Valideynlər uşaqlarının ixtisas seçimində onların maraqlarını nəzərə almalıdırlar.
Bakupost.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.
O bildirib ki, bəzən valideynlər özlərinin reallaşdıra bilmədikləri arzularını övladları üzərindən həyata keçirməyə çalışırlar:
"Uşaqlara çox təsir göstərirlər. Uşaq valideynin ixtiyarındadır deyə biz bu məsələyə birbaşa müdaxilə edə bilmirik. Ancaq maarifləndirmə işi aparırıq. Valideynlər uşaqlarını daha erkən - IX-X sinifdən etibarən dinləməli, onların maraqlarını öyrənməli və ixtisas seçiminə bu baxımdan yanaşmalıdırlar. Təəssüf ki, bəzi valideynlər uşaqları hərbi xidmətə getməsin və ya başqa şəhərə köçməsin deyə onların balı hara çatırsa, ora yönləndirirlər. Bu yanaşma düzgün deyil. 14-15 yaşlı yeniyetmə ilə söhbət edilməli, psixoloqun köməyi ilə maraq və qabiliyyətləri müəyyənləşdirilməlidir".
M.Abbaszadə qeyd edib ki, insanın psixoloji xüsusiyyətləri onun peşə seçiminə birbaşa təsir edir:
"Hər kəsin fizioloji quruluşu fərqli olduğu kimi, psixoloji quruluşu da fərqlidir. Kimsə rəqəmlərlə və sənədlərlə işləməyi xoşlayır, digəri isə insanlarla ünsiyyəti üstün tutur. İnsanlarla işləməyi sevən birini arxiv işinə yönləndirsəniz, onun psixoloji durumu pisləşə bilər. Bu xüsusiyyətlər həm psixoloji, həm də daxili ailə mühitində formalaşan cəhətlərdir. Bunu müəyyən alətlərlə ölçmək və sahə seçimini buna uyğun etmək lazımdır".
O, həmçinin bildirib ki, bəzi hallarda ailələr qız övladlarının yüksək nəticələrinə baxmayaraq, onların istəklərini deyil, öz düşüncələrini əsas götürürlər:
"Məsələn, qız uşağı çox yaxşı nəticə göstərir, lakin ailəsi deyir ki, 650-dən çox bal toplamısansa, mütləq hüquqşünas olmalısan. Bu kimi hallara qarşı ictimai qınaq olmalıdır. Biz əlimizdən gələn qədər maarifləndirmə işləri aparırıq".