Dünyanın mühüm neft istehsalçılarından biri olan Venesuelada baş verən son hadisələrin qlobal neft bazarına mümkün təsirləri diqqətlə izlənilir.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, Karakas və digər əyalətlərə vurulan ABŞ zərbələrinə baxmayaraq, Venesuelanın neft infrastrukturu zərər görməyib. Xose limanı, Amuay neft emalı zavodu və Orinoko qurşağındakı neft yataqları da daxil olmaqla əsas obyektlər fəaliyyətini davam etdirir.
Bir vaxtlar dünyanın aparıcı neft istehsalçılarından olan Venesuelada hasilat son 20 ildə kəskin şəkildə azalıb və hazırda qlobal təklifin 1%-indən də azını təşkil edir. ABŞ-nin Maduro hakimiyyətinə qarşı son təzyiqləri, o cümlədən Venesuela xam neftini daşıyan tankerların saxlanılması, ölkəni bir sıra neft quyularını bağlamağa məcbur edib.
Donald Tramp şənbə günü keçirdiyi mətbuat konfransında Venesuelanın neft sektoruna qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. Tramp eyni zamanda ABŞ-li neft şirkətlərinin infrastrukturun yenidən qurulmasına və hasilatın bərpasına kömək edəcəyini deyib.
Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2026-cı ildə qlobal neft təklifinin gündəlik 3,8 milyon barel həcmində tələbi üstələməsi gözlənilir. Bu isə tarixi səviyyədə təklif artıqlığı deməkdir.
Son həftələrdə xam neft qiymətləri bir barel üçün təxminən 60 dollar səviyyəsinə qədər geriləyib.
Brent markalı neftin məhdud artım göstərməsi, ən uzağı 1-2 dollar bahalaşması gözlənilir.
Venesuela Rusiya da daxil olmaqla müttəfiqləri ilə birlikdə OPEC üzvüdür.
Cavid, BakuPost