Zimbabvedə fillərin insanlara hücumu ilə əlaqədar Hwange Milli Parkı yaxınlığındakı icmaları qoruma yeni GPS əsaslı xəbərdarlıq sistemi quraşdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Euronews bildirib.
Zimbabve Milli Parklar və Vəhşi Təbiətin İdarə Olunması Təşkilatı ilə Beynəlxalq Vəhşi Təbiətə Yardım Fondu (IFAW) tərəfindən hazırlanan bu texnologiya filləri izləyir və onlar kəndlərə yaxınlaşdıqda real vaxt rejimində xəbərdarlıqlar göndərir.
Yerli könüllü Capon Sibanda telefonuna xəbərdarlıq gələn kimi, mobil şəbəkəyə çıxışı olmayan insanları velosipedlə xəbərdar edir. Bu sistem, quraqlıqlar və resurs çatışmazlığı səbəbindən fillərin qida və su axtarışı üçün kəndlərə gəlməsinin qarşısını almağa yönəlib.
Zimbabvedə təxminən 100 000 fil var ki, bu da ərazinin imkanları baxımından iki dəfə çoxdur. Son onilliklərdə heyvanların sayının azaldılması (kəsimi) həm maliyyə çətinlikləri, həm də təbiəti qorumaq üçün təzyiqlər səbəbindən dayandırılıb. Bu ilin yanvar-aprel ayları arasında heyvanlarla toqquşmalarda 18 nəfər həyatını itirib, 158 “təhlükəli” heyvan məhv edilib.
IFAW tərəfindən tətbiq edilən EarthRanger platforması fillərin hərəkətini izləyərək ehtiyac olan bölgələrə resursların yönləndirilməsinə şərait yaradır. İndiyə qədər 16 filə GPS yaxalığı taxılıb ki, bu da bütün sürülərin hərəkətini izləməyə imkan verir. Lakin yalnız Hwange parkında təxminən 45 000 fil yaşayır.
Senzeni Sibanda kimi yerli sakinlər bu sistemin reaksiyanı sürətləndirdiyini desələr də, narazılıqlar qalmaqdadır. Yerli sakinlər fillərin sayının azaldılmasını və ov gəlirlərindən daha çox pay almağı tələb edirlər. Bu vəsaitlər kəndlərdə su sistemləri və infrastrukturun təmiri üçün istifadə olunur.
Mütəxəssislər texnologiyanın potensialını qəbul etsələr də, problemin miqyası qarşısında hələ çox iş görülməli olduğunu bildirirlər.
Cavidan Salmanov,
BakuPost