Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, C. Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb və araşdırma aparılır.
Məsələ ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev MAXE-mizə cinayət işi açılmasını düzgün hesab etmir və bildirib ki, Azərbaycan tərəfi əsgərin geri qaytarılması barədə Ermənistana nota verilməlidir:
“Əsgərimizin Azərbaycan ərazisində saxlanılması tamamilə bütün hüquq qaydalarına zidd bir əməldir. Çünki imzalanan birgə bəyanatın şərtlərinə görə, rusların nəzarətində olan ərazilərdən erməni silahlıları 9 ay qabaq çıxarılmalı idi. Yəni bizim əsgərimizin saxlanılmasında heç bir halda erməni silahlılarına aid strukturlar iştirak edə bilməzdi. Bütün baş verənlər Azərbaycan tərəfinin diqqətində olmalı və əsgərimizin ən qısa müddətdə azad edilməsi ilə bağlı Ermənistana nota verməlidir. Əsgərimiz azad olunmadığı təqdirdə isə Azərbaycan həmin ərazilərdə bu və ya digər əməliyyatları həyata keçirmək hüququna malikdir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Azərbaycan əsgəri hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər:
“Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, hərbçimiz Cəmil Babayev hospitalı özbaşına tərk edib və buna görə onun haqqında cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”.
Birinci cümlədə “araşdırılma aparılır” sözləri ilə kifayətlənmək olardı. Çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə Xarici İşlər Nazirliyinin daima doğru işlətdiyi “müvəqqəti” sözü əlavə olunmalı idi. Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur”.
Aygün Nəbiyeva
BakuPost