Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir.
Bununla bağlı tədbirlər çərçivəsində avtobus sayının artırılması, intervalın azaldılması gözlənilirmi?
"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib:
“ Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.
M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında
M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında
M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında
M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında
M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında
M6 – Metronun “Elmlər Akademiyası”, “Nizami”, “Gənclik” və “Koroğlu” stansiyaları arasında fəaliyyət göstərir.
Şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlayan zaman ekspress marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə edirik”.
Qurumdan qeyd edilib ki, sərnişinlər marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər:
“Qeyd edək ki, 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb. Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspress) 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspress marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 000-ə yaxın sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 000 sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır. 4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub”.