Azərbaycanda bank sektorunda diqqətçəkən dinamika müşahidə olunur. Fiziki şəxslərin əmanətlərinin həcmi artmaqda davam edir.
Cari ilin mart ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 17,209 milyard manata yaxın olub. Bu göstərici fevralın əvvəli ilə müqayisədə 542,7 milyon manat və ya 3,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artım deməkdir.
Məlumatlar göstərir ki, əmanətlərin həcmi ardıcıl şəkildə yüksəlir və bu tendensiya artıq davamlı xarakter alıb.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu artım bir neçə əsas faktorla bağlıdır. Onun sözlərinə görə, ilk növbədə əhalinin yığım imkanlarının genişlənməsi bu prosesdə mühüm rol oynayır:
“Bu, əhalinin gəlirlərinin müəyyən qədər artdığını göstərir”.
Ekspert qeyd edib ki, digər vacib amil bank sektoruna olan etimadın yüksəlməsidir:
“Bankların təklif etdiyi faiz dərəcələrinin artması əmanət yerləşdirməyi daha cəlbedici edir. Milli valyutaya olan inamın nisbətən sabit qalması da insanların vəsaitlərini banklarda saxlamağa üstünlük verməsinə səbəb olur. Eyni zamanda maliyyə savadlılığının artması da bu prosesə müsbət təsir göstərir”.
Akif Nəsirlinin fikrincə, bankların yeni depozit məhsulları və müxtəlif kampaniyaları da əmanət artımını stimullaşdıran əsas faktorlar sırasındadır.
Qeyd edək ki, əmanətlərin artması həm bank sektorunun dayanıqlılığının, həm də əhalinin maliyyə davranışlarının dəyişdiyinin göstəricisi kimi qiymətləndirilir.
Rüfət Sultan, BakuPost