Ru
16:01 / 15 Sentyabr 2021

Benzin və çörək bahalaşdı: Ekspertlər səbəblərini izah edir...

13935
Xəbər verdiyimiz kimi, Azərbaycanda benzininçörəyin qiyməti bahalaşıb.

Bir neçə ay bundan əvvəl insanlar təndir çörəklərinin qiymətinin artırılaraq, 0.70 qəpik olması ilə bağlı şikayətlənsələr də dünəndən bu bahalaşma demək olar ki, bütün növ çörəkləri əhatə edib. Belə ki, marketlərdə “Çörəkçi” və “Nömrə 1” firmalarının çörəkləri 5-10 qəpik baha satılmağa başlayıb.

Benzinin qiymətinin artırılmasına gəlincə isə, “SOCAR-Petroleum”un məlumatına görə, bu gündən “A-98” 1.90, “A-95” isə 1.60 manata satılır. Bahalaşmanın səbəbi isə mənbə ölkədəki qiymət artımı ilə əlaqədardır.

Qiymət artımları isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayəb və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.


Bəs bahalaşmaya səbəb nədir? Bu bahalaşma benzindən, çörəkdən başqa daha nələrdə gözlənilir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakupost.az -a açıqlamasında bahalaşmanın qarşısını almaq üçün buğda istehsalının artırılmalı olduğunu bildirib:



“Çörəyin qiymətinin optimallaşdırılması və bahalaşmanın qarşısını almaq üçün buğda istehsalının artırılması, genişləndirilməsi çox vacibdir. Çünki Azərbaycan hələ də istehlak etdiyi taxılın müəyyən hissəni xarici ölkələrdən idxal edir. Xarici ölkələrdən idxal qiymət artımına səbəb olan faktorlardan biridir. Bu istiqamətdə subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə də ehtiyac var. Subsidiyalar hər ilin əvvəlində verilməlidir ki, fermerlər daha çox taxıl istehsal etməkdə maraqlı olsunlar. Yerli istehsal hesabına taxıla olan tələbat ödənilərsə, bu, çörəyin qiymətinin tənzimlənməsinə imkan yaradacaq. Ona görə də yerli istehsalın genişləndirilməsi çox vacibdir.

Həmçinin burada standartlara baxılmalı və fermerlərə bu imkanların yaradılması üçün dövlət dəstəyinin genişləndirilməsinə də ehtiyac var ki, taxıla olan tələbi yerli istehsal hesabına ödəməklə çörəyin qiymətindəki artımların qarşısını ala bilək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yerli mətbuata açıqlamasında yanacağın qiymətinin artmasını absurd hesab etdiyini vurğulayıb:



“Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu. Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?! Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.

Deputat vurğulayıb ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır:

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq. Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”.

Real partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli isə qiymət artımının gözlənilən olduğunu deyib:



“Çörəyin, un məmulatlarının qiymətinin artımı gözlənilən idi. Çünki dünyada taxılın da qiyməti artıb. Azərbaycanın digər ölkələrdən aldığı taxılın qiymətində ciddi artım müşahidə olunur. Həm Rusiya, həm Ukrayna, həm Qazaxıstandan taxıl alırıq. Təəssüf ki, özümüz-özümüzü bununla təmin edə bilmirik. Əsas problem də budur. Yerli taxıl istehsalı Azərbaycanı un məmulatları istehsal etmək üçün buğda ilə təmin etməyə yetərli deyil. Problem buradan qaynaqlanır. Xaricdən asılı vəziyyətdəyik. Son zamanlar həm Rusiyadan, həm Qazaxıstandan gələn taxılın, buğdanın qiymətində ciddi artımlar var. Nəinki qiymətlər, hətta ixrac rüsumları da artıb. Məsələn, Rusiya aprel ayından hər 1 000 ton taxılın ixracatına 50 avro əlavə ixrac rüsumu qoyub. Bu da qiymətlərin kəskin artımına səbəb olub. Təbii olaraq, Azərbaycanda unun qiymətinin artması çörəyin də bahalaşmasına səbəb olur. Əvvəllər Azərbaycanda çörəyin qiyməti dəyişməsin deyə çəkisindən kəsirdilər. Yəni çəkisini aşağı salmaq yolu ilə qiyməti artırırdılar. Qiymət yerində qalırdı, amma daha az çəkidə çörək alırdıq. İndi çəkini azaltmaq da mümkün deyil. Çünki o qədər çəkisi azaldılıb ki... Məsələn, təndir çörəklərinin çəkisi 150 qrama qədər düşüb. Onu daha da azaltmaq mümkün deyil. Ona görə də qiymətin artırılması ilə bağlı qaçılmaz bir vəziyyət yaranıb. Bu sahə dövlət tərəfindən tənzimlənmir deyə qiymət artımının baş verdiyini görürük”.

Benzinin bahalaşması barədə danışan ekspert SOCAR-ın açıqlamasının inandırıcı olmadığını düşünür:

“Benzinin qiymətinin bahalaşmasına gəldikdə isə burada tamam fərqli səbəb var. SOCAR rəhbərliyi, SOCAR-a daxil olan törəmə şirkətlər qiymətin artırılmasını dünya bazarı ilə əlaqələndirsələr də bunun ciddi inandırıcı tərəfi yoxdur. Dünya bazarlarında neftin qiymətinin 30-40 dollar olduğu zamanlarda Azərbaycanda heç “A-95”, “A-98” markalı benzinin qiymətinin ucuzlaşdığını görmədik. Səbəbi odur ki, bu markalı benzinlərin qiyməti dövlət və ya Tarif Şurası tərəfindən tənzimlənmir. Bir neçə il bundan qabaq Tarif Şurasının nəzarətindən çıxarılanda belə qərar verilmişdi ki, bunu bazar tənzimləyəcək, çoxlu oyunçular olacaq, rəqabət yaranacaq, amma görmədik. SOCAR və SOCAR-ın törəmə şirkətləri bu sahədə yeganə inhisarçıdırlar. İstədikləri kimi qiyməti qaldıra bilirlər. Çünki ikinci onun kimi oyunçu yoxdur ki, qiymətin formalaşmasında hansısa bir formada iştirak etsin. Nə qədər belə rəqabətsiz və inhisarçı mühit olacaq, SOCAR da istədiyi kimi benzinin qiymətini artıracaq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qiymətlərin artımını belə şərh edib:



“Qiymət artımı bütün dünyada, eləcə də Azərbaycanda gözləniləndir. Səbəb budur ki, insanlar artır və ərzaq malları istehsal edən resurslar məhduddur. Ona görə də bu tendensiya daim davam edir. Azərbaycanda isə qiymətlərin bu cür dəyişməsi təbiidir. Hər gün mənə bununla bağlı 6-7 zəng gəlir. Xüsusən də çörəyin qiymətindəki artımla bağlı. Azərbaycan bazarı azad bazar iqtisadiyyatının bir hissəsidir. İstehsalçı malını istənilən qiymətə sata bilər. Dünyada un və buğda qiymətlərində dəyişiklik olduğu üçün bu artım var. Eləcə də artıma səbəb olan amillərdən biri insanların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Yəni maaşların yüksəldilməsi və s. ola bilər.”

E. Hüseynov bununla bağlı cəmiyyətdə gizli olan vacib bir elementi də açıqlayıb:

“Bu marketlərin məsələsidir. İstehsalçı malını marketdə yerləşdirmək üçün əvvəlcədən külli miqdarda pul verir. Mənə bir bal istehsalçısı dedi ki, balımı marketdə yerləşdirmık üçün 18 min manat nağd pul istədilər. Bu pullar isə vergidən gizlədilir. Market sahibləri qarış-qarış piştaxtaları istehsalçılara satırlar. İstehsalçılar həmin verdiyi pulları malların üzərinə qoymağa məcbur və məhkumdurlar. Sirlərini də kiməsə deyə bilmirlər. Əgər desələr marketlər onları boykot edəcək.

Azərbaycan Sahibkarlar Assosiasiyası olaraq dəfələrlə bu barədə məlumat vermişik. Həmçnin özüm də ictimai çıxışlar etmişəm. Marketlərdə 20 mindən çox adda mal var. Görün, hər mal üçün satılan piştaxtalardan nə qədər pullar yığılır və malların üzərinə əlavə edilir. Bu çox böyük amillərdən biridir. Hətta sosial çörəyin (zavod) qiymətlərinin sabiq saxlanılması üçün təzyiqlər edilir. Zavod çörək istehsalçıları qırmızı xəttin üzərində dayanıblar. Güman edirəm, belə getsə onlar qırmızı xətdən “yıxılacaqlar” və sosial çörək istehsalı dayanacaq. Ya da məcbur olub qiyməti qaldıracaqlar.

Market sahibləri o qədər “cızıqlarından çıxıblar ki”, hökumət onlar üçün o qədər əlverişli, toxunulmaz şərait yaradıb ki, hökumətin sosial siyasətinə dəstək vermək istəmirlər. Cənab Prezident çıxışlarında ölkədə süni qiymət artımının, inhisarçılığın olduğunu deyir, karter sövdələşmələrinin olduğunu dilə gətirir.

Neçə ildir ölkədə antiinhisar məcəlləsi də qəbul olunmur. Bu işlərə nəzarət edən dövlər qurumları demək olar ki, heç nə etmir, əllərini qollarını bağlayıb baxırlar”.

Aygün Nəbiyeva
Baku Post
Şərhlər
  • Eldəniz

    Səbəbi olmayan jalı necə əsaslandırmaq olar? Azərbaycan neft ölkəsi olsuğudan bunun əsası ola bilməz.Bunlar SOKAR fıeıldaqlarını ört-basdır etməklə,milləti ac qoyaraq Azərbaycandan qaçmağa məcbur edirlər.İş yox,qazanc yox (adi vətəndaşlar) bunlar da qiymət artırırıar.İndisabahdan çörəyn,ərzaqın və digər ilk ehtiyac mallarının saşağı olmayan qiymətləri kəllə-çarxa yüksələcək. Maşallah!

  • Ramil Yusifov

    Bəs bu Aİ-95 benzinin Azərbaycan neftinn məhsulu olduğuna niyə diqqət ayrılmır?SOKAR-ın fırıldaqları niyə ortaya çıxarılıb tədbir görülmür?Tarif şurası hansı ağılla belə əsassız artırmalara gedir?Azrbaycanda millətin halını düşünməli olan Rəhbərlik niyə susur?Bu ölkədə niyə nəzarət orqanları yoxdur və ya fəaıiyyəsizdir? İndi digər sahələrdə də qiymət artımlarına start veriləcək.Hara gedirik və bu yoxsul hala salınmış millətdən istəyiniz nədir? Köçsünlər buradan?.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər