Bakıda fəaliyyət göstərən ADA Universitetinin tələbələri – Bülbül Zeynalova, Lalə Rüstəmxanlı və Rəvanə Ələmova tərəfindən əcnəbi tələbələr üçün Azərbaycan tarixinin önəmli simalarından biri olan Hacı Zeynalabdin Tağıyev haqqında maarifləndirici sosial məsuliyyət layihəsi həyata keçirilir.
Bakupost.az xəbər verir ki, “TAGHIYEV: A Legacy Beyond Borders” adlı layihə paytaxtımızda təhsil alan əcnəbi tələbələr arasında milli irsin tanıdılmasına yönəlib.
Layihənin əsas məqsədi beynəlxalq tələbələr arasında Azərbaycanın tarixi, xüsusilə neft bumu dövrü və bu dövrün formalaşmasında mühüm rol oynamış şəxsiyyətlər barədə məlumatlılığı artırmaqdır. Təşəbbüs çərçivəsində iştirakçılara Tağıyevin həyat yolu, xeyriyyəçilik fəaliyyəti və cəmiyyətə verdiyi töhfələr interaktiv təqdimatlar vasitəsilə çatdırılır.
Layihə artıq bir sıra ali təhsil müəssisələrində həyata keçirilib. Maarifləndirici sessiyalar ADA Universiteti, ADNSU, UNEC, ADU, OYU və BAU kimi universitetlərdə üzbəüz formatda təşkil olunub. Bununla yanaşı, BDU və Cənubi Koreyanın Sunqşin Qadınlar Universitetində təhsil alan tələbələr üçün onlayn sessiyalar da keçirilib.
Sessiyalar interaktiv formada təşkil olunur və təqdimatlardan sonra iştirakçıların biliklərini yoxlamaq məqsədilə viktorinalar keçirilir. Ən yüksək nəticə göstərən ilk üç iştirakçıya milli elementləri əks etdirən simvolik hədiyyələr və sertifikatlar təqdim olunur.
Layihə çərçivəsində aktiv iştirak edən tələbələr üçün əlavə olaraq Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ziyarəti təşkil olunub. Bu ziyarət zamanı tələbələr Tağıyevin həyatına daha yaxından nəzər salmaq imkanı əldə ediblər. Bununla yanaşı, iştirakçılar Şirvanşah Restoranı-nın qonağı olub, burada yerləşən Tağıyev zalında ona aid eksponatlarla tanış olublar.
Layihə yalnız məlumatlandırma ilə məhdudlaşmır. Təşkilatçıların fikrincə, bu təşəbbüs vasitəsilə beynəlxalq tələbələr əldə etdikləri bilikləri öz ölkələrində dostları və ailə üzvləri ilə bölüşərək Azərbaycanın tarixi və mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına töhfə verirlər.