Azərbaycana turist axını azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin I rübündə ölkəyə 172 ölkədən 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.
Mövzu ilə bağlı
Bakupost.az-a danışan turizm eksperti Cəfər Qarayev bildirib ki, real azalma rəsmi rəqəmlərdən daha yüksəkdir:
“Azərbaycana gələn turistlərin əsas hissəsi Hindistan, Pakistan və Yaxın Şərq ölkələrinin payına düşürdü. Fevralın 18-dən Ramazan ayının başlaması və 28 fevraldan regionda gərginliyin müharibə mərhələsinə keçməsi turist axınına ciddi təsir göstərib. Xüsusilə Yaxın Şərqdən gələn turist axını demək olar ki, dayanıb.
Müharibənin təsiri nəticəsində bir sıra ölkələrin hava məkanları bağlanıb, bəzi reyslər isə ləğv edilib. Hətta Hindistandan Azərbaycana uçuşlar həyata keçirən “IndiGo” hava yolları da daxili səbəblərlə əlaqədar uçuşlarını dayandırıb.Bunun çox böyük təsiri və ciddi iqtisadi ziyanı var”.
Ekspertin sözlərinə görə, Azərbaycanda turizmlə məşğul olan şirkətlərdə vəziyyət kritik həddədir:
“Artıq təxminən iki aydır ərəb ölkələrindən turist axını yoxdur. Xüsusilə bu bazarla işləyən turizm şirkətləri üçün vəziyyət daha ağırdır. Fevralın 28-dən sonra isə bir çox reyslər tamamilə ləğv edilib”.
C.Qarayev qeyd edib ki, Körfəz ölkələrinin bir çoxunda hava limanlarının fəaliyyəti məhdudlaşıb:
“Hazırkı məlumata görə, hələ də tam bərpa olunmayıb. Küveyt və Bəhreyn aeroportları bağlıdır. Qətər və Birləşmiş Ərəb Əmirliklərində isə qismən fəaliyyət bərpa olunub. Lakin təəssüf ki, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana uçan “Air Arabia” mayın 30-dək uçuşları ləğv edib. Eyni zamanda, “Azərbaycan Hava Yolları” da aprel ayının sonunadək Dubay istiqamətində uçuşları dayandırıb.
Bununla yanaşı, Qətərin Doha şəhərinə, eləcə də Küveytə uçuşlar ləğv olunub. Omanla onsuz da birbaşa uçuşlar yox idi. Səudiyyə Ərəbistanının Riyad və Dammam şəhərlərinə də uçuşlar dayandırılıb”.
Ekspert vurğulayıb ki, bu vəziyyət həm gəlmə, həm də getmə turizmə ciddi zərbə vurub:
“Azərbaycana gələn turistlər ölkəyə xarici valyuta axını yaradırdı. Onlar burada otellərə, nəqliyyata, qida sektoruna, mağazalara, alış-veriş mərkəzlərinə pul xərcləyirdilər. Həmçinin bölgələrə səfər edir, muzeylərə gedir, müxtəlif xidmətlərdən istifadə edirdilər. Bütün bu proseslər demək olar ki, dayanıb və gəlmə turizmdə vəziyyət çox ağırdır”.
C.Qarayev əlavə edib ki, İsraildən gələn turistlərin sayı da son illərdə artmışdı, lakin hazırda bu istiqamətdə də uçuşlar dayandırılıb:
“Digər tərəfdən, İranın hava məkanının bağlı olması səbəbindən Bakıya gələn təyyarələr daha uzun marşrutla uçmalı olur. Bu isə yanacaq sərfiyyatını artırır, nəticədə aviabiletlərin qiyməti yüksəlir. İnsanlar artıq büdcələrinə uyğun səyahət edə bilmir.
Hazırda Bakı–Dubay gediş-dönüş bileti təxminən 1200 manatdır və bu, “Flydubai” vasitəsilədir. Bu qiymət əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə yüksəkdir. Normalda biletlər 500–600 manat civarında olurdu və qiymətə baqaj da daxil idi. İndi isə bu məbləğə hətta baqaj da daxil deyil” .
Lalə Novruz,
BakuPost