Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olunub.
"Bakupost" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini Bəxtiyar Ağayev "Lada" markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd olunub ki, sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Məhkəmənin qərarı ilə B.Ağayev 20 gün müddətində inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda vurğulanıb.