Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Əməliyyatın təkcə dəniz və hava zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində tammiqyaslı quru hücumunu əhatə edə biləcəyi bildirilir.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.
Məlumata görə, Ər-Riyad hakimiyyəti müharibənin yenidən başlanmasını Qırmızı dənizin cənub hissəsi vasitəsilə həyata keçirilən neft tədarüklərinə təzyiqi azaltmağın yolu kimi nəzərdən keçirir.
Yəmən mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mümkün əməliyyatda istifadə etmək məqsədilə ölkənin şərq hissəsində, Səudiyyə Ərəbistanının dəstəklədiyi beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin nəzarətində olan ərazilərdən bəzi hərbi bölmələri geri çəkməyə başlayıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarından gəmiçiliyi qorumaq üçün beynəlxalq dəniz koalisiyası yaratmaq istiqamətində fəaliyyət göstərdiyi də bildirilir.
Nəşrin qeyd etdiyinə görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb. Bundan əlavə, Ər-Riyad ABŞ və Almaniya, Fransa, Böyük Britaniya, İtaliya kimi bir sıra Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb.
Bildirilib ki, gərginliyin yeni mərhələsi iyulun 20-də Yəmənin paytaxtı Səna və Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı blokada elan etməsindən sonra başlayıb. Eyni zamanda, onlar bütün gəmilərdən keçid haqqı alınacağı barədə iddiaları təkzib ediblər. Hərəkat nümayəndələri bildiriblər ki, Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan ərazilərə tətbiq etdiyi blokadanı dayandıracağı təqdirdə, onlar da öz blokadalarını ləğv etməyə hazırdırlar.