Mayın 8-i axşamı Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla "yaxşı bir söhbət" apardığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Telegram" kanalında məlumat verib.
"Xalqlarımızı Avropada Qələbə Günü - nasizm üzərində qələbə münasibətilə təbrik etdik. Ali Radanın iqtisadi tərəfdaşlığa dair sazişi ratifikasiya etməsini alqışladıq - bu, əməkdaşlıq üçün çoxsaylı yeni imkanlar açan, həqiqətən də tarixi sənəddir. Sülh naminə gələcək səylərin vacibliyini, xüsusilə atıla biləcək konkret addımları müzakirə etdik", deyə Zelenski qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, Tramp cəbhədəki vəziyyətlə maraqlanıb. Ukrayna prezidenti əlavə edib ki, ölkəsi "artıq bu gündən" 30 günlük atəşkəsə hazırdır.
"Biz Rusiyanın bu təklifi qəbul etməsini gözləyirik. Mən, həmçinin təsdiqlədim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır. Lakin bunun üçün Rusiya müharibəni bitirmək niyyətində ciddi olduğunu nümayiş etdirməlidir, ilk növbədə tam və qeyd-şərtsiz atəşkəslə başlamalıdır. Prezident Tramp bu müharibənin sona çatmasını istədiyini, yardım etməyə hazır olduğunu və atəşkəsin vacibliyini dəstəklədiyini təsdiqlədi. Biz gələcək təmasları razılaşdırdıq", deyə Zelenski vurğulayıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bəyan edib ki, Vaşinqton Ukraynanın dağılmasını istəmir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın suveren dövlət olaraq qalmasını istəyir.
Eyni zamanda Vens qeyd edib ki, Rusiya "hələ zəbt etmədiyi əraziləri" alacağına ümid edə bilməz. Bununla belə, amerikalı siyasətçi vurğulayıb ki, əgər Rusiya Ukrayna ilə danışıqlarda səmimi davranmasa, ABŞ bu prosesdən çıxacaq.
Qeyd edək ki, mayın 8-də Ukrayna Ali Radası ABŞ ilə mayın əvvəlində imzalanmış yer təki ehtiyatlara dair sazişi ratifikasiya edib. Sənədi 338 deputat dəstəkləyib. Zelenski bildirib ki, söhbət ABŞ ilə onillikləri əhatə edən əməkdaşlıqdan gedir.