Ru
15:24 / 28 Oktyabr 2022

Bəzək-düzəkli xanımlar, mürgüləyən kişilər... - 203 min manatlıq qurultaydan REPORTAJ

114753
Nə az, nə çox düz 9 ildir qızğın hazırlıq prosesindən keçən AYB, nəhayət ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayını keçirdi.


Akademik Milli Dram Teatrının binasının önündə tandığımız simalarla yanaşı, tanımadığımız qalstuklu kişilər, bər-bəzəkli xanımlar izdiham yaratmışdı. Öpüşün birinin bir qəpik olduğu məqamda yazıçı Elçin Hüseynbəylini qapıda haqladım. Bərk təntimişdi. Rəsmi qonaqları qarşılayıb yerləşdirmək ona həvalə olunmuşdu. Ayaqüstü iki-üç sual ünvanladım. Sağ olsun, cavab verdi.

- Elçin müəllim, sədrin dəyişilməsi gözlənilirmi?
- Xeyr, sədr dəyişməyəcək. Anar müəllim hələ AYB-yə lazımdır.


Elçin Hüseynbəylinin sonuncu cümləsi mənə zarafat kimi gəldi. Pıqqıldayıb güldüm. Özü də gülümsündü. Görünür, təkcə mənə elə gəlməyib. Elə özünə də dediyi söz zarafat kimi gəlmişdi.



Başıbəlalı 203 min manatdan söhbət açdım. Elə təzəcə ağzın açırdı ki, bizi danlasın, qanının arasına Fərəh Əliyeva girdi. “Sonra, sonra” deyib ildırım sürətilə məndən uzaqlaşıb gözdən itdi.



Qurultayın keçirildiyi zala daxil olanda milli ornamentləri özündə əks etdirən konstyumlu bələdçi önümü kəsib qısa və konkret “bura olmaz !”deyib məni qapıdan qaytardı. Etiraz etdim ki, mən jurnalistəm, səhnəni aydın görməliyəm, səsləri eşitməliyəm ki, tədbiri operativ işıqlandırım. Dedi, “ xanım jurnalistlərin yeri başımızın üstündə, yəni lojadadır”. Əlqərəz, deyinə-deyinə qalxdım lojaya.





Lojadan səhnəni görmək üçün boylanmaq lazım gəlsə də, Azərbaycan yazıçılarının, ziyalılarının 90 faizinin əyləşdiyi zaldakı mənzərə daha aydın görünürdü. Onların ürəklərini əllərində daima açıq şəkildə saxladıqları telefonlardan oxumaq olurdu. Məsələn, Xalq yazıçısı Anarın çıxışını ancaq ön cərgədə oturan rəsmilər diqqətlə dinləsə də, arxa cərgələrdə əyləşən qələmdaşlarından kimisi telefonda foyedə çəkdirdikləri şəkillərə düzəliş edir, kimisi sosial şəbəkədəki statusları “like” edir, kimisi də “Vatsap”da qurdalanırdı. Yalnız çıxış bitəndə başlarını qaldırıb əl çalırdılar. Adama elə gəlirdi ki, gələnlərin çoxu bura elə Anar müəllimə əl çalmaq üçün gəlmişdi.


Yuxarıdan baxanda səhnədəki mənzərə qurultaydan çox vida mərasimini xatırladırdı. Masanın düzlüşü, fondakı qara pərdə, masanın önündəki böyük əklillər. Qəfil başımı çevirəndə gördüm Qafqazın şeyxi Allahşükür Paşazadə də burdadır.
11:00-da Çingiz Abdullayevin iki dilin sintezindən əmələ gələn o möhtəşəm ləhcəsi eşidildi:

- Oturuuz. Başlayuruğ.




Anar, 9 il müddətində dünyasını dəyişən yazıçıların siyahısını oxudu. Siyahı uzandıqca adamın canına qəribə bir üşütmə düşür.




Yanımda əyləşən gənc şair Emin Akiflə (Eminque) bir-birimizə baxırıq. Başımızı bulayırıq. O siyahı əslində daha uzundur. Amma Anar müəllim ölülərin də siyahısına ancaq AYB üzvü olan yazıçıları daxil edib. Məsələn, mən o siyahıda Mövludun, II Mahmudun adını eşitmədim.


Zala qəfil qaranlıq çökdü. Nəhəng qapıların arasından səhnəyə gur işıq süzüldü və Anar AYB-dəki kabinetində gördüyümüz kürsüdə peyda oldu. Xalq yazıçısı AYB-nin dünyasını dəyişən üzvlərini toplayıb iclas keçirir. Deyir: “Yoldaşlar, siz bilirsiniz ki, mən ölə bilmərəm. Mənim buna sadəcə olaraq, ixtiyarım yoxdur. Onu da bilirsiniz ki, bu Birlik mənim sayəmdə yaşayır. Mən ölsəm, AYB məhv olacaq. AYB bizim alınmaz qalamızdır, yoldaşlar. Biz imkan verə bilmərik ki, gənc şairlər, yazıçılar bizim bu qalamızı ələ keçirib talan etsinlər. Odur ki, siz öz canlarınızı mənə verməli və özünüzü bu məbədin var olması üçün fəda etməlisiniz. Kim razıdırsa, bu siyahıya adını yazsın”. Yazıçılar bir-bir “Yaşasın AYB!” deyib siyahıya yazılırlar. Anarın heç vaxt eşitmədiyim qəhqəhəsi zalı silkələyir.


“Xanım ora söykənmək olmaz”. Məni xəyaldan bələdçi xanımın xəbərdarlığı ayırır. Özümdən asılı olmayaraq lojanın məhəccərinə söykənib səhnəyə diqqət kəsilmişəm.


Arada arxa cərgədən atmacalar dəyir qulağıma:
“AYB- də yazıçı qalmayıb ki”
“Maşallah, Anar müəllim hamını yola salıb”
“Ömürlərini Anar müəllimə bağışlayıblar”...


Qurultayın birinci hissəsində çıxış üçün ilk söz yenicə AMEA-ya prezident təyin olunan İsa Həbibəyliyə verildi. İsa müəllim də sağ olsun, 20 dəqiqə AYB və Anar müəllimin çoxşaxəli fəaliyyətindən ürəkdolusu danışaraq bizi 35-40 il əvvələ apardı. Əlbəttə, bizim hər birimizin AYB-nin gəldiyi şərəfli yol haqqında məşhur təranələri yenidən dinləməyə böyük ehtiyacımız var idi. Ərinməyib saydım, alim 20 dəqiqəlik çıxışında düz 16 dəfə Anar müəllimin adını zikr etdi. Hərdən boğazı qovuşan alimin çıxışını isə nəinki zaldakılar, görünür heç Anar müəllim də dinləmirdi. Çünki arada Çingiz Abdullayevi AYB sədrinin qulağına sarı əyilən gördüm. Yəqin məlumat verirdi ki, ”Anar müəllim, sizi deyirlər”. Mənə elə gəldi ki, Anar müəllim cismən bizimlə olsa da, ruhən qurultayda deyildi. O, eynəyinin altından iki-üç saniyəlik baxış atıb, yenə öz dünyasına çəkilirdi.
Qurultayda hesabatlar daha çox “filan kitabı nəşr etdik, filan yazıçıya yubiley keçirdik, filan jurnalı buraxdıq” tipli primitiv, heç kimə o qədər də maraqlı olmayan tərkibdə idi.


Ütülü çıxışlar, məruzəçilərin süni, quru intonasiyası adamları əməlli-başlı tıncıxdırmışdı. Adamlar iki-iki, üç-üç zalı tərk edirdi. Tərk etməyənlər də bu məşəqqətin bir an əvvəl bitməsi üçün dua edirdi.




Nəhayət ki, Xalq şairi Sabir Rüstəmxanlı yuxulayan, tıncıxan zalı silkələyən bir çıxış etdi. Bu çıxış ondan əvvəlki çıxışçılara bir cavab idi əslində. S.Rüstəmxanlının çıxışından alınan yekun nəticə bu idi ki, Xalq şairi, Xalq yazıçısı xalqın dərdi ilə maraqlanmırsa, onun yazıb-yaratmağı Ağalı kəndindəki dayının sözü olmasın, kağız-kuğuz korlamaqdan başqa bir şey deyil.

“Ədəbiyyatın hesabatı əslində, elə cəmiyyətin, xalq mənəviyyatının hesabatıdır və burada yaradıcılıq söhbətləri ilə yanaşı, istər-istəməz, yaradıcılığa qida verən ictimai həyatın başlıca problemləri haqqında danışmağa da zəruri ehtiyac baş qaldırır”.

Sabir bəy danışdıqca Anar müəllimin mürgüsü qaçır, Çingiz Abdullayev yerində qurcalanır, Elçin Hüseynbəli diqqətini mobil telefonundan ayırırdı. Belə başa düşdüm ki, gözlənilməyən çıxış idi. Sabir Rüstəmxanlı “ənənə”dən xeyli kənara çıxmışdı.

Birinci fasilədə adamlar foyeyə hücum etdilər. Dikdabanlı xanımlar hansı yazıçını harda haqlayır hənirləri kəsilənə qədər şəkil çəkdirir, həmkarlarım 20 xəbər blokunu doldurmaq üçün kimi harda tutdu açıqlama alırdı. Mən də Rəşad müəllimə yaxınlaşıram ki, bəlkə bir neçə söz deyə.


- Rəhmətliyin qızı, açıqlama vaxtıdı?- deyib Ramiz Rövşənin qoluna girib kiminləsə şəkil çəkdirməyə aparır.


Nəriman Həsənzadədən qurultayla bağlı təəssüratlarını soruşuram. Xalq şairi yalnız bir cavaba formatlanmış kimi:”Anar AYB-nı elə gözəl idarə edir ki, başqa heç kimə ehtiyac yoxdu. Allah ona ömür versin” deyib səndələyə-səndələyə zala qayıdır. Arxasınca baxıb köks ötürürəm.



Seyran Səxavətə yaxınlaşıram. Xanımların əhatəsində xeyli xoşbəxt görünür.
- Seyran müəllim, təəssüratlarınız necədir? Gözlədiyiniz çıxışlar oldumu?
- Ay gözəl qız, sən Allah bağışla, bu xanım uzaqdan gəlib. Onunla bir balaca söhbətim var. Sonra danışarıq.


Baba Vəziroğluna yaxınlaşıram. Elə istəyirəm ağzımı açıb söz soruşum, bəstəboy bir xanım əlimə telefon tutuşdurur ki, şəkilimizi çəkin. Nəzakət xatirinə xanımla Baba Vəziroğlunun şəkilini çəkirəm. Bir sözlə, qurultayla bağlı yazıçılardan açıqlama almaq çabalarım heç bir nəticə vermir. Fasilə bitir və biz yenidən zala qayıdırıq. İkinci hissənin birinci məruzəçisi Xalq şairi Ramiz Rövşənin 10 dəqiqəlik çıxışında ən yaxşı cümləsi bu oldu ki: “Bir dil bilib alim də olmaq olar, beş dil bilib nadan da olmaq olar”. Mənə elə gəldi, o kürsüdə Ramiz Rövşən özü deyildi. Çıxışında zərrə qədər Ramiz Rövşən ruhu yox idi. Halbuki foyedə jurnalistlərlə söhbət zamanı daha maraqlı, daha səmimi idi. Məsələn, foyedə söhbət zamanı, “İnsana şanı-şöhrəti, var-dövləti, hər şeyi bağışlamaq olar, amma sevgini bağışlamaq olmur” deyən adam tribunaya çıxıb, “Mən Anarın səbrinə heyranam. Anar kimi birləşdirici adam tapmaq çox çətindir” dedi və çıxışına “Toz” şeiri ilə ayaq verib ağır addımlarla kürsüsünə tələsdi. Elə bil bir balaca da tərləmişdi. Halbuki zal isti deyildi. Bu nəyin təri idi basmışdı Xalq şairini?

- İndi isə çıxış üçün söz verilir millət vəkili, filologiya elmlər doktoru, əməkdar elm xadimi Nizami Cəfərova.





Rəşad Məcidin səsi məni xəyalımdan qoparıb yenidən qurultayın ortasına gurultu ilə atır.
Saat 16:00. Adamların üzündən əzab yağır. Qurultayın gənc iştirakçılarının baxışlarından “bitsin artıq” yalvarışları tökülür. Səhnədən Rafel Hüseynovun şaqraq səsi eşidilir: “Anar müəllim Allahın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən dəyərli xəzinədir”.




Mən də düşünürəm ki, Allahın Rafael müəllimə ən böyük hörməti ona verdiyi bu səs tembridir. Anarı tərifləsə də, səsindəki ahəng zalda lay-lay kimi səslənir. Hətta zala göz gəzdirəndə gördüm gənc şair Ulucay Akif əlini qulağının dibinə dirsək verib yatıb.

Rəsmilər, hörmətli adamlar zalı çoxdan tərk edib. Sarı pencəkli dayı, gözlərindən yuxu tökülən əmilər, əllərində telefon tətikdə dayanan, şəkil çəkdirmək üçün gözü məşhur yazıçı axataran, yarım saatdan bir adamlara sürtünə-sürtünə sıralarını tərk edib bayıra çıxmaqdan neylon corabının ilməsi qaçan xanımlar isə yüksək sədaqət nümayiş etdirirlər. Bu adamların ədəbiyyata, yazıçılara olan sevgisi, AYB-ə olan sonsuz sədaqəti haqqında cild-cild kitablar yazmaq olar.

Zal boş görünməsin deyə lojaya dürtüşdürüdükləri jurnalistlərdən boş yerləri doldurmaq üçün aşağıya düşmələri tələb olundu.Tərslik etdim, təntimiş kostyumlu nümayəndənin israrlarına baxmayaraq, yerimdən tərpənmədim və lojada oturacağımı bildirdim. Kişi gördü sərt qayaya rast gəlib əlini üzüb mavi kostyumlu bələdçi xanımı da qoltuğuna vurub lojanın qapısını çırpıb getdi.
Fasilə zamanı foyedə tədbir başlayandan yanımda oturub, sonra məni tək qoyub aşağı düşən Emin Akifi məzəmmət etdim. Məlum oldu ki, Emin siqaret çəkməyə çıxıb, qayıdanda görüb yerində kostyumlu bir gənc əyləşib. Deyiblər ki, Anar müəllimin nəvəsidir, qaldıra bilmərik.

Dostum əsəbi olsa da, məni gülmək tutdu.
- Yaxşı olur. Axı arığın qoruqda nə işi qalıb ki, vurub ayağını sındıralar?

Qurultayın birinci və ikinci hissəsi olduqca süni, quru, maraqsız keçdi. Rəsmilərin qarşısına çıxartdıqları məruzəçilər problemlərə toxunmadı. Elə danışdılar ki, sanki Azərbaycan ədəbiyyatı inkişafın ən pik nöqtəsini yaşayır. Sanki AYB üzvü olan yazıçıların, şairlərin ən mühüm vəzifəsi elə kitab çap etdirməkdən, hansısa yazıçıya yubiley keçirtməkdən ibarətdir. Problemlərdən danışa bilən adamları Balaşın atasını qonaqlardan gizlətdiyi kimi rəsmilərdən gizlətdilər.



Üçüncü hissədə Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz tribunaya qalxdı və öz bölməsinin problemlərini səsləndirdi:


“Azərbaycanın ruhunu, dilini, namusunu, qeyrətini, şərəfini, bəzən də vicdanını ancaq kağızlar üstündə bölmək asandır. Ancaq görürük ki, doğurdan da biz özümüzü bölünmüş kimi aparırıq. Qardaşlar, Vətənin dərdi var, Vətən xəstədir”. Sayman Aruzun çıxışından məlum oldu ki, AYB-yə dövlət büdcəsindən ayrılan pullardan Cənbui Azərbaycan şöbəsinə heç bir köməklik olunmur: "Biz öz vəsaitimiz, zəhmətimiz hesabına müəyyən işlər görürük. Amma 200 illik yaranın dərmanına çatırmı o? Çatmır. Üzümü tuturam səlahiyyətli, aidiyyatı orqanlara. Kömək lazımdır. Cənubi Azərbaycan ədəbiyyatının yardıma ehtiyacı var. Bu gün sərhədimizdən kənarda yaşayan azərbaycanlılardan söhbət gedirsə, mən onların buradakı təmsilçisiyəm və mənim 50 milyonluq xalqımın ədəbiyyatının diqqətə, vəsaitə, statusa ehtiyacı var”.

Qəfil zala ölü sükut çökdü. Həqiqətlər önündə hamının başı aşağı əyilmişdi. Bircə Anar müəllim dik və mətanətli duruşunu pozmadı. Arada Rəşad Məcid Sayman Aruzun sözünü kəsməyə cəhd göstərdi
- Sayman, əzizim, çox sağ ol...
- Sus bir dəqiqə, Rəşad, mən bitirməmişəm.


Zənnimcə qurultayda ən yaddaqalan çıxış Sayman Aruzun çıxışı oldu. Onun çıxışında həqiqətən bir imdad var idi. Ramiz Rövşənin foyedə dediyi söz yadıma düşdü. Dedi ki, yazıçıların işi təkcə roman, şeir yazmaq deyil. Həm də xalqın problemlərini səsləndirməkdir, müəyyən məqamlarla bağlı fikir bildirməkdir. Amma onun bu söylədiyinə qurultayda çıxış edən 30-a yaxın ziyalı, yazıçı arasında yalnız iki nəfər əməl etmişdi. Xalq şairi Sabir Rüstəmxanlı və yazıçı Sayman Aruz. Adamın üstündə Allah var, Ramiz Rövşən də dil məsələsinə toxundu, amma çox dərinə getmədi.


Saymanın çıxışı gurultulu alqışlara layiq çıxış olsa da, zaldan gözlənilən gurultu qopmadı. Hər çıxşıçının Anarı təriflədiyi məqamlarda ayağa qalxıb, iki əlini havaya qaldırıb əl çalan adamların barmaqları susmuşdu.


Rəşad Məcid Saymana təşəkkürünü bildirdi, amma iki-üç cümləlik ironik fikrini da əsirgəmədi.
- Sayman Aruz, çox sağ ol, əzizim. Ürəyini boşaltdın. Amma sənin problemləri qabartmaq üçün kifayət qədər tribunan var. Dövlət televiziyasında verilişin var.


Son çıxış Xalq yazıçısı Elçinin idi. Amma o çıxış etmədi. Dedi, adamları yormayaq. Bu qədər çıxış bəsdir. Amma əslində Elçinin özü yorulmuşdu. Səsini tezbazar Anara verib qurultayı bitirməyi təklif edəndə zaldan sədrliyə namizədlər Emil Rasimoğlu və Fuad Cəfərlinin etiraz səsi eşidildi. Bir anda aləm dəydi bir-birinə. Qurultaya dava düşdü. Elə bil toyda oğlan evinin adamları qız evinin mahnısına oynamışdı.

Anar müəllim tez-tələsik özünü sədr elan edib, digər yazıçıların da təyinatlarını verdi. Səyyad Aran zalda təyinatlara etiraz edən adam axtarırdı:




-İki nəfər narazıdı.

Onlar da gənc namizədlər idi. Onlardan başqa hamı razı idi. Başqa variant ola bilməzdi. Anar müəllim 35 ildir heç kimə o ixtiyarı verməyib çünki. Ona görə düşündüm ki, Səyyad Arana nahaq əziyyət veriblər.



Emil ilə Nicat hələ də zalda qışqırırdı: “Gənc namizədlərə söz verməli idiniz”.


Elə bu an Anarın fanklub üzvünü xatırladan sarı pencəkli dayının səsi eşidildi: “Kəs səsini. Bizim bir namizədimiz var, o da Anar müəllimdir. Kəs deyirəm sənə. Çıx bayıra”.


Dayının bu fədakarlığını Anar müəllimin yüksək dəyərləndirəcəyinə inanmaq istəyirəm. Təmənnasız sevgi deyilən şey bu olmalıdır.


Anarın rahatlığı gəncləri daha da təbdən çıxarır. O isə təmkinini pozmurdu. 35 ildir öyrəşib artıq. İllərin təcrübəsi var: “Gələn qurultayda sizə uğurlar arzulayıram. Şuluq salmaqla iqtidara gəlmək olmaz” .


Foyedə gənc namizədlər saytlara, televiziyalara açıqlamalar verirdi. Yanımdan keçən yaşlı bir yazıçının yanındakı yoldaşına dediyi sözə bərkdən güldüm:


- İşləri-gücləri yoxdu e, bu gənclərin də. AYB kimi mənasız quruma sədr olmaq nəyinizə lazımdır axı?
- Haqlısan. Gələndən sonra da Anar olacaqlar. Guya dağı-dağ üstdə qoyacaqlar?
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına möhürünü isə Xalq yazıçısı Çingiz Abdullayev vurdu: “Ölmürsüz utanmağdan”.


Qeyd: Qurultay boyu gözüm 203 minlik xarici qonaqları axtardı. Amma Türkiyənin və Rusiyanın keçmiş mədəniyyət nazirlərindən, türkiyəli yazıçılar Yaqub Dəliğməroğlu, İmdat Avşar və İraqın heç öz xalqına da məlum olmayan yaşlı bir yazıçısından başqa heç kim dəymədi gözümə. Oljas Süleymanovun isə özü yox, məktubu gəlmişdi. O zaman Çingiz Abdullayevə verilən sual bu olmalı idi:


- Bağşlayın, Çingiz müəllim, 203 minlik qonaqlar hardadı?





Günel Musa
BakuPost



Şərhlər
  • N.Seyfeli.

    Azerbaycanin bu dovru kelecek , istedadli yazarlar ucun tragedramatik movzularla doludur! Bu, AYB sovet dovrunun yaramaz tebligatini davamcisina benzeyir, beli, utanmasan oynamaga ne var ki!

  • Lalə Babaşova

    Əla, əllərinizə sağlıq.mükəmməl bir yazı.uğurlarınız bol olsun

  • Camaat

    Bu bolşevik qalıqlarının son vida mərasimi idi. Bu xalq ,əməkdar ,elm xadimi ,akademik kimi rusdan qalma adları isə ləğv edəcəyik.50 ildir naftalin iyi verən"ziyalılar"yeriniz cəhənnəmlikdir.AZ qalıb.

  • Cavanşir

    Görün və ləzzət alın! Görün ki, keçən 50-60 ildə Azərbaycan intelengiyası nə hala gəltirilib çıxarılıb !,

  • Azad

    Utanmasan oynamağanə var ki? Anar-"xalq yazıçısı" iki kəlmə çıxışını kağızdan oxuyur.Bu ayıb deyil? Deməli onun limiti bitib.Bəs nə yapışıblar ondan,yoxsa Anar yapışıb onlardanMəzhəkə!

  • Elmira Əliyeva

    Son illər belə mükəmməl və cəsarətli yazı oxumamışdım. Günel xanım, sizə təşəkkür edirəm. Qurultayı o qədər gözəl təsvir etmisiniz ki, elə bil orada baş verənləri gözlərimlə gördüm. Afərin sizə!

  • Cabbar

    Anar AYB-yə yox.ATB Anara lazımdır.Yalan yazmayın.

  • Oxucu

    Bu qədər ağsaqqal yazıçı ,şairlərin bu gün bir ədəd oxucular tərəfindən sevilən, kitab mağazalarında axtarılan.əl-əl gəzdirilən (soxuşdurulanlar yox ) nə romanı,nə şeirlər külliyyatı yoxdur. Bu AYB nə ilə məşğuldur və o bu gün Azərbaycana bu kökdə lazımdırmı?Yoxsa AYB Anara kormuşka üçün saxlanılır?

  • Əyyub

    Gunel xanim,ellerinize sagliq! Yazinizi ve yumor hissinizi cox beyendim!

  • nigar

    mükəməl təsfir

  • Ziko

    Birinci sırada şalvarsız, yubkasız xanım kimdir görəsən...?

  • ibrahim

    Mən də razıyam bütün deyilənlərlə.Hər bir yerdə gəncləşmə aparılmalıdır.Ancaq yenə də hər şeyin bir axmaq sual ətrafında cərəyan etdiyinin əleyhinəyəm.Düşünürəm ki ki ayrılan pul barədə heç bir normal jurnalist sual verməzdi.

  • t.ədalət

    Yazıya görə,həm "Bakıpost.az"a,həm də Günelə təşəkkür etmək düşür.Doğrudan da,bu gün AYB-dən uzun illər yağışın altında qalıb çürüyən köhnə maşın qoxusu gəlir.Bu qoxu,istər-istəməz ürək bulandırır.Birliyi özünün qocalıq çuxasına bükən Anar da elə bir yaxşı yazıçı olmayıb.Onun əsərlərində milli dirilik,təəssübkeşlik və xalqımızın bağımsızlıq ruhu olmayıb.Anar bir publisist kimi bizim,yəni yaşlı nəslin yaddaşında qalıb.Adətən,tənqidçilərə kobud cavablar yazmaqdan başqa bir şey görməmişik.Düzdür,senarist kimi fərqli olduğu nəzərə çarpırdı.Ancaq bu senarilərdə də milləti oyadan ideyalar yox idi.İş elə gətirib ki,Anar ətrafına da özü kimi milli hislərdən yarımçıq olanları toplayıb.Bü gün "Ədəbiyyat qəzeti"ni oxuyan yoxdur.Bir vaxtlar bu qəzetin çıxışını hamı səbirsizliklə gözləyirdi.İndi həmin qəzeti sürücülər yağışlı havada ayaqlarının altına sərirlər ki, rezin "kovrik"lər bulaşmasın.Əslində hakimiyyətə Anar kimi qocalığın hisinə-pasına bulaşmış,gənc istedadların qarşısına kölgə tutan qocalar sərf edir.Anarın özündən sonra qoyub getdiyi ən yaxşı cəhəti odur ki,sovet dövrü Azərbaycan ədəbiyyatına xalqın marağını tam öldürdü.Azərbaycan ədəbiyyatını müalicəsi mümkün olmayan bir xəstə vəziyyətinə çatdırdı.Əlbəttə,Anardan aralıda gənc yazıçıların müəyyən bir yaradıcılıq uğurları var.Nə yaxşı ki Anar-Çingiz Abdullayev-Rəşad Məcid üçlüyü həmin gəncləri öz çirkablarına bulaşdıra bilməyiblər!

  • ibrahim

    Adam bu "mədəniyyət işçilərinə" baxanda utanır. Görün insanlar özlərini nə hala salırlar.Nə özlərinə hörmət.nə yazıçıya yaraşan hərəkət,nə şəxsiyyət! Niyə inteligensiya bu hala düşüb? Axı bunlar yazıçı,şair.dramaturqdurlar (guya ),dövlətdən vəzofə isyəmirlər.maaş almırlar və sair.onda bunlarda bu yaltaqlıq,əyilmələr,tabrçilik hissinin səbəbi nədir?Onlar öz şəxsi əməyinin,yaradıcılığının məhsulu ilə dolanırlar. O zaman bu vziyyət nəyin nəticəsidir? Millətin davaml aşağılanmasınınmı,şəxsiyyətin itirildiyininmi,ölkədəki mühitinmi,yoxsa isanlığın sonudur?

  • anar

    Çox gözəl yazı, mənəvi bir "traqedaiyanı" xatırldana açıqlama. Əla Günel xanım, var olun.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər