Ru
13:45 / 12 Mart 2021

Tərbiyəli əxlaqsızlar, əxlaqlı tərbiyəsizlər...

8404

Aqşin Yenisey

"Adətən, əxlaqlı adam tərbiyəsiz, tərbiyəli adam əxlaqsız olur".
Dünən gecə yazdığım bu sözlər kafamda yetişən bir yazıdandır. Dostlarımın marağına hörmətlə yanaşıb fərdlər və sistemlər üzərindən hələlik iki örnək verəcəyəm.

1. Kraliça Viktoriya saray və ailə tərbiyəsinin bütün qaydalarına əməl edirdi, bu qaydaları pozan hər kəsi də ağır cəzalandırırdı. Amma İngiltərəyə (ümumi olana) münasibətdə əxlaqsız idi; onun dövründə hətta bu gün də insanları şoka salan əxlaqi baxımdan düzgün olmayan bir xeyli qərarlar verilmişdi. Məsələn. həkimlər xəstələri həm də masturbasiya etməli idilər, qadınlar "dəmir bikini"lər geyinməli idilər, oğlan uşaqları yekə kişi olana qədər qız paltarlarında gəzməliydilər və s. İnsanların azadlığını təhqir edən bu qərarlar, kraliçaya görə, əxlaqi təmsil edirdilər. Amma qadınların "dəmir bikini" geyidiyi Viktoriya dönəmində ölkədə fahişəlik baş alıb gedirdi.

2. Çörçill isə əsl tərbiyəsiz idi. Baş nazir olanda ağzında siqar bütün günü içib evdə qulluqçuların, arvad-uşağın yanında anadangəlmə lüt ora-bura gəzirdi, göstərişlər verirdi. Evin ortasında hamının gözü qabağında Davidin heykəli kimi lüm-lüt dayanıb düşünürdü. Amma Çörçill baş nazir olduğu müddətdə İngiltərə xalqına qarşı əxlaqsız heç bir hərəkətə yol vermədi.

Gələk sistemlərə.

1. Kapitalist sistem tərbiyə etmir. Ümumi normaları öyrədir. İnsanlar elementar tərbiyənin yol vermədiyi hər şeydən pul qazanırlar. Ümumi normaları pozmadığı halda fərdin hansı yuvanın quşu olduğunun heç kimə dəxli yoxdur. İctimai mənafedən başqa hər şeyə xəyanət etmək fərdi seçimdir. Buna görə cəza yoxdur. Qrup sekspartilərdə bir-birinin belinə minən gənclər, məsələn, poçt idarəsində növbə gözləməlidir. Kapitalist sistem üçün əxlaq fərdi yox, qrup marağıdır.

2. Kommunist sistem tərbiyələndirir. Hər kəs tərbiyə qaydalarına əməl etməlidir. Bu qaydalara əməl etdiyin halda hansı yuvanın quşu olduğun əhəmiyyətini itirir. Tərbiyə fərdi mənafeni ictimai mənafenin önünə çıxarır. Tərbiyəlisənsə, deməli, haqlısan. Sistemə sənin tərbiyən lazımdır, əxlaqın deyil. Ona görə də kommunist sistemdə bütün əxlaqsızlıqlar tərbiyə pərdəsinin altında baş verir. Tərbiyəli əxlaqsızlar, əxlaqlı tərbiyəsizləri mühakimə edirlər. İnsanlar qrup sekspartilərdə deyil, poçt idarəsində bir-birilərnin belinə minirlər. Çünki tərbiyə fərd olanın gücünü mükafatlandırır, ictimai olanın deyil. Kommunist sistemdə əxlaq, əksinə, qurp deyil, fərdi məsələdir. Ona görə də bu sistemdə tərbiyəsini deyil, əxlaqını düşünənlər, adətən, cəmiyyətdən çıxdaş edilib acından ölürlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər