Azərbaycanla Ukrayna arasında əlaqələrin böyük tarixi var. Bu əlaqələrin başlanğıcı lap qədimlərə gedib çıxsa da, əsas yaxınlaşma hər iki dövlət müstəqillik əldə etdiyi ilk illərdən başladı.
Azərbaycan ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəmir, Ukraynanın düşdüyü ağır durumda onun yanında durur, ərazi bütüövlüyünü dəstəkləyir, humanitar sahədə yardım göstərir.
Bu, Azərbaycan dövlətinin siyasətindən irəli gəlir. Belə ki, Azərbaycan münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə dəstək göstərib və göstərməkdə davam edir. Çünki Azərbaycan özü uzun illər bu problemlərdən əziyyət çəkib. Ölkəmizin ağır durumda olan dövlətlərə yardım etməsini bu günlərdə İrana etdiyi humanitar yardımlar da göstərir.
Mart ayında Azərbaycandan İrana 82 tonluq humanitar yardım yola salınıb. Apreldə isə bu ölkəyə 200 tonluq humanitar dəstək göstərilib.
Ukraynaya gəldikdə, bu ölkəyə humanitar dəstək bir neçə formada özünü göstərir. Azərbaycanda Ukraynadan olan, müharibədən əziyyət çəkən uşaqların reabilitasiyası üzrə proqramlar həyata keçirilir. Bu günədək çox sayda ukraynalı uşaq belə proqramlarda iştirak edib. Yaxın vaxtlarda həmçinin ukraynalı tələbələrin də Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.
Dəstək enerji sahəsində də özünü göstərir. Azərbaycan Ukraynaya mülki infrastrukturun bərpası üçün generatorlar, kabel sistemləri, transformatorlar və digər avadanlıqlar göndərib. Son olaraq bu ilin yanvarında 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27000 metr kabel və naqil göndərilib.
Habelə, İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb Azərbaycanın dəstəyilə tam bərpa edilib. Azərbaycanın bu ölkəyə göstərdiyi humanitar yardımın ümumi məbləği 2025-ci ilin yekunlarına görə, artıq 75 milyon manata çatıb.
Onu da qeyd edək ki, Ukraynada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar arasında “Dostluq”, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi xüsusi olaraq seçilir. Ümumiyyətlə burada yarım milyona yaxın soydaşımız yaşayır.
Azərbaycan Ukraynanı mina təmizləyən avadanlıqlarla təmin etmək niyyətini də ortaya qoyub.
Habelə, 2026-cı ilin yanvarında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə işgüzar görüşdə şəhərsalma və Ukraynanın bərpası sahəsində Ukrayna–Azərbaycan əməkdaşlığının aktual tərəflərini müzakirə ediblər.
Azərbaycan Ukrayna ilə yanaşı, Rusiya ilə də əlaqələrini inkişaf etdirir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə
Bakupost.az-a bildirdi ki, Azərbaycan üçün digər dövlətlərlə münasibətdə əsas prinsip beynəlxalq hüquq normalarıdır:
“Başqa dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edir və ümumi maraqlarla uyğunlaşaraq, əməkdaşlıq edirik”.
Deputatın sözlərinə görə, Ukrayna Prezidentinin
Azərbaycana səfəri müstəqilliklərimiz bərpa edildikdən sonra mövcud münasibətlərin daha da inkişaf etdirilməsi üçün çox böyük önəm daşıyır:
“Ukraynada böyük Azərbaycan diasporu yaşayır. Azərbaycan və Ukrayna şirkətləri qarşılıqlı olaraq bir-birilə əməkdaşlıqda maraqlıdırlar. Ümumi ticarət dövriyyəmiz yarım milyard dollara yaxındır. Gələcəkdə bu rəqəm daha da artacaq. Zelenskinin bu səfəri zamanı iqtisadiyyat, kənd təsərrüfatı, humanitar, hərbi-texniki əməkdaşlıq məsələlərini əhatə edən 6 yeni sənəd imzalandı. Bunlar heç bir başqa ölkəyə qarşı yönəlməyib”.
Həmsöhbətimiz qeyd edir ki, Bakı hazırda dünyanın diplomatik paytaxtlarından biridir:
“Ölkəmiz Rusiya ilə Ukrayna arasındakı münasibətlərin tezliklə danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, mətbuatda Rusiya ilə Ukrayna liderləri arasında görüşün Azərbaycanda keçirilməsilə bağlı təkliflər səslənib. Bakı bunun üçün müvafiq hazırlıqlar, təhlükəsizlik tədbirləri görməyə hazırdır və tərəflərin münaqişəni sona yetirmələri üçün maksimum səylər göstərəcək. Azərbaycanın digər dövlətlərlə münasibəti bir daha göstərir ki, Bakı balanslaşdırılmış siyasət yeritməklə həm özünün müstəqillik və suverenliyini qoruyur, eyni zamanda, digər dövlətlərin münaqişələrinə qoşulmayaraq, onlarla ikitərəfli əməkdaşlığa üstünlük verir”.
Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan qonşu, yaxın və uzaq ölkələrlə münasibətlərini qarşılıqlı maraqlar əsasında formalaşdırır və ortaq layihələrin reallaşmasına çalışır:
“Azərbaycanın mövqeyi dövlətlərin ərazi bütövlüyü, suverenliyinə hörmət və dəstəkdir”.
Politoloq qeyd edir ki, bu mənada Bakı Ukrayna-Rusiya müharibəsinin də danışıqlar yolu ilə həllinə tərəfdardır:
“Eyni zamanda, Azərbaycan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev bu fikri Ukraynalı həmkarı Volodimir Zelenski ilə Qəbələ görüşündə bir daha təkrarladı”.
E. Şahinoğlu hesab edir ki, Azərbaycanın vasitəçi olaraq təklif edilməsi və Zelenskinin də onu dəstəkləməsi ümumi proses üçün faydalı olar:
“Kreml də buna razılıq versə, Bakıda tərəflərin görüşünü keçirmək mümkündür. Azərbaycan belə bir təcrübəyə malikdir. Vaxtilə Türkiyə İsrail danışıqları da Bakıda olub. Rusiya Baş Qərargah rəisi NATO generalları ilə də Bakıda görüşüb. Azərbaycan müharibənin sona çatdırılması üçün bu danışıqlarda nəticə əldə edilməsinin tərəfdarıdır. Belə bir görüş bölgə üçün də faydalı olar”.
Rüfət Sultan, BakuPost