Ru
12:36 / 14 İyun 2022

Tələbələr dövlət imtahanının ləğvini tələb edir - Pandemiya bəhanədir, yoxsa...?

22013
Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanının ləğv edilməsini tələb edirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbənin bu çağırışa qoşulduğu bildirilir. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildiriblər.


Müxtəlif universitetlərdən olan tələbələrin fikirlərini öyrəndik.


Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 4-cü kurs tələbəsi Şirin Salahzadə Bakupost.az -a bildirib ki, distant təhsil keyfiyyətsiz keçirildiyindən nəsə öyrənmək mümkün olmayıb, bu səbəbdən dövlət imtahanının ləğvini istəyir:


“Son iki ildə pandemiya səbəbindən distant təhsilə daha çox üstünlük verildi. Dərslərin səviyyəsi əyanidəki kimi keyfiyyətli olmadı. Dərslər keyfiyyətli, eyni zamanda, əlimizdə materiallar olmadığına, dərslərə çox hakim ola bilmədiyimizə görə dövlət imtahanında bizi hansı nəticələrin gözlədiyini bilmirik. Distant təhsillə əyani təhsil arasında çox böyük fərq var. Distant təhsildə köçürtmə və digər hallar çox olur. Bu kimi hallar yalnız həmin an üçün tələbələrə sərf edir. Əyani təhsildə müəllimlə canlı təmasda olmaq, sual vermək imkanı var. Elə olurdu ki, tənəffüs zamanı da qalıb suallarımızı verirdik. Amma distant təhsildə müəllimə yalnız qısa suallar verə bilirdik. Ona görə də dərsləri tam mənimsəyə bilmirdik”.


Bakı Slavyan Universitetində rus dili müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayşən Əliyeva da dövlət imtahanının ləğv olunması istəyini bu fikirlərlə əsaslandırıb:


“İkinci kursun 2-ci semestrində pandemiya həyatımıza daxil oldu. Həmin vaxt bir-iki universiteti çıxmaq şərtilə heç bir universitet onlayn təhsildən istifadə edə bilmirdi. Ona görə də həmin vaxt keçilən fənlər bizə bağışlanıldı, keçmədiyimiz 6 fənn isə hazırda dövlət imtahanına daxil edilib. Halbuki biz o dərsləri oxumamışıq, heç bir məlumatımız yoxdur. Biz indi o imtahanı necə verək? Hazırda 100 suallıq dövlət imtahanına hazırlaşmalıyıq. 100 sualın içində də 10 fənn var. Həmin 10 fənni demək olar ki, pandemiya ərəfəsində keçmişik. Biz bunlara necə cavab verək? Onlayn təhsili hamı yola verirdi. İkili ekrandan dərs danışanlar, köməkləşib imtahandan keçənlər də olub. Çox nadir tələbələr bəlkə bunu etməyib. Pandemiya başlayanda biz 2-ci kursda idik, həmin vaxt 4-cü kurs tələbələri dövlət imtahanı verə bilərdilər. Çünki onlar 3 il yarım universitetə getmişdilər. Sadəcə praktika dövründə pandemiyaya düşdülər. Amma onlar dövlət imtahanı vermədilər. Niyə? Çünki ölkədə onlayn platforma inkişaf etməmişdi, bilmirdilər ki, tələbələri necə qruplaşdırsınlar, imtahan götürsünlər. Ona görə də həmin il dövlət imtahanını ləğv etdilər”.


O əlavə edib ki, sonrakı ildə Vətən müharibəsi səbəbi ilə bir ay müddətinə ölkə səviyyəsində internet resurslarına girişin dayandırılması təhsilin təşkilini yavaşlatdı:


“Ona görə də həmin il yenidən dövlət imtahanı ləğv olundu. Lakin biz pandemiya səbəbindən iki il yarım distant təhsilə keçdik. Bizdən əvvəlkilərə olunan güzəştlər isə bizə olunmur. Bundan əlavə, biz bu imtahanları onsuz da vermişik. Hazırda kəsirsiz şəkildə dövlət imtahanını gözləyirik. Onu da ləğv etməmələrinin səbəbi puldur. Bizim əvvəlki rektorun dövründə dövlət imtahanından da, diplom işindən də pul tutulurdu. Düzdür, indiki rektorumuz çox yaxşıdır, rüşvəti demək olar ki, aradan qaldırıb. Amma indi bunu ləğv etməməkdə dövlətin nə marağı var? Dünyada öndə gedən universitetlərin heç birində dövlət imtahanı deyilən anlayış yoxdur. Diplom işi var və tələbələr diplom işini təhvil verirlər. İki il əvvəl sadaladığım səbəblərdən yaxşı oxuya bilmədiyim, distant formada keçirilən bir fənnin imtahanına 18 günə necə hazırlaşım? Çox çətindir. Artıq ümidlərimiz qırılıb. Ya Təhsil Nazirliyinin qərarı ilə universitet tərəfindən güzəşt olunsun, ya da məhz keçdiyimiz fənlərdən dövlət imtahanı olsun. Amma nə universitet güzəşt edir, nə də nazirlik. Biz artıq bilirik ki, imtahandan kəsiləcəyik. Bir həftə əvvəl BDU-da imtahan verənlərin 100 nəfərindən 80-i kəsilib”.


Qərbi Kaspi Universitetinin 4-cü kurs tələbəsi Salahova Ulduzxanım isə deyir ki, dövlət imtahanının ləğv olunmaması onun magistratura xəyallarını puç edəcək:


“Magistraturaya hazırlaşanda dövlət imtahanına yaxşı hazırlaşa bilməmişəm. Bundan əlavə, pandemiyada onlayn təhsilin keyfiyyəti həddindən artıq aşağı olub. Həm dərslərin keyfiyyətinin aşağı olması, həm də vaxt azlığına görə dərslər haqqında yüksək biliyimiz, məlumatımız yoxdur. Aidiyyəti qurumlardan xahiş edirik ki, dövlət imtahanı ləğv edilsin. Dövlət imtahanının olması magistraturaya yolumu kəsəcək. Onlayn təhsilin keyfiyyətsiz olmasını təkcə mən yox, bütün tələbələr deyir. Ümumiyyətlə, dərslər haqqında məlumatımız, materialımız yoxdur. Biz dövlət imtahanını necə verəcəyik? Mən dövlət imtahanına görə magistratura şansını itirmək istəmirəm. Biz 4 il ərzində verdiyimiz imtahanlarla dövlət imtahanını vermiş sayılırıq. Axı bir daha tələbələri sıxışdırmağa nə ehtiyac var? Ona görə də xahiş edirəm ki, dövlət imtahanları ləğv olunsun”.


Məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev açıqlama verib.

Millət vəkili tələbələrin istəyini dəstəklədiyini bildirib:





“Ali məktəblər dövlət imtahanını keçirməməklə bağlı qərar qəbul edə bilərlər. İstər indi, istərsə də sovet dövründə dövlət imtahanının keçirilməsi formal xarakter daşıyıb. Bu məsələdə tələbələrin tərəfindəyəm. Əgər tələbə 240 kreditini toplayıbsa, bakalavr pilləsinin diplomu ona verilməlidir. Uzun illər dövlət imtahanlarında çox neqativ hallara rast gəlinib. Dünyanın əksər ölkələrində öz ixtisası üzrə tələbəyə müəyyən iş verilir, 4-5 müəllim onu qiymətləndirir və bununla da bitir. İndiki şəraitdə dövlət imtahanları ləğv olunmalıdır. Tələbələrə əlavə maneə yaratmaq lazım deyil”.


Təhsil eksperti Elçin Süleymanov tələbələrin dövlət imtahanının ləğv edilməsi ilə bağlı tələbini belə şərh edib:




“Bakalavr təhsilində son mərhələ ya dövlət attestasiyası, ya da buraxılış imtahanı ilə bitir. Bu, “Ali təhsil haqqında” qanun, eyni zamanda, bakalavr təhsili ilə əlaqədar nizamnamədə nəzərdə tutulub. Buna görə də universitetin elə bir səlahiyyəti yoxdur ki, tələbələri həmin imtahandan azad etsin. Burada tələbənin seçimi var: ya buraxılış işi, ya da dövlət imtahanı. Bu da 240 krediti tamamlamaları üçün 9 kreditlik imtahandır. Buna Təhsil Nazirliyi pandemiya dövründə güzəşt etmişdi. Amma hazırda nazirliyin də belə bir səlahiyyəti yoxdur, çünki o kredit tamamlanmalıdır. Lakin burada məsələ nədir? Bəzi universitetlərdə buraxılış işi yazmaq, attestasiya imtahanı neqativ hallarla müşahidə olunur. Universitet rəhbərliyi buna yol verməməlidir. Düşünürəm ki, etirazı olan tələbələr dinlənilməlidir”.


Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, universitet tələbələri onlara da bu məsələ ilə bağlı müraciət ediblər:





“Biz hər zaman tələbələrin yanında olmağın tərəfdarıyıq. Onların tələblərinin nə qədər əsaslı, yaxud əsassız olmaları ilə bağlı Təhsil Nazirliyi bir açıqlama verməlidir. Bununla bağlı hər bir universitetin nümayəndələri ilə müzakirələr aparılmalıdır. Bu prosesin özü belə tələbələrin gərginliyini azaldacaq, tələbə-universitet, tələbə-nazirlik qarşıdurmasının qarşısını alacaq. İctimai müzakirədə hər tərəf öz arqumentlərini səsləndirər və biz də məlumatlanmış olarıq. Yəni ictimai müzakirələr olmadan bu məsələləri görməzdən gəlmək də düz deyil. Əks halda mən də düşünə bilərəm ki, burada universitetlərin marağı nədir? Heç kim məni inandıra bilməz ki, sırf tələbələrin peşəkar mütəxəssis kimi yetişməsi üçün o imtahanların verilməsi vacibdir. Əgər problem varsa, reaksiya verilməldir. Əgər tələbələrin tələbi haqlıdırsa, təbii ki, dövlət imtahanı ləğv olunmalıdır. Tələbənin 4 il aldığı təhsilə bir imtahanla necə qiymət vermək olar? Biz hamımız bilirik ki, o imtahanlar necə keçirilir. Hər halda mən tələbələrin yanındayam və onların tələbinin icra olunmasını tələb edirəm”.



Fəridə
Baku Post
Şərhlər
  • Fatimə İsmayılova

    Mən İsmayılova Fatimə. İsmayıllı Dövlət humanitar və texnologiya kollecinin 4cü kurs tələbəsiyəm. Tələbə yoldaşlarım dediklərində sonuna qədər doğrudu. Pamdemiya həyatımız 2ci kursun 2ci yarısında girdi. Və elə həmin smestr distant təhsil anlayışı bizdə olmadığı üçün bütün imtahanlar bağışlandı. 3cü kursun hər iki smestr da distant formada tədris olundu. Bir çox tələbələr İnternet (evlərində wi-fi nin) olmaması səbəbi ilə dərsə qoşula bilmirdilər ki, mən də bu tələbələrdən biri idim. Atam cəmi 300 AZN maaş alır və o ayda 2 dəfə 30 manatlıq internet yükləyirdi telefonuma ki, təki mən dərslərə qoşulum. 3cü kursun 2ci smestr dan dərslər teams proqramı vasitəsilə həyata keçirildi. İyunun 16sı ilk dövlət imtahanımdı. Və distant formada keçdiyimiz fənlərdən dövlət imtahanı verəcəyik. Bu nə dərəcədə düzgündür axı ? Məqsəd nədir yəni ? Biz tələbələrin kəsilməsi ? Onsuzda bilirlər ki, təhsilimiz bərbaddır, pamdemiya girəndən lap da bərbad vəziyyət aldı. Dövlət imtahanı keçirməklə təhsilimizin nə qədər bərbad olduğunu cəmiyyətə göstərmək istəyirlər ? Özlərini, bizi gülünc vəziyyətə salmaq istəməkdən nə əldə edəcəklər axı ?

  • Aytac V

    Dəstək olan hər kəsə təşəkkürlər. Mübarizəmizdə haqqlıyıq. Dövlət imtahanı keçirilməsi, pul tələsindən başqa birşey deyil. Ləğv olunmalıdır.

  • Vüsal Məmmədov

    Bir mənalı olaraq dövlət imtahanı ləğv olunmalıdı bu qədər tələbənin tələbini görməzdən gəlmək olmaz bizə bir cavab burcları var niyə?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər