Ukrayna Təhlükəsizlik Xidməti (SBU) unikal bir xüsusi əməliyyat həyata keçirərək Krım körpüsünə üçüncü dəfə zərbə endirib. Bu dəfə zərbə sualtı şəkildə reallaşdırılıb. Əməliyyat bir neçə aya hazırlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasıl Malyukun bəyanatında deyilir.
Bildirilir ki, səhər saat 4:44-də SBU körpünün dayaqları altına yerləşdirilmiş sualtı partlayıcı qurğuları işə salıb. Xüsusi xidmət orqanlarının məlumatına görə, trotil ekvivalentində 1100 kiloqram gücündə olan partlayıcılar dəniz dibindəki konstruksiyalara ciddi ziyan vurub. Partlayış nəticəsində körpü qəza vəziyyətinə düşüb.
SBU qeyd edib ki, əməliyyat diqqətlə planlaşdırılıb və mülki əhali arasında itki yoxdur. Planlaşdırma və koordinasiya işlərinə şəxsən SBU rəhbəri, general-leytenant Vasıl Malyuk rəhbərlik edib.
"Tanrı Üçlüyü sevir, SBU isə başladığı işi həmişə sona çatdırır və təkrarlanmır. Biz Krım körpüsünü daha əvvəl 2022 və 2023-cü illərdə iki dəfə vurmuşduq. Bu gün isə bu ənənəni suyun altında davam etdirdik. Rusiyaya məxsus qanunsuz obyektlərin dövlətimizin ərazisində yeri yoxdur. Bu baxımdan Krım körpüsü tamamilə qanuni hədəfdir. Xüsusən də nəzərə alsaq ki, düşmən bu körpüdən öz qoşunlarını təmin etmək üçün logistik arteriya kimi istifadə edirdi. Krım – Ukraynadır və işğalın bütün təzahürlərinə sərt cavabımız olacaq”, - Malyuk deyib.