Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, "Oleq Bakinski" kimi tanınan iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, Oleq Krapivinə 6 ay müddətinə sınaq müddətinə şərti cəza verilib.
Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən birinə bəraət verilib. Ona 6 ay sınaq müddəti seçilməklə şərti cəza təyin edilib.
Bundan əvvəlki prosesdə dövlət ittihamçısı Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il azadlıqdan məhrum edilməsini istəyib.
Kuçerin 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham edilərək, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.