Aqşin Yenisey
Nə üçün azadlıq düyğusu daha çox erotizmə meyillənmə şəklində üzə çıxır?
Müqəddəslik cinsəllikdən tamamilə arındırılmış bir varlıq halıdır.
Cinsəlliyi varsa da, həzz və şəhvətlə əlaqələndirilməz.
Müqəddəsliyin erotizm qorxusu var. Müqəddəslikdən qaçış erotizmlə başlar.
Müqəddəs cəhənnəmini özüylə gəzdirər, özünü öz cəhənnəmiylə arındırar. Daxilində cəhənnəmi olmayandan müqəddəs olmaz.
Tanrının tarixi erotizmdən qaçışın tarixidir. Ən müqəddəs olanın dişilikdən və erkəklikdən arındırılmasıdır. Tək tanrı insanın cinsi olmayan fantastik bir yaradıcı yaratma təcrübəsidir. Cinsəllik aşağı mərtəbəli varlıqların yaratma bacarığıdır.
Erotizm müqəddəsliyin cəhənnəmindən qaçış olduğu üçün müqəddəs olmayana azadlıq duyğusu bəxş edir. Bu duyğu həzz verir. Buna görə insan cinsi əlaqəyə təkcə törəmə aktı kimi baxmır, onu əyləncəyə çevirir. Azadlığın ən bəsit göstəricisi insanın əylənə bilmək imkanının miqdarıdır.
Ən azad ən çox əylənə biləndir! İnsan əylənə bildiyi yerdə azaddır.
Çağımız əyləncə sənayesində baş verən inqilabın “öz övladlarını yediyi” çağdır.
Tanrımərkəzli dünya müqəddəsliyin cəhənnəmiylə idarə olunurdu. Biz bu gün İnsanmərkəzli dünyada yaşayırıq. Müqəddəsliyin cəhənnəmindən qaçmışıq. Ona görə cənnət əhli kimi erotik varlıqlarıq. Erotikliyimiz azadlığımızın təsdiqidir. Azadlığımızın ölüçüsü isə əyləncə axtarışımızın hüdudsuzluğudur.
Kapitalist rejim erotizmi fövqəlləşdirərək onun ifrat azadlıq görüntüsünü yaradır və bizə onun idealları təqdim edir.
Bizim tanrılarımız seks və əyləncəni özündə təcəssüm etdirən aşağı mərtəbəli varlıqlardır. Biz azadlığımızdan həzz almaq üçün onların yanına enirik.