Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində çalışan işçilərlə əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
Büdcədən maliyyələşdirilən müəssisələrdə isə saatlıq əməkhaqqının tətbiqinə yalnız müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda yol veriləcək.
Dəyişikliyə əsasən, natamam iş vaxtı ilə çalışan və aylıq əməkhaqqı alan işçilərin maaşı müəyyən edilmiş iş vaxtına mütənasib olaraq hesablanan minimum aylıq əməkhaqqı məbləğindən aşağı ola bilməz.
Həmçinin saatlıq əməkhaqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatı üçün aldığı məbləğ minimum saatlıq əməkhaqqından az olmamalıdır. İşçinin gündəlik iş vaxtı bir saatdan az olduqda belə, ona minimum bir saatlıq əməkhaqqı ödənilməlidir. Növbəti iş saatının bir saatdan az olan hissəsi də bir saat kimi nəzərə alınaraq ödənilməlidir.
Minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək müəyyən edilməlidir. Saatlıq əməkhaqqı alan işçilərə ödəniş əmək müqaviləsində nəzərdə tutulan müddətdə həyata keçirilməlidir.
Qeyd edilib ki, minimum əməkhaqqının tənzimlənməsi Beynəlxalq Əmək Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların diqqətində olan məsələlərdəndir.
Mövzu ilə bağlı
"Bakupost" insan resursları üzrə menecer Röyal Əhmədov saatlıq əməkhaqqı sisteminin tətbiqinin Azərbaycan əmək bazarı üçün müsbət və perspektivli addım ola biləcəyini bildirib.
Onun sözlərinə görə, müasir əmək bazarında artıq yalnız tam iş günü və sabit aylıq əməkhaqqı modelindən istifadə etməklə kifayətlənmək mümkün deyil:
"Qısamüddətli, natamam iş vaxtı, növbəli və sifariş əsaslı əmək münasibətləri genişlənir. Bu baxımdan saatlıq əməkhaqqı sistemi əmək münasibətlərinin daha çevik və şəffaf qurulmasına şərait yarada bilər.
İşçilərin gəlirlərinə təsirinə gəldikdə isə düşünürəm ki, bu sistemin tətbiqi avtomatik olaraq maaşların artması demək deyil. Burada əsas məsələ saatlıq tarifin hansı məbləğdə müəyyənləşdirilməsi və işçinin faktiki işlədiyi saatların düzgün hesablanmasıdır".
Ekspert deyir ki, əgər saatlıq əməkhaqqı ədalətli müəyyən edilərsə, xüsusilə əlavə iş saatlarına görə ödənişlər düzgün aparılarsa, işçilərin gəlirlərində artım müşahidə oluna bilər:
"Ancaq tarif aşağı müəyyən edilərsə və iş saatları məhdudlaşdırılarsa, bəzi işçilərin aylıq gəlirlərində azalma da mümkündür. Məsələn, əvvəl ay ərzində sabit 700 manat əməkhaqqı alan bir işçi yeni sistemdə yalnız faktiki işlədiyi saatlara görə ödəniş alacaqsa, onun gəliri iş saatlarının sayından asılı olacaq. Buna görə də sistemin tətbiqində əsas məqsəd işçinin gəlirini azaltmaq deyil, əməyinin real dəyərini düzgün müəyyənləşdirmək olmalıdır. Əmək hüquqları baxımından isə bu sistemin ciddi üstünlükləri ola bilər. İşçinin işlədiyi saatların rəsmiləşdirilməsi, əlavə iş vaxtının hesablanması və əməkhaqqının şəffaf ödənilməsi daha sistemli həyata keçirilə bilər. Bununla belə, saatlıq əməkhaqqı tətbiq edilərkən əmək məzuniyyəti, sosial sığorta, xəstəliklə bağlı təminatlar və digər əmək hüquqları da qorunmalıdır. Saatlıq ödəniş işçinin hüquqlarının məhdudlaşdırılması üçün vasitəyə çevrilməməlidir”.
Ekspertin fikrincə, saatlıq əməkhaqqı sisteminin ən mühüm nəticələrindən biri qeyri-formal məşğulluğun azaldılması ola bilər:
"Azərbaycanda xüsusilə xidmət, restoran, tikinti, kənd təsərrüfatı, təmizlik və ticarət sahələrində gündəlik və qısamüddətli işlər geniş yayılıb. Bəzi hallarda işçilər faktiki işləsələr də, onlarla əmək müqaviləsi bağlanmır və əməkhaqqı qeyri-rəsmi şəkildə ödənilir. Saatlıq əməkhaqqı mexanizmi işəgötürənlərə qısamüddətli işlər üçün daha çevik və rəsmi əmək münasibətləri qurmağa imkan verə bilər. Məsələn, bir müəssisəyə gündəlik 3-4 saatlıq işçi lazım olduqda, həmin şəxsin əmək fəaliyyətini rəsmiləşdirmək daha əlçatan ola bilər. Amma yalnız saatlıq əməkhaqqının tətbiqi qeyri-formal məşğulluğu aradan qaldırmayacaq. Bunun üçün əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilməsi, iş vaxtının uçotu, sosial sığorta ödənişləri və dövlət nəzarəti paralel şəkildə gücləndirilməlidir”.
R.Əhmədovun sözlərinə görə, beynəlxalq təcrübəyə nəzər saldıqda ABŞ, Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə saatlıq minimum əməkhaqqı mexanizminin uzun müddətdir tətbiq olunduğunu görmək mümkündür:
"ABŞ-də saatlıq minimum əməkhaqqı sistemi xüsusilə xidmət və pərakəndə ticarət sektorunda geniş yayılıb. Burada işçinin qazancı işlədiyi saatlara və tətbiq olunan minimum tarifə əsaslanır. Bununla yanaşı, ştatlar federal minimumdan daha yüksək tariflər müəyyən edə bilirlər. Almaniyada minimum saatlıq əməkhaqqı həm tam, həm də natamam iş vaxtı ilə çalışan şəxslərin əməyinin minimum səviyyədə qiymətləndirilməsinə xidmət edir. Bu yanaşma qısamüddətli məşğulluq formalarının da hüquqi çərçivədə tənzimlənməsinə imkan yaradır. Böyük Britaniyada minimum əməkhaqqı yaş qrupları üzrə müəyyən edilən saatlıq tariflər əsasında tətbiq olunur. Bu sistem natamam iş vaxtı ilə çalışan şəxslərin də işlədikləri hər saat üçün minimum ödəniş almasını nəzərdə tutur. Fransada isə minimum əməkhaqqının saatlıq göstəricisi mövcuddur və iş vaxtının müxtəlif formalarına uyğun əməkhaqqı hesablanır.
Bu ölkələrin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sistemi düzgün tətbiq edildikdə əmək bazarında şəffaflığı artırır, işçilərin minimum gəlir təminatını gücləndirir və natamam məşğulluğun hüquqi tənzimlənməsinə kömək edir. Bununla belə, heç bir ölkədə bu sistem bütün əmək bazarı problemlərini təkbaşına həll etmir".
Ekspert hesab edir ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi əmək bazarının müasirləşməsi baxımından müsbət addımdır. Lakin sistemin uğurlu olması üçün üç əsas prinsip qorunmalıdır:
"İşçinin gəlirinin ədalətli hesablanması, əmək hüquqlarının tam təmin edilməsi və işəgötürənlərin fəaliyyətində şəffaflığın artırılması. Xüsusilə qeyd etmək istəyirəm ki, saatlıq əməkhaqqı sistemi aylıq əməkhaqqı modelini tamamilə əvəz edən mexanizm kimi deyil, əmək bazarındakı müxtəlif məşğulluq formalarını tamamlayan alternativ sistem kimi tətbiq edilməlidir. Əsas məqsəd işəgötürən üçün daha ucuz işçi əldə etmək deyil, işçinin sərf etdiyi vaxtın və əməyin real dəyərini təmin etmək olmalıdır. Bu prinsip qorunarsa, saatlıq əməkhaqqı sistemi həm işçilər, həm də işəgötürənlər üçün faydalı nəticələr verə bilər".
Lalə, BakuPost
Tam-bütöv Kartası ilə Siyasi hüquqi Yer aləminə tanıdılmamış Azərbaycan (ADR) Xalq Cümuhürriyyətimizi təkrar suverenliyindən də 35 il keçir və Milli Məclisimiz tarixən çoxdan real tətbiq olunan və ayrılmaz Vətəndaş hüquqlarını rəsmən Konstitusion İnsan Haqqlarına çevirməyə tələsməyib və görünür tələsmir də? Əsas təbii sərvətlər tükənmədədir, büdcənin yarıdan çoxunu təmin etsə də, onların hasilat ortaqlığında Azərbaycan vətəndaşının tam hüquqi sahibliyi, ya (Tağıyev, Nağıyev və digərlərinin) ortaqlığı Konstitusiyada necə təsbit olunub?