Ru
15:20 / 17 Yanvar 2023

Tıxacları azaltmaq üçün iki problem həll edilməlidir - Ekspert

Tıxacları azaltmaq üçün iki problem həll edilməlidir - Ekspert
Eye

“Məskunlaşma məsələsində yol verilən səhvlər Bakıda tıxacları stimullaşdıran əsas səbəbdir. Bütün işlər mobil planı üzrə getməli idi”.



Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov paytaxtda tıxac probleminin ildən-ilə daha dözülməz hal alması ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, Bakı küçələrində normal hərəkəti bərpa etmək üçün iki istiqamətdə çox mühüm işlər görülməlidir:

"Bunlardan birincisi məskunlaşma məsələsidir. Şəhərin planlaşdırılması, əhalinin yerləşdirilməsi elə təşkil olunmalıdır ki, insanların şəhər daxilində bir yerdən başqa yerə getmək ehtiyacı minimum olsun. Bakıda bu nisbət pozulub. Şəhərin mərkəzi hissələri sıxlaşdırılıb, Sovet dövrü planlaşdırması tamam pozulub. Şəhərə kənardan baxanda göydələnlər, hündürmərtəbəli binaların çoxalması səbəbindən sovet dövründən qalma binalar görünmür. Şəhərsalma norma və qaydaları əksər yerlərdə pozulub. Bu binalar tikilərkən orda yaşayan insanların iş təminatı, onların övladlarının məktəb ehtiyacı və s. nəzərə alınmayıb. Əgər insanlar iş və ya təhsil üçün 10-15 km uzağa gedəcəksə, əlbəttə, tıxac yaranacaq. Yaponiyada, Finlandiyada və s. ölkələrdə yaşayış məntəqəsi elə planlaşdırılıb ki, yaxınlıqda mütləq məktəblər var. Evindən çıxanda 15-20 dəqiqəyə məktəbə çatırsan. Şəhərin müəyyən məhəllələri sıxlaşdırılır, amma yol infrastrukturu olduğu kimi qalır".

Ərşad Hüseynov bildirib ki, təzə binalarda məskunlaşan insanlar avtomobillərini saxlamağa yer tapmırlar:

"Gecə vaxtı təzə tikilən binaların ətrafındaki küçələrə baxın. Sakinlərin avtomobilləri oranı zəbt edib. Bəzən gecə oradan keçəndə çətinliklər yaranır. Bu problem ona gətirib çıxarıb ki, hazırda Bakıda, xüsusilə də şəhər ətrafında çox böyük mobillik ehtiyacı yaranıb. Məsələn, şəhər ətrafında 100 minlərlə insanın məskunlaşdığı zonalar var - Xırdalan, Masazır, Binə qəsəbəsi, Hövsan, Binəqədi, Xocahəsən, Sulutəpə və s. Oralarda normal məktəb yoxdur. Ona görə də insanlar övladlarını səhər şəhər ərazisindəki məktəblərə gətirirlər. Bu səbəbdən şəhərin giriş-çıxışlarında səhər-axşam tıxac yaranır. O qəsəbələrdə orta məktəb tikmək lazımdır. Xırdalan şəhərinin 210 min əhalisi var. Orada 8 və ya 10 məktəb var. 210 min əhalisi olan bir yerdə ən azı 20 məktəb olmalıdır".

Ekspert bildirib ki, Bakıda tıxacın yaranmasının ikinci ciddi səbəbi ictimai nəqliyyatla bağlıdır:


"İctimai nəqliyyat həm əlçatanlıq, həm çeşid, həm də komfort baxımından aşağı səviyyədədir. Şəhər ətrafında elə yerlər var ki, oradan avtobus keçmir. Adam məskunlaşıb, amma evindən ən yaxın avtobus dayanacağı 1 km məsafədədir. Həmin şəxs mütləq avtomobildən istifadə etməyə məcburdur. Bir sözlə, tıxacları azaltmaq üçün ilk növbədə qeyd etdiyim iki məsələ həllini tapmalıdır".

Əfsanə Rəcəb,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar