Rejissor Kənan MM yerli filmlərin büdcə problemlərindən şikayətlənib.
Bakupost.az xəbər verir ki, o bu barədə “Pərvizə görə” proqramında danışıb.
Rejissor bildirib ki, böyük büdcə ilə çəkilən filmlər gözlənilən reytinqi qazandırmır və bu, kino sektorunda ciddi suallar yaradır:
“Büdcələr ürəkaçan deyil. Amma bu o demək deyil ki, hər şeydən əl çəkməlisən. Mən “Gecə qonağı” filmini çəkəndə görüntü rejissorum türkiyəli Teoman Topçuoğlu idi. Setə gəldi, müəyyən texnikalar istədi, amma imkanımız olmadığını dedim. Bir il sonra filmin qala gecəsinə gəldi. Aeroportda əlimi sıxıb dedi ki, “Siz sehrbazsınız. Azərbaycanda kino çəkən sənətçilər sehrbazdır.” Səbəbini soruşanda isə bildirdi ki, “Sizin kino çəkdiyiniz şərtlər altında biz foto belə çəkmərik””.
Kənan MM Azərbaycan seriallarının reytinq məsələsi barədə də danışıb:
“Türkiyənin “Ay Yapım” şirkətinin sahibi Kərəm Çatay deyirdi ki, reytinq keyfiyyət göstəricisi deyil. Jurnalist ona sual verir ki, seriallarınız yüksək reytinq toplayır. Cavab verir ki, bu maraq məsələsidir. Azərbaycanda statistikaya baxsaq, görərik ki, serialı əsasən qadınlar baxır, kişilər demək olar ki, izləmirlər.
Osman Sınav deyirdi ki, serial elə olmalıdır ki, qadın mətbəxdə qab yuyarkən televizor açıq olsa belə, baxmadan söhbətin nədən getdiyini anlasın. Ona görə seriallarda qışqırmaq lazımdır və bu, ailə-məişət seriallarına aiddir. Mən bu janrda çalışanları qınamıram. Kanal rəhbəri deyir, reytinq verir, bu, başqa məsələdir. Mən də vaxtilə belə seriallar çəkmişəm, amma bilirəm ki, bu, mənim ruhuma və aktyor oyunuma yaxın deyil. Bu işi bacarıb çəkmək başqa, istəyib çəkmək başqa şeydir”.
Yasəmən