Rusiya hökuməti dövlət sərhədindən keçid məntəqələrinin modernləşdirilməsi üzrə genişmiqyaslı proqramı davam etdirir.
Bakupost.az “Regnum.ru”-ya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, Rusiya–Azərbaycan istiqamətində avtomobil buraxılış məntəqələrinin ötürmə qabiliyyəti son beş ildə 5 dəfə artıb.
Bu barədə Rusiya nəqliyyat naziri Andrey Nikitin ölkədə sərhəd-keçid məntəqələrinin yenilənməsi ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanla ticarət və tranzit axınının sürətlə artması bu istiqaməti prioritet beynəlxalq nəqliyyat dəhlizlərindən birinə çevirib.
“Azərbaycanla istiqamətdə ötürmə qabiliyyəti beş dəfə artıb. Bu, ixrac və idxal axınlarının real tələbatının göstəricisidir”, – deyə Nikitin vurğulayıb.
Nazirin sözlərinə görə, ümumilikdə 2025-ci ilin yekunlarına əsasən, Rusiyada sərhəd-keçid məntəqələrinin ümumi buraxılış qabiliyyəti 7% artaraq illik 26 milyon nəqliyyat vasitəsinə çatıb. 2026-cı ildə isə prioritet məntəqələr üzrə əlavə olaraq təxminən 10% artım gözlənilir.
Rusiya hökumətinin “Effektiv nəqliyyat sistemi” milli layihəsi çərçivəsində 2030-cu ilədək 27 əsas beynəlxalq sərhəd-keçid məntəqəsinin tikintisi və ya modernləşdirilməsi planlaşdırılır. Bu layihələr çərçivəsində avtomobil keçid məntəqələrinin illik ötürmə qabiliyyəti 19,6 milyon nəqliyyat vasitəsinə çatdırılacaq.
Ekspertlər qeyd edirlər ki, Rusiya–Azərbaycan sərhədində modernləşmə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün də mühüm əhəmiyyət daşıyır. İnfrastrukturun yenilənməsi yük daşımalarının sürətini artırır, gözləmə vaxtını azaldır və regionda logistikanın səmərəliliyini yüksəldir.
Rusiya tərəfi bildirir ki, sərhəd-keçid məntəqələrində rəqəmsallaşma, elektron növbə sistemləri, elektron yük sənədləri və rəqəmsal plomb texnologiyalarının tətbiqi də genişləndirilir. Bu isə Azərbaycanla ticarət dövriyyəsinin gələcəkdə daha da artmasına imkan yaradır.
Cavid, BakuPost