Azərbaycanda dollarlaşma səviyyəsi tarixi minimuma enərək 25,2 faiz təşkil edib. Eyni zamanda, valyuta bazarında həm nağd, həm də qeyri-nağd xarici valyuta təklifi tələbi üstələyir, Mərkəzi Bankın valyuta ehtiyatları isə rekord həddə çatıb. Bu göstəricilər manatın mövqeyinin güclənməsi ilə bağlı müzakirələrə səbəb olsa da, dollarlaşmanın azalmasının arxasında hansı iqtisadi amillərin dayandığı sual doğurur.
Bank-maliyyə eksperti Əkrəm Həsənov
“Bakupost”a bildirib ki, dollarlaşma səviyyəsinin aşağı düşməsi heç də manata etimadın artdığını göstərmir. Onun fikrincə, bu prosesin əsas səbəblərindən biri ölkədə iqtisadi artımın zəifləməsi, qiymətlərin yüksəlməsi fonunda həm əhalinin, həm də sahibkarların gəlir və mənfəətinin azalmasıdır.
Ekspertin sözlərinə görə, gəlirlər azaldıqda, xərclər artdıqda insanlar əvvəlki yığımlarından istifadə etməyə məcbur qalırlar. Yığımların əhəmiyyətli hissəsi xarici valyutada olduğundan vətəndaşlar vəsaitlərini xərcləmək üçün dolları manata çevirirlər.
Ə.Həsənov hesab edir ki, dollarlaşma göstəricisinin aşağı düşməsinin səbəblərindən biri də məhz bu prosesdir.
Ekspert ölkənin valyuta ehtiyatlarının yüksək olmasını isə əsasən neft və qaz gəlirləri ilə əlaqələndirib. Onun fikrincə, hazırkı şəraitdə neft-qaz satışından əldə olunan gəlirlər manatın mövqeyini qorumağa imkan verir və yaxın dövrdə milli valyuta üçün ciddi təhlükə görünmür.
Bununla belə, Ə.Həsənov uzunmüddətli perspektivlə bağlı narahatlığını ifadə edib. O bildirib ki, iqtisadi artım zəiflədikcə dövlət büdcə və sosial ehtiyacları qarşılamaq üçün valyuta ehtiyatlarından daha çox istifadə etməli ola bilər. Hazırda vergi daxilolmalarının artırılması və digər vasitələrlə büdcə gəlirlərinin təmin edildiyini deyən ekspert bu yanaşmanın daimi davam edə bilməyəcəyini düşünür.
Ə.Həsənovun fikrincə, əsas təhlükə ölkənin valyuta ehtiyatlarının tədricən xərclənməsi, lakin bunun müqabilində neftdən asılı olmayan, dayanıqlı iqtisadi modelin formalaşmamasıdır. O hesab edir ki, belə davam edərsə, gələcəkdə ehtiyatlar azaldığı halda iqtisadiyyatın özünü təmin etmək imkanları da məhdud qala bilər.
Vüsalə Hüseynova,
BakuPost