Rusiya ilə geniş xətt üzrə döyüşən Ukrayna cəbhəni gücləndirmək üçün təzyiq altındadır.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Çerniqovda məxfi poliqonda səfərbərliyə cəlb edilən orta yaşlı şəxslərə təlimlər keçirilir. Komandirlərin əmrləri və pulemyot atəşinin əks-səda verdiyi poliqonda ən diqqət çəkən mənzərə çağırışçıların yaşıdır. Onların çoxunun 40-50 yaşa aralığında olduğu bildirilir. Təlim keçən çağırışçıların Kurskdakı əməliyyatlara cəlb ediləcəyi deyilir.
Britaniya Müdafiə Nazirliyi isə təkcə may və iyun aylarında rus əsgərlərinin itkisini 70 min olaraq qiymətləndirib. Ukraynanın isə indi daha çox canlı qüvvəyə ehtiyacı olduğu bildirilir.
Ukrayna hazırda xüsusilə Donbasın strateji əhəmiyyətli Pokrovsk şəhərini əhatə edən cəbhə xəttində problemlər yaşayır. Bununla belə, keçən ay Rusiya ərazisinə başlayan əks-hücum döyüşün ruhunu artıraraq müharibəyə yeni rəng qatıb. Ukrayna Kursk əməliyyatı üçün Rusiyaya 10 min elit əsgər göndərdiyini deyir.
Rusiya Müdafiə Nazirliyi isə bu hücumda Kiyevin minlərlə itki verdiyini iddia edir. Ukrayna ordusunun başçısı general Oleksandr Syrskyi rusların Kursk şəhərinin müdafiəsi üçün 30 min əsgər göndərdiyini açıqlayıb.
Elnur
BakuPost