Ru
14:04 / 24 Sentyabr 2024

Xəzərin çirkli sahili və bizim simamız

3287
Yay bitdi və çimərliklərimizin canı ən azı 8-9 ay müddətinə bizlərdən qurtuldu. Düz iyunadək kimsə gedib Xəzərin mavi sularında çimib, sonra isə yeyib-içib, yaxud əksinə – yeyib-içib, sonra çimib sahili zibilliyə, tullantı yığınına çevirməyəcək…

Xəzərə adamın yazığı gəlir. Yox, suyunun səviyyəsinin enməsinə görə deyil, bizim onun natəmizlik mənbəyinə çevirməyimizə görə. Qədim finikiyalılar dənizdə və ya okeanda qabarma və çəkilmə prosesini, sadə dillə desək, dalğaları “yerin ürəyinin döyüntüsü” hesab edirdilər. Fikir verdinizsə, bu yay dənizdə əksər hallarda böyük dalğalar olmadı.

Bəlkə Xəzərin sahilində yerin ürəyi artıq döyünmür? Bəlkə istirahətdən sonra qoyub getdiyimiz tullantılar Xəzəri nəfəs almağa qoymur?

Son iki ayda işlərimlə bağlı Novxanı, Görədil, Fatmayi, Pirşağı boyunca hər gün hərəkət etməli olduğumdan macal tapan kimi dayanıb 10-15 dəqiqə Xəzərin həzin səsini dinləyib, üfüqə zillənib bir anlıq mavi sulara qərq olmaq, şəhərdəki havasızlıqdan az da olsa, qurtulmaq istədim. Birdən gözüm ayaqlarımın altına – yemək qalıqları, meyvə-tərəvəz tullantıları, yarıboş su şüşələrinə sataşdı. Bu mənzərədə sanki özümü gördüm. Ötən əsrin 90-cı illərində Bakıda efirə çıxan populyar radiostansiyalardan birində gün ərzində bir neçə dəfə belə bir sosial reklam səslənirdi: Şəhəri zibilləməyin, axı bu şəhər sizin simanızdır! İndiki kimi yadımdadır, o vaxt bu reklam bəzi insanlarımızın xoşuna gəlmirdi, sanki onların mənliyinə toxunurdu. Necə yəni bu şəhər sizin simanızdır? Mənim simam zibillidir bəyəm? Təbii ki, belə fikirləşənlərin heç biri “necə edək ki, bu şəhəri zibilləməyək, təmiz və yaraşıqlı saxlayaq, çünki ona verilən qiymət bizə verilən qiymətdir”, – deyə düşünmürdü. Biz tək bir-birimizə deyil, təbiətimizə, yaşadığımız yerə, qanımız bahasına qazandığımız həmrəyliyimizə, zəfərimizə və bütün bunların nəticələrinə də qarşı eqoist, saymazyanayıq.

30 ildir dilimizin quruduğu, dodaqlarımızın çatladığı Qarabağ üçün minlərlə şəhid veririk, amma qurub yaratmaqla bərabər həm də zibilləyirik. Şuşanı, Laçını, Xankəndini. Adam ətrafa tullantı atan şəxslərin polis tərəfindən saxlanılma səhnəsini görəndə utanır, sosial şəbəkələrin erməni seqmentinə yazılan lağlağı qarşısında aciz qalır. Şükürlər olsun ki, Bakı indi təmizdir və turizm üçün nümunəvi şəhərlərdən biridir. Ətrafı – məsələn, hələ də tullantı probleminin həll olunmadığı Xırdalan, Masazır, Sulutəpə, Biləcəri kimi yaşayış məntəqələri istisnadır.

Ancaq turizmin bizim üçün mühüm faktorlarından biri və bəlkə də əsası – Xəzərin sahili, çimərliklər hələ də çirkli və natəmizdir. Çimərlik mədəniyyəti dünyagörüşümüzdə dənizdə çimmək, günəş altında qaralmaqla yanaşı, həm də yeyib-içməkdir. Biz qastroturizmi hələ də ümumi turizm anlayışından ayıra bilməmişik. Mədəmiz bizi hər yerdə təqib edir. Çiməndə belə, qida qəbul etmək istəyirik. Xəzərin çirkli sahillərini qoyun kənara. Yaxşı halda restoran, adi halda isə çadırdan-qarğıdan “inşa edilmiş” alaçıqlar – sahil kafelərimiz Xəzərin Azərbaycan akvatoriyası boyu bizi müşayiət edir. Şəxsən mənim üçün təəccüblü görünür: mən oturub kabab yeyirəm, 10 metr o tərəfdə isə kimsə suda üzür. Birimiz yaraşıqlı paltarda şişi dişimizə çəkirik, bir qədər kənarda isə insanlar çimərlik geyimində uzanıblar.

İnsanlar Xəzərin dərin yerlərindən deyil, manqallardan qalxan tüstüdən ehtiyat edirlər. 7 kq-lıq Beyləqan quzusunun kababının tüstüsündən boğulmaq daha asandır… Belə bir reallıqda anlaşılmaz olan daha bir məqam az qala hamımızın pullu, özəl çimərliklərdən şikayətlənməyimizdir. Xəzərin “işğal” olunmasından gileylənirik, ancaq onu zibilləməyimiz vecimizə də deyil. Axı niyə? Nə haqla? Düzdür, özəl çimərliklərə getməyə hər birimizin vəsaiti yoxdur, nə gizlədim, mən heç bir dəfə də olmamışam. Ancaq bizim pullu çimərliklərə gedib təmiz qum üzərində uzana bilməməyimiz önəmlidir, yoxsa müftə çimib, yediyimizi yeyib, yemədiyimizi sahilə atıb təmiz evlərimizə dönməyimiz? Xəzəri zibilləməyək, axı o, bizim simamızdır!

Rüstəm Qaraxanlı
Bakuplus.az
Xəzərin çirkli sahili və bizim simamız
Xəzərin çirkli sahili və bizim simamız
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar