"Televiziya olduqca güclü silahdır. Toplumun mentalitetini dəyişə, ənənəsini məhv edə bilər. Ya da əksinə, millətin qürurunu bərpa edə bilər”.
Bunu Bakupost.az -a açıqlamasında telejurnalist Kamran Həsənli Azərbaycan televiziyalarında yayımlanan şou proqramlar haqda danışarkən deyib.
O, televiziya işinin maarifləndirmə, ideoloji yönəltmə və əyləncə üzərində qurulduğunu bildirib:
“Bizdə isə televiziya apardığı təbliğatla mənəviyyatımızı pozur, adət-ənənələrimizi məhv edir. Cəmiyyət özü müxtəlif təbəqələrdən ibarətdir. Lap dib var və onu su ilə qarışdırsanız, su bulanacaq, o şəffaflıq itib gedəcək. O dibi qarışdırmaq televiziyanın işi deyil. Televiziya əksinə o dibi lap dibə yatırtmalı və üst, düşünən təbəqəni lokomotivinə çevirməlidir. Düşünən təbəqə isə cəmiyyəti yönəltməlidir".
K.Həsənli televiziyalarımız kimi kino sahəsində də vəziyyətin bərbad olduğunu bildirib:
“Kino da güclü təbliğatçıdır, o düşünən təbəqənin məhsuludur. Televiziya isə hər gün sənin qonağındır, saatbasaat beyninə işləyir. Kino isə belə deyil, ona görə bizdə kinonun ölüb getməsi televiziyanın yaratdığı kütləvi ədəbsizliyin nəticəsidir”.
Vasif ƏIihüseyn
BakuPost