Bakıda son illər “yaşıllıq” adı ilə sürətlə yayılan bir ağac var. Bəzən hətta bu ağacların qorunduğunu da görürük. Amma ekoloqların fikrincə, bu ağacların qorunmasının heç bir mənası yoxdur.
Söhbət xalq arasında “şeytan ağacı” və ya “gəndələş” adlanan Ailanthus altissima növündən gedir. Mənşəyi Cənub-Şərqi Çin olan bu ağac əvvəlcə dekorativ məqsədlə Avropa və Qafqaz ölkələrinə gətirilib. Amma çox keçmədən məlum olub ki, bu “yaşıllıq” əslində yerli təbiətin səssiz düşmənidir.
Şeytan ağacı o qədər sürətlə çoxalır ki, bir neçə ilə bütöv ərazini zəbt edə bilir. Onun kökləri “ailanthone” adlı zəhərli maddə ifraz edir. Bu maddə torpaqda qaldıqca digər bitkilərin cücərməsini və kök salmasını əngəlləyir. Nəticədə ağac öz ətrafındakı bütün həyatı boğur.
Bu ağacın kökləri həm də binaların bünövrəsini, boruları, asfalt örtüyünü zədələyir. Yarpaqları əzildikdə kəskin pis qoxu verir, çiçəkləri isə allergiya yaradır. Ona görə də bir çox ölkələrdə Türkiyə, Almaniya, ABŞ və digərlərində bu ağac artıq “invaziv növ” kimi tanınır və məhv edilir.
Xalq arasında bu ağac haqqında “oksigeni udur, karbonu buraxır” ifadəsi də işlədilir. Elmi baxımdan bu tam dəqiq olmasa da, müəyyən məntiqi əsas var.
-Şeytan ağacı böyük miqdarda yarpaq tökür, çürüyən yarpaqlar isə karbon qazı və metan buraxır;
-Yerli ağaclar kimi karbonu uzunmüddətli saxlamaq qabiliyyəti yoxdur;
-Torpağı zəhərlədiyi üçün təbii oksigen dövranını azaldır.
Beləcə, bu ağac balansı pozan, yaşıllıq görüntülü təhlükəyə çevrilir.
Bakıda, Abşeronda və bir çox bölgələrdə bu ağacın vəhşi şəkildə yayılması müşahidə olunur. Tikililərin yanında, həyət və bağlarda, hətta daş döşəmələrin arasında belə bitir. İnsanlar çox zaman onun “yaşıllığına” sevinirlər, lakin illər sonra evlərinin bünövrəsində, su xətlərində və torpaqda onun zərərini görürlər.
Ekoloqlar xəbərdarlıq edir: Ailanthus altissima qorunmağa yox, nəzarətə ehtiyacı olan növdür. Onu təbiətin bir hissəsi deyil, təbiətə təhlükə kimi qəbul etmək lazımdır.
Şeytan ağacı görünüşdə yaşıllıq yaratsa da, əslində torpağı zəhərləyir, oksigen dövranını pozur, yerli bitkiləri məhv edir və şəhər infrastrukturu üçün ciddi təhlükə yaradır.
Belə ağacı qorumaq təbiəti sevmək deyil, ona laqeyd qalmaqdır.
Təbiəti qorumaq onun harmoniyasını saxlamaq deməkdir. Balansı pozan hər varlığa qarşı isə elmi, ekoloji və idarəedici tədbirlər görülməlidir.
Bu ağacın qorunması yox, nəzarət altına alınması vacibdir.
Onu “yaşıllıq” adlandırmaq səhvdir, çünki bu “yaşıl” ağac əslində təbiətin səssiz düşmənidir.
Yaşıllıq hər ağacla olmur!
Elmar Sadiqli