Baş redaktor başsağlığı ittihamlarına cavab vermir- "Məni qızışdıra bilməzsiz"

  • 03 Sen 2019 08:38
  • 1138 Baxış
Baş redaktor başsağlığı ittihamlarına cavab vermir -

Xəbər verdiyimiz kimi, YAP icra katibinin müavini Siyavuş Novruzov “Azərbaycan” qəzetində başsağlığının pulla dərc edilməsinə etirazını bildirmiş və bununla tərəflər arasında gərgin söz atışması yaşanmışdı.


S.Novruzov demişdi ki, “rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.


S.Novruzov eyni zamanda bildirib ki, dövlət qəzetin kağız pulunu, çap pulunu da, icarə haqqını ödəyir: “Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur. İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını haradan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver! Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”


B.Sadıqovdan S.Novruzovun dediyi son iddialara münasibət öyrənmək istədik. Baş redaktor bildirdi ki, sözügedən mövzu ilə bağlı bütün fikirlərini daha öncə media vasitəsilə açıqlayıb: “Mən bütün dediklərimi daha öncə demişəm. Bundan artıq heç nə deməyəcəm. Mən o adam deyiləm ki, mətbuat məni qızışdıra. Sözü bir dəfə deyərlər. Təkrar-təkrar eyni şeyi deyəndə sözün dəyəri itir”.


B.Sadıqov eyni zamanda facebook sosial şəbəkəsinə gəlişi barədə də danışdı. Dedi ki, bu sahəni indi-indi öyrənir: “İndi-indi öyrənirəm ki, sosial şəbəkə nədir. Məzuniyyətdə vaxtım oldu ki, oturub onları öyrənim. İndi hələ tam bilmirəm. Cavanlar tez öyrənir, biz yaşlılar bir qədər gec öyrənirik”.


Müsahibimiz son zamanlar YAP rəhbərliyində və hakim vəzifələrdə təmsil olunan şəxslərin sosial şəbəkəyə gəlişi ilə öz gəlişi arasında hər hansı əlaqə olması ilə bağlı sualı da cavabladı:“Siz deyirsiz, mən indi eşidirəm ki, kimlər bu ərəfədə sosial şəbəkəyə gəlib. Bəyəm sosial şəbəkəyə gəlmək əmrlə olan şeydir? Mən müxalifətin sosial şəbəkədə daha fəal, güclü olması ilə bağlı fikirləri qəbul etmirəm. Çünki sosial şəbəkədə o qədər insan var ki. Mən inanmıram ki, Azərbaycanda 1 milyondan çox müxalifətçi var. Mitinq edəndə görmürük ki, nə qədər adamları var? Mən, sadəcə, qıraqdan yavaş-yavaş facebooka gəlirəm. Hamı deyir ki, sosial şəbəkədə filan şey yazılıb, deyilib. Oradan sitat gətirənlər çoxdur. Ona görə mən də gəldim. Amma mən söyüş adamı deyiləm. İnsanın üzünə deyə bilmədiyi sözü heç vaxt arxasınca demirəm. Öz şəxsiyyət və ləyaqətimi qiymətləndirdiyim üçün özümdən əskik bildiyim adamı təhqir etmirəm. Mən söyüşdən istifadə edəcək adam deyiləm. Uşaq əvvəlcə bir heca deyir, sonra “mam-ma” deyir. Mən hələ facebookda “mam-ma” deyirəm".


Sevinc TELMANQIZI,
“Yeni Müsavat”