Ru
23:50 / 31 İyul 2025

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB
Eye

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığı ilə dərc olunan xəbərlə bağlı məlumat yayıb.


Bakupost.az xəbər verir ki, məqalədə Rusiya xəbər agentliyinin "Xankəndi" adını təhrif etməsinin dostluq və əməkdaşlığa zidd olmasından danışılmaqla yanaşı, şəhərin adının etimologiyası, onun necə "Stepanakert" adlandırılması və tarixi adının bərpası prosesindən danışılır.


Məqaləni təqdim edirik:


"Başlığın özündən də göründüyü kimi, AZƏRTAC-ın uzun illər ərzində daim səmimi, tərəfdaş və hətta dost münasibətlər saxladığı agentliyin rəhbərliyi gözlənilmədən əvvəlki kursunu dəyişərək tarix zibilliyinə atılmış “Stepanakert” toponimini yenidən gündəmə gətirib. Halbuki, agentlik hələ bir neçə gün öncə yayımladığı xəbərlərdə şəhərin rəsmi və tarixi adından – Xankəndi (məsələn, 19 iyul; 24 iyul və s.) – istifadə edib.


TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə bir adın dirçəldilməsinə cəhd göstərilməsi təəccüb doğurur və haqlı sual yaradır: son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi sovet dövrünə aid, çoxdan unudulmuş bir toponimi “diriltmək” qərarına gəldi?


Xankəndi – XVIII əsrin sonlarında yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə “Xan kəndi” mənasını verir. Xankəndidə İbrahim Xəlil xanın malikanəsi yerləşirdi və burada hökmdara məxsus Qarabağ cinsindən olan atlar saxlanılırdı.


1923-cü il 7 iyul tarixində ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra – bu addım özü-özlüyündə gecikmiş partlayış effekti olan mina idi və erməni-azərbaycanlı inzibati-ərazi bölgüsündə ədalətsizlik və balanssızlığın əsasını qoydu – vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri 10 avqustda “Stepanakert” adlandırıldı. Sovet tarixşünaslığında bu adın “Bakı Kommunasının rəhbəri” kimi təqdim olunan, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyana ithaf edildiyi bildirilirdi.


1991-ci il 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı – Xankəndi – qaytarıldı. 2023-cü il 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin mərkəzi meydanında dövlət bayrağını ucaltdı və 2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkilərində bu şəhərdə səs verərək seçki qutusuna atdığı bülletenin “erməni separatçılarının tabutuna vurulan son mıx” olduğunu bildirdi.


TASS-ın bugünkü xəbərinin başlığı və məzmunu Azərbaycan cəmiyyətində təəccüb və hətta narazılıq doğurdu. Rusiya dövlət KİV rəhbərliyinin əvvəlki mövqedən uzaqlaşması agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyi ilə hərəkət edən AZƏRTAC, TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımlardan çəkinməyə və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır.


Öz növbəsində AZƏRTAC bəyan edir ki, agentlik TASS ilə səmimi münasibətlərin qorunmasında maraqlıdır, eyni zamanda Rusiya tərəfinin buraxılmış səhvi düzəltməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı anlayış və münasibət görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Königsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solça-Qala), Novorossiysk (Sudjuk-Qala), Yujno-Saxalinsk (Toyohara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər tarixi adları xatırlamaq və istifadə etmək məcburiyyətində qalacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar