Ru
18:17 / 06 May 2019

Azərbaycanlı tələbə Novosibirskdə ölkəmizi belə təmsil etdi - VİDEOLAR

2707


Bu günlərdə Rusiya Federasiyasının Novosibirsk şəhərindəki Novosibirsk Dövlət Universitetində (NDU) ənənəvi "İnternedelya" ("İnterhəftə") Beynəlxalq Tələbə Gənclər Forumu keçirilib. Tədbirin əsas təşkilatçılarından biri sözügedən universitetin birinci kurs tələbəsi Nigar Anar qızı Cəbrayılova olub. O, tədbirin ərsəyə gəlməsində yaxından iştirak etməklə yanaşı, Azərbaycan stendinin yaranması, ölkəmizlə bağlı çıxışların, rəqslərin, ümumiyyətlə bütün proqramın hazırlanmasına rəhbərlik edib. 

 

Onu da bildirək ki, forumun budəfəki proqramı bir çox yeniliklərlə yadda qalıb. Belə ki, forum bu dəfə "April tea" dünya ölkələrinin çay dəstgahı mərasimi və "Səslərin kainatı: Rusiyadan sevgi ilə" adlı konsertlə açıq elan edilib.


Forumda iştirak edənlər birinci gün Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin mətbəxindən olan nemətlərin, şirniyyatların və ətirli çayların dadına baxmaq imkanı qazanıblar. Eyni zamanda foruma qatılanlar Novosibirsk Dövlət Konservatoriyasının çoxmillətli kollektivinin ifasında məşhur rus klassik musiqilərini də dinləyiblər.

 

 



Forumun ikinci günü "GeoKviz" intellektual oyunu və dünyanın 16 ölkəsinin mədəniyyətləri ilə bağlı maraqlı faktlarla tanış olmaq imkanı verən "Interleague" adlı milli mədəniyyətlərin təqdimatı keçirilib. Novosibirsk Dövlət Universitetinin idman komandalarının iştirakı ilə təşkil edilən ənənəvi paradda – "İnteryürüş"də Azərbaycan, Çin, Rusiya, Koreya, İtaliya, Fransa, Zimbabve, Bolqarıstan, Tacikistan və digər ölkələrdən olan tələbə gənclər iştirak edib.

"Beynəlmiləl Arbat"da təşkil olunan milli şəhərciklərdə isə tələbələr Azərbaycan, Kolumbiya, İspaniya, Suriya, Fransa, Çin, Yaponiya, Böyük Britaniya, Qırğızıstan, Koreya, İran, İtaliya və Hindistanın milli geyim, əl işləri və mədəniyyət ənənələrini təqdim ediblər.

  



 

Qeyd etmək yerinə düşər ki, 28 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən "İnternedelya" ("İnterhəftə") Beynəlxalq Tələbə Gənclər Forumunda Novosibirsk Dövlət Universitetində təhsil alan Azərbaycandan, habelə azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Borçalı mahalından olan tələbələr milli mətbəximizin nemətlərini, şirniyyatlarımızı, çaylarımızı, milli geyim və xalçaçılıq nümunələrini də sərgiləyərək, ölkəmizi layiqli şəkildə təmsil ediblər.

Forumun sonuncu günündə isə "Dünya rəqsləri" adlı rəqs marafonu, NDU-nun "Etno Party" adlı beynəlmiləl tələbə görüşü də keçirilib. Tədbirin iştirakçıları milli mədəniyyətləri barədə məlumat veriblər. Günün sonunda rəqqasların, müxtəlif istiqamətlər və janrlar üzrə vokal-akustik ifaçıların iştirakı ilə milli mədəniyyətlərin təqdim olunduğu böyük konsert baş tutub.


Xatırladaq ki, ilk dəfə 1966-cı ilin yazında NDU-da "Beynəlxalq proletariat həmrəyliyi" adı ilə fəaliyyətə başlayan, 1970-ci illərin sonundan etibarən "İnternedelya" Beynəlxalq Tələbə Gənclər Forumu adı altında keçirilən və hazırda dünyada ən böyük gənclər forumlarından birinə çevrilən "İnterhəftə"nin təşkilatçısı NDU-nun Təlimdənkənar və tərbiyəvi iş mərkəzidir.

 


Azərbaycanlı tələbə Novosibirskdə ölkəmizi belə təmsil etdi  - VİDEOLAR
Azərbaycanlı tələbə Novosibirskdə ölkəmizi belə təmsil etdi  - VİDEOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər