarşı barışmazlığa səsləyiş idi, özünüdərkə və özünütəsdiqə cəsarətli çağırış idi.



Sabir Rüstəmxanlının milli ruh və yüksək vətəndaşlıq mövqeyi onun hələ 1970-ci illərdə, kommunist rejiminin həm ölkədə, həm də beynəlxalq aləmdə ən güclü olduğu bir zamanda yazdığı "Müstəqillik" şeirində aşkar və yığcam bir şəkildə ifadə olunurdu:



Müstəqillik ilk inamım, ilk həsrətim,

Müstəqillik xalqın məslək bayrağıdır.

Müstəqillik hər ölkənin, məmləkətin,

Zülm, əsarət orbitindən çıxmağıdır.



Həmin illərdə şairin "Bütövlük" poeması Azərbaycan xalqının acı tarixi taleyindən bəhs etməklə tarixi yaddaşı silkələyən, bir zamanlar bütöv olub sonra bölünməyə məruz qalmış xalqın ictimai şüurunda və təfəkküründə bütövlük hissinin yenidən baş qaldırmasına təkan verən çağırış kimi qarşılandı.

Həmin illərdə Naxçıvanda tələbəlik illərimizin sevib-seçilən gənc şairlərindən biri olan Sabir Rüstəmxanlının "Sağ ol ana dilim", "Qan yaddaşı", "Gəncə qapısı" adlı şeir kitabları əl-əl gəzirdi və biz gəncləri də ("sovet gəncləri" olmağımıza baxmayaraq) öz soykökümüz, tariximiz, dilimiz və mədəniyyətimiz barəsində düşünməyə sövq edirdi. 1980-ci illərdə Sabir Rüstəmxanlı, artıq, xalqımızın böyük milli ədəbiyyat simaları ilə bir sırada dururdu.

1986-cı ildə nəşr edilmiş "Qan yaddaşı" kitabındakı bir şeirində "Tarix adlı bir güzgüdə, Mən özümü axtarıram" - deyən şair bütün xalqımızı axtarışa dəvət edirdi, özünü tanımağa, kimliyini dərk etməyə, haradan gəldiyini bilməyə, şanlı tarixi ilə fəxr etməyə və tarixin acı dərslərini unutmamağa çağırırdı.

1980-ci illərin axırlarında milli-demokratik hərəkatın əsas simalarından biri kimi Sabir Rüstəmxanlı öz kəskin məqalələri və mübariz çıxışları ilə kommunist rejiminin Azərbaycan xalqına zidd siyasətini, sovet rəhbərliyinin ermənilərin əsassız iddialarına dəstək verdiyini ifşa edir, xalqımızın mübarizə ruhunu oyadır, Vətənin bölünməzliyi uğrunda mübarizəyə səsləyirdi. 1988-ci il noyabrın 17-də başlanan və 4 dekabr 1988-ci il tarixinədək fasiləsiz davam edən Meydan hərəkatında isə Sabir Rüstəmxanlı artıq bir lider olaraq vətənçi şeir və poemaları, nəsr əsərləri ilə yanaşı, öz mübariz çıxışları və cəsur şəxsiyyəti ilə xalqın qarşısında idi:



Sağalmaz yara olar boyun əymək düşmənə.

Ömrüm sığışa bilməz parçalanmış Vətənə...

Meydan ana qucağı, bir ürəkdi, bir candı,

Həsrəti qırıb tökmüş bütöv Azərbaycandı.

Yan-yana dayanmışdı Bakı, Təbriz, Ərdəbil,

Araz da xəcalətdən qurtulmuşdu elə bil.



Sabir Rüstəmxanlının çoxsaylı nəşr əsərləri də poeziyası kimi mübariz vətənpərvərlik ruhludur və qaynağını bizim türk xalqının qədim qatlarından götürür. Yaxşı yadımızdadır ki, 1989-cu ildə böyük tirajla çap edilən və əl-əl gəzən "Ömür kitabı" qocaman bir xalqın tale kitabı, oyanış və dirçəliş, azadlığa və müstəqilliyə çağırış kitabı, təcavüzkar ermənilərə, onların havadarlarına, vicdansız ziyalılarına, alimlərinə, ədəbiyyatçılarına tutarlı cavablar kitabı... "Ömür kitabı" ilk növbədə mənsub olduğu xalqa, onun tarixi taleyinə, keçmişinə, indisinə və gələcəyinə dərin məhəbbətdən doğmuşdu.

Sabir Rüstəmxanlı "Xətai yurdu", "Göy tanrı", "Ölüm zirvəsi", "Difai fədailəri", "Sunami", "Şair və şər", "Akademikin son sözü", "Uşaqlığa atılan güllə", "Astar" romanları ilə xalqımızın tarixi yaddaşının oyanmasına, onun öz təbii haqqı uğrunda mübarizəyə köklənməsinə misilsiz xidmətlər göstərdi. Akademik İsa Həbibbəylinin Sabir Rüstəmxanlı şəxsiyyətinə və yaradıcılığına verdiyi qiymət bunu parlaq əks etdirir: "Sabir Rüstəmxanlının nəşr yaradıcılığı millətinin şəninə yazılmış, müstəqil Azərbaycanın taleyindən bəhs edən, əsl bir tarixnamədir. Bu yolun başlanğıcında əfsanəvi Oğuz xan durursa, davamında Şah İsmayıl Xətai, Cavad Xan, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, o cümlədən, Sabir Rüstəmxanlı kimi Azərbaycan oğulları gəlir... Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycanın müstəqilliyinin sənət aktıdır. O, yeni dövrün ən mükəmməl Azərbaycannaməsini yaratmışdır".

Sabir Rüstəmxanlı 1989-1991-ci illərdə "Azərbaycan" qəzetini təsis edərək orada özünün dərin məzmunlu və milli qayəli məqalələri ilə xalqımızın milli oyanışında bənzərsiz rol oynamışdı.

1980-ci illərdə Sabir Rüstəmxanlının "Gəncə qapısı", "Sağ ol, ana dilim", "Qan yaddaşı" şeir kitabları kifayət qədər yayılmış, birbaşa tarixi yaddaşa ünvanlanmış kitablar idi. 1981-də Sabir Rüstəmxanlı yazırdı: "Hərdən öz-özümdən soruşuram: Xətai öz ömrünü kişi kimi yaşayıb getdi. Azərbaycan türkcəsini dövlət dilinə çevirdi. Onun təkbaşına bacardığı işi indi biz hamılıqla görə bilmirik. Bəs neyləyək?" Amma şair nə etməli olduğumuzu da dönə-dönə əsərlərində vurğulayır, hər şeydən öncə özünü, milli kimliyini dərk etməkdən başlamağı təlqin edirdi.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi prosesində fəal ictimai-siyasi mövqe sərgiləyən Sabir Rüstəmxanlı, sonrakı illərdə də, bir millət vəkili və siasətçi kimi müstəqil dövlətçilik quruculuğunda özünəməxsus yer tutub. 1992-ci ilin noyabrında təsis edib hazırkı günümüzədək rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası xətti ilə, ardıcıl olaraq həmsədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresi vasitəsilə genişmiqyaslı siyasi fəaliyyət göstərib.

Qeyd etmək lazımdır ki, Türk-Turan birliyinin nəzəri və əməli təcrübəsi də Sabir Rüstəmxanlının yaradıcılığında elmi-fəlsəfi yöndən ətraflı müəyyən edilir, bunun dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilməsi irəli sürülür. O, təkidlə vurğulayır ki, türkçülük milli eqoizm, yaxud şovinizm deyildir, bu, özünü, milli kimliyini və mənsubiyyətini dərk etməkdir.

Rəhbərlik etdiyi partiyanın ideoloji xəttini müəyyən edəndə də, Sabir Rüstəmxanlı vurğulayır ki, ideologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir. Çünki vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Dünya azərbaycanlılarının fikir və əməl birliyinin təmin edilməsi də Sabir Rüstəmxanlının elmi-praktiki, ədəbi-bədii və ictimai-siyasi fəaliyyətində qabaqcıl yer tutur.

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin hər günündə, hər anında qələmi və sözü ilə elmi-yaradıcı ictimaiyyətimizin ön sıralarında duran Sabir Rüstəmxanlı şanlı qələbəmizə, Qarabağa dönüşümüzə dair ilk irihəcmli poemanın da müəllifi oldu. Yüksək istedad və ilhamla, mübariz vətənpərvərlik hissi ilə yazılmış bu poemanı həyəcansız oxumaq mümkün deyil. Burada məğlubiyyətdən qalibiyyətə gələn uzun, lakin şərəfli Zəfər yolunun fəlsəfəsi açılıb, xalqımızın, igid əsgər və zabitlərimizin, Ali Baş Komandanımızın qalib obrazı yaradılıb:



Bu bizim haqq işimiz, ədalət savaşımız,

İntiqam ala-ala dikələcək başımız,

Vur, əsgərim, vur! - deyə əmr eləyir Komandan,

Qoy bir də yurdumuzda tökülməsin nahaq qan...



Akademik İ.Həbibbəyli haqlı olaraq vurğulayır ki, "Qarabağa dönüş" həm ərazi baxımından, həm də milli-mənəvi cəhətdən doğma Vətənin bütövlüyünə qovuşmasının poemasıdır.

Sabir Rüstəmxanlı Azərbaycan, türk, rus, gürcü, özbək, fars, ingilis, alman dillərində 90-dan çox kitabın, 4 mindən çox məqalənin müəllifi, dünya ədəbiyyatının bir sıra maraqlı əsərlərinin ana dilimizə peşəkar tərcüməçisidir. O, bu gün də bir millət vəkili və yazıçı olaraq bütöv Azərbaycançılığın və turançılığın ən mübariz qələm sahiblərindən biri kimi ön sıradadır.
Şərhlər
  • t.ədalət

    Sovet dövründə "Ədəbiyyat və incəsənət" qəzetinin publisistika şöbəsinə həmişə QRU-nun agentlərindən seçib müdir qoyurdular.Azadlıq hərəkatında həmin adamları xalqın önünə çıxardılar.Uşaqları yatırmaq üçün analar onlara nağıl danışırlar.Hərakat zamanı da bir - çox çıxışlar həmin nağılların yeni formaları idi.Hərəkata toplaşmış adamların coşub-daşan hisslərini "nağıl-çıxışlar"la səngidirdilər.Təəssüf ki xalq hələ də həmin nağılların təəsirindən ayılıb yaxşı və pisin nədən ibarət olduğunu ayırd edə bilmir.Amma zaman-zaman bulanıq axan suların dənizə qovuşub durulduğu kimi, qaranlıqların da aydınlaşacağı mümkün olacaq.Heç kimin kimliyi maska altında qalmayacaq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər