Bu gün mətbuatda Azərbaycandan ixrac olunan tərəvəz
məhsullarının Rusiyada baha qiymətə satılmasıyla bağlı məlumatlar dərc olunub. Bildirilir ki, Maqadan şəhərinin jurnalistləri Azərbaycandan
ixrac edilən məhsulların baha qiymət satılmasına etiraz ediblər. Onlar Azərbaycandan
aparılan pomidorların 1 kilosunun 950 rubla (30,91 manat), xiyarların isə 920
rubla (29,93 manat) satıldığını bildiriblər.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən kənd təsərrüfatı
sahəsi üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu gün Rusiyada Azərbaycanda
istehsal olunan məhsullara ciddi tələbat var: "Azərbaycanda istehsal olunan məhsulların
keyfiyyəti yaxşı olduğu üçün tələbat çoxdur. Bu səbəbdən Azərbaycan məhsulları
Rusiyada yüksək qiymətə baha satılır. Qiymət məsələsini bazar həll edir. Düzdür,
bizdə istehsal səviyyəsini yaxşılaşdıra, məhsuldarlığı artıra bilməyiblər. Amma
məhsulun keyfiyyəti ilə bağlı bəzi ölkələrə nisbətən sahibkarlarımız müsbət nəticə
əldə edə biliblər. Yəni bizim istehsal etdiyimiz, xüsusən pomidor qonşu ölkələrin
istehsal etdiyi pomidordan fərqli olaraq keyfiyyətlidir. Buna görə də Rusiyada
bizim istehsal etdiyimiz pomidora yüksək dəyər verirlər”.
Rusiyanın Maqadan şəhərində yaşayan jurnalistlərin
Azərbaycandan gətirilən tərəvəz məhsullarının qiymətinin baha olmasından şikayətlənməsinə
gəlincə, ekspert, jurnalistlərin haqsız olduğunu bildirib: "Jurnalist özü də
istehlakçıdır. Əgər ona Azərbaycanın istehsal etdiyi tərəvəzin qiyməti sərf
etmirsə, o zaman almasın. Gedib ucuz məhsul alsın.
Düzdür, bizim istehsal etdiyimiz məhsulun maya dəyəri
yüksəkdir. Amma bununla yanaşı ona tələbat var. Tələbat olduğu üçün bizim məhsullar
Rusiyaya göndərilir. Məhsullarımızın keyfiyyəti yaxşı olduğu üçün Rusiyada yüksək
dəyər verilir. Yəni jurnalistlərin haqsız olduğunu demək istəyirəm. Əslində buna
Rusiya istehlakçıları dəyər verir.
Bir müddət əvvəl onların deputatları da belə fikirlər
səsləndirirdilər. Onlar da deyirdilər ki, Azərbaycandan gələn tərəvəzlər baha
qiymətə təklif olunur. Bu, keyfiyyətlə bağlıdır. Onlar bilməlidir ki, keyfiyyəti
yüksək olan məhsulun qiyməti də yüksəkdir”.
Vahid Məhərrəmov qeyd edib ki, Rusiyada daha çox
pomidor, xiyar və faraş kartof baha satılır: "Bu məhsullar həm yüksək qiymətə təklif
olunur, həm də onlara tələbat var.
Həmçinin ölkəmizdən Rusiyaya göyərtilər də göndərilir.
Xüsusən azərbaycanlılar, müəyyən dairələr var ki, onlar göyərtinin
alıcısıdırlar. Azərbaycandan gedən göyərtilərə yüksək dəyər verirlər.
Bizdən Rusiyaya ixrac olunan meyvələr də var. Xüsusən
də, nar, xurma və alma Rusiyaya ixrac edilir. Bəzi giləmeyvələrdə buraya
daxildir. Amma ixrac etdiyimiz məhsullar daha çox bunlardır”.
Sevinc Yasinqızı
Bakı Post