Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edib.
"Bakupost" xəbər verir ki, mediatur iştirakçıları işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlandırılıblar.
Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Elzar Ağayev jurnalistlərə bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən 12 min 621 şəxsin məşğulluğu təmin olunub. Onlardan 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 642 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 1538 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Media nümayəndələri sonra Xocalı rayonunun Ballıca kənd sakinləri Eyvaz Əliyev və Aysel Əliyevanın, Badara kənd sakini Əsmət Mehralıyevanın təsərrüfatlarında olublar. Özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə Eyvaz Əliyev üçün arıçılıq, Aysel Əliyeva üçün isə qoyunçuluq təsərrüfatı yaradılıb. Əsmət Mehralıyevaya isə cins damazlıq heyvanlar verilib və onun üçün maldarlıq təsərrüfatı qurulub.
Aysel Əliyeva Dövlət Məşğulluq Agentliyinə müraciət etdikdən sonra ailəsinin 21 baş qoyun və 800 kiloqram yemlə təmin olunduğunu deyib. Onun sözlərinə görə, Ballıca kəndi qoyunçuluğun inkişafı üçün əlverişli ərazidir. “Məqsədimiz təsərrüfatı daha da genişləndirmək, qoyunların sayını artırmaqdır”, – deyə o əlavə edib.
İşğaldan əvvəl də arıçılıqla məşğul olan Eyvaz Əliyev Ballıca kəndinə köçdükdən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət edərək 20 arı ailəsi ilə təmin olunub. O qeyd edib ki, kəndin ətrafındakı meşələr əsasən cökə ağaclarından ibarətdir, ərazi çəmən çiçəkləri ilə də zəngindir. “Bu təbii şəraitdən istifadə edərək arıçılığı daha da inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam”, – deyə Eyvaz Əliyev vurğulayıb.
Badara kənd sakini Əsmət Mehrəliyeva isə ailəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən iki baş cins heyvanla təmin edildiyini bildirib. O, gələcəkdə heyvanların sayını artırmaq, süd və süd məhsullarından həm ailənin ehtiyacları üçün istifadə etmək, həm də satışını təşkil etmək istədiyini deyib.
Qeyd edək ki, artıq Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb.
Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.