Ru
15:30 / 03 Mart 2026

“Azərbaycanın təcrübəsi nümunədir” – Süni intellekt neft-qaz sektorunda prioritet olur

“Azərbaycanın təcrübəsi nümunədir” – Süni intellekt neft-qaz sektorunda prioritet olur
Eye

Qlobal enerji bazarında dalğalanmalar fonunda neft-qaz şirkətləri optimallaşma və rəqəmsallaşmaya daha çox üstünlük verməyə başlayır.

Bakupost.az xəbər verir ki, bu barədə beynəlxalq enerji transformasiyası üzrə ekspert Kirill Naqorski Rusiyanın “Arqumenti i faktı” saytına geniş müsahibəsində danışıb. Onun sözlərinə görə, süni intellekt və rəqəmsal həllər artıq sektor üçün əlavə xərc deyil, düzgün tətbiq olunarsa, milyardlarla dollar dəyər yarada bilən alətə çevrilə bilər.



Naqorski bildirib ki, karyerası ərzində Rusiya, Böyük Britaniya, ABŞ, Azərbaycan, Kolumbiya və Əlcəzair də daxil olmaqla bir sıra ölkələrdə iri neft-qaz aktivlərinin transformasiya layihələrinə rəhbərlik edib. Ekspert xüsusilə Azərbaycan yataqlarında əldə etdiyi təcrübənin rəqəmsal idarəetmə və optimallaşma baxımından mühüm nəticələr verdiyini vurğulayıb. Onun sözlərinə görə, müxtəlif coğrafiyalarda tətbiq edilən vahid metodologiya – aktivlərin tam rəqəmsallaşdırılması, göstəricilərin standartlaşdırılması və süni intellekt əsaslı analiz – hasilatın artımı və xərclərin azalması ilə yanaşı, tullantıların da azaldılmasına imkan yaradıb.

Neft mütəxəssisi qeyd edib ki, süni intellekt artıq geoloji kəşfiyyat mərhələsində real nəticələr verir və böyük həcmli məlumatların təhlilində, hesabatların hazırlanmasında və texniki qərarların dəstəklənməsində effektivdir. Onun yanaşması əsasında hazırlanmış kompleks qiymətləndirmə modeli ötən il beynəlxalq “ECO Best 2025” mükafatına layiq görülüb. Münsiflər heyəti layihələrin iqtisadi səmərəliliklə yanaşı, ekoloji göstəricilərə də müsbət təsirini xüsusi vurğulayıb.

Ekspertin fikrincə, gələcəkdə neft-qaz sektorunda rəqabət yalnız ehtiyat bazası ilə deyil, idarəetmə keyfiyyəti və rəqəmsal həllərin effektivliyi ilə müəyyən olunacaq. Bu baxımdan, Azərbaycan kimi uzunmüddətli neft-qaz ənənəsinə malik ölkələr üçün rəqəmsal transformasiya və süni intellektin tətbiqi strateji üstünlük yarada bilər.

Naqorski hesab edir ki, kompleks yanaşma – mühəndislik təcrübəsi ilə rəqəmsal alətlərin birləşdirilməsi həm hasilatın sabit saxlanmasına, həm də qlobal bazardakı dəyişikliklərə daha çevik uyğunlaşmağa imkan verir. Bu isə region ölkələri, o cümlədən Azərbaycan üçün yeni mərhələdə rəqabət qabiliyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar