Şou biznesdə bir çox məşhurla çalışan stilist-vizajist Emil Hacıyev uğursuz burun əməliyyatlarını həyata keçirən həkimlərin adlarını açıqlayıb.
Bakupost.az xəbər verir ki, E.Hacıyev 5 dəfə əməliyyat olunduğunu və onlardan 4-nün uğursuz nəticələndiyini bildirib.
Onun sözlərinə görə, ilk iki əməliyyatı Hüseyn Məmmədov icra edib və hər iki əməliyyat uğursuz olub:
“Heç birini pisləmirəm, bəddua və qarğış etmirəm. Amma bir həqiqət var ki, bu gün çəkdiyim ağrının, acının və bu halsızlığımın birinci səbəbkarları məhz onlardır.
Nə şikayət, nə də antireklam edirəm. Sadəcə paylaşıram ki, mənim başıma gələnləri siz yaşamayasınız. Bəli, əməliyyat bir şans işidir. Amma həkimin səni yola verməsi şans yox, vicdan məsələsidir. Bu qədər inkişaf etmiş bir dövrdə mən bu əziyyəti çəkməməli idim...?
Adını çəkəcəyim həkimlərin çox uğurlu əməliyyatları var və hazırda da işləyirlər. Allah ruzilərini bol etsin, əllərinə güc və qüvvət versin ki, heç kəsi mənim vəziyyətimə salmasınlar. İlk və ikinci əməliyyatımı Hüseyn Məmmədov həyata keçirdi. İlk əməliyyatdan necə narazı qaldımsa, ikincidən də eyni nəticə aldım. Heç bir fərqi olmadı. Yalandan özümü aldadıb getdim. O dönəmlərdə pulum yox idi, məcbur qalıb ucuz həkim tapdım. Ucuz ətin şorbası misalı başıma gəldi”.
E.Hacıyev bildirib ki, üçüncü əməliyyatı Fərid Əliyev edib. Stilist ilkin nəticədən razı olsa da, bir ay sonra burunun vəziyyəti yenidən pisləşib:
“Yenə təriflərə baxdım, getdim, əməkdaşlıq naminə əməliyyatı etdi. Müəyyən bir məbləğ ödədim. Əməliyyatdan sonra nəticə əla idi, amma 1 ay keçəndən sonra pis gününə qaldı.”
Dördüncü əməliyyat isə Faiq Abdullayev tərəfindən edilib. Stilist əməliyyatın əvvəlcə uğurlu olduğunu, istədiyi forma əldə etdiyini bildirib. Lakin 3-4 ay sonra vəziyyət yenidən pisləşib:
“O həkimlə də əməkdaşlıq şəraitində danışdıq, razılaşdıq və müəyyən məbləğ ödədim. Xəstəxana xərclərini dedilər, amma xəstəxana xərcləri az olsa da, təəssüf ki, bu mənə 2 min manatdan baha başa gəldi. Əməliyyatdan çıxdım, nəticə əla idi, istədiyim burun – qəşəng, dik ucu olan və səliqəli tikilmişdi. Amma 3–4 ay sonra vəziyyət yenidən pisləşdi. Halbuki edən həkim çox yaxın dostum üçün əla iş görmüşdü, amma mənim vəziyyətim pis oldu.
İndi beşinci əməliyyatı edən həkimə təşəkkür edirəm, nəticə əladır və pisə doğru gedəcəyinə inanmıram. Bu əməliyyatı üçün qardaşımın qabırğasından istifadə etdilər”.
Lalə Novruz, BakuPost