Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında yaxın gələcəkdə Ermənistan məhsullarının Azərbaycana ixrac ediləcəyinə ümid etdiyini bildirib.
Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, erməni ictimaiyyətində hər şeyi çətinləşdirmək vərdişi formalaşıb.
Baş nazir Azərbaycan Prezidenti tərəfindən neft məhsullarının ixracı ilə bağlı qəbul edilmiş qərarı fərqli platformalarda dəfələrlə izah etməsinin səbəbini açıqlayarkən, “Ermənistana aid bəzi proseslər baş verib və ölkə ictimaiyyəti mövqeyini ifadə etməlidir. Biz bunu müsbət qarşılayırıq”, – deyib.
Baş nazir vurğulayıb ki, əvvəlcə Qazaxıstandan, sonra isə Rusiyadan buğda idxalına qoyulan qadağa aradan qaldırılıb və Ermənistanla tranzit yolu ilə qatar hərəkətinə heç bir məhdudiyyət yoxdur. “Bəs onda niyə Ermənistandan qatarlar hərəkət etmir? Çünki prosesimiz bir yük maşını (və ya bir qatar yükü) çərçivəsində işləyir – qatarı doldurmaq və müəyyən istiqamətə göndərmək müəyyən çətinlikləri aradan qaldırmağı tələb edir”, – deyə Paşinyan izah edib.
O əlavə edib ki, Azərbaycan Ermənistanın sahibkarlıq subyektlərinə neft məhsulları satmağa hazır olduğunu bildirib.
“Əgər biz münasibətimizi bildirməsək, bu, qəribə olacaq”, – deyə Paşinyan bildirib.
Baş nazir həmçinin qeyd edib ki, bu məsələ Avrasiya İqtisadi Birliyi (AİB) üçün də önəmlidir. Çünki Ermənistan artıq AİB ilə dəmir yolu əlaqəsinə malikdir ki, bu, əvvəllər mümkün deyildi.
“Baş verən hadisənin miqyasını düzgün qiymətləndirmək çox vacibdir. Mən göstərmək istəyirəm ki, sülh reallıqdır və bu reallığın konkret təzahürləri var”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.
Cavid, BakuPost