Ru
12:22 / 21 Noyabr 2021

“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR

6579
Bəlkə son deyil, elə əvvəl buradan başlayır...


Yenə Müqəddəs Saxa (Yakut) Respublikasına rəsmi dəvət almışdım. Gözümüzdən uzaq, könlümüzə çox yaxın bir ölkədən. Qədim türklərin izi, mədəniyyəti, tarixi olan ölkədən. Tanrının bəyaz donda saxladığı bu gözəl insanların vətəninə ilk səfərimdə də əziz bir dostumun xeyir-duası ilə onun evindən yola çıxmışdım. Qismət, tale yazısı imiş, bu dəfə də məni həmin əziz dostun evindən uğurladılar. Ankarada Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, yoluma davam etdim. Hava limanından isə məni Mustafa Kamal Atatürkün fotolardan boylanan baxışları yola saldı. Gömrük sərhəd-keçid məntəqəsini keçəndə, dönüb qeyri-ixtiyari Türkiyəni quran kişiyə əl salladım. Böyük Atatürkün sevdiyi, lüğətini oxuduğu Saxa -yakutlarının ölkəsinə gedirəm.

Mustafa Kamal Atatürkün iş stolunun üstündə Eduard Karloviç Pekarskinin tərtib etdiyi “Yakut lüğəti”nin 4 cildliyi xüsusi yer tutardı. Atatürkü görən şahidlər yazırdılar ki, 1936-cı ilin avqustunda Floriya köşkündə iqamətgahda keçirilən dil qurultayından sonra ziyafət təşkil olunur. Yemək süfrəsi ətrafında sözlərin etimologiyasından bəhs edilir. Atatürk “tonalite” kəlməsinin kökünü soruşur. Süfrə başında oturanlar bu sözün fransızlara məxsus olduğunu isbat etmək istəyirlər. Mustafa Kamalın işlər müdiri Sürəyya Bəy fransız dilində lüğəti gətirir, bu lüğətdə həmin sözün kökünün yunancadan gəldiyi izah edilir. Atatürkün bir bildiyi var idi, cavab onu qane etmir. “Ton” sözünün Asiya ölkələrindən gəldiyini sübut etmək üçün Yakut lüğətini gətizdirir. Yakut lüğətində isə “ton” sözünü “səs” mənasını verdiyi məlum olur. Beləliklə Atatürk fransızlara “ton” sözünün yakut dilindən keçdiyini bir daha isbat etmiş olur.Və süfrə ətrafında otutanlara yakutların sakların törəsi olduğunu da izah edir. İndi həmin “Yakut lüğəti” 4 cildliyi Mustafa Kamal Atatürkün Anıt qəbirdəki mavzoleyində saxlanılır. O kitabın səhifələrində Atatürkün qeydləri yer alır. Mən də Mustafa Kamal Paşamızın gözündən uzaq olan, könlünə yaxın tutduğu sakların- saxalıların ölkəsinə gedirəm. Qütb dairəsinin kəsişdiyi üfüq xəttinədir yolum. Bəlkə son deyil, elə əvvəl buradan başlayır...

Təyyarə ilə Ankaradan İstanbula 1 saat, İstanbuldan Moskvaya 3 saat, Moskvadan Yakutsk şəhərinə isə 6 saat uçmalı oluram. Ümumilkdə yollarda 17 saat keçirirəm. Təyyarəyə daşına biləcək qədər baqaj yükü vermişəm, üç zənbilə və çemodanlara yerləşdirdiyim kitabları, ABAD –dan, Türkiyədəki Azərbaycan Səfirliyindən götürdüyüm Qarabağ zəfərini tərənnüm edən hədiyyələri zərif çiyinlərimdə daşımaq çətin olsa da, şərəflidir. Ancaq ruhən yorğun deyiləm, fikirləşirəm ki, yalın ayaqla Şuşaya çıxan, Qarabağı azad edən igidlərimizin çiyinlərindəki yük bundan da ağır idi. Bir də ki, ötən əsrin 1926-cı ilində Saxadan Bakıda keçirilən I Türkoloji Qurultaya gəlmək üçün 4 nəfər yakut türkündən ibarət nümayəndə heyəti: siyasi xadim İsidor Baraxov, klassik şair, dramaturq Anempodist Safronov –Alampa , şair və dilçi alim Aleksey İvanov Kunde və nümayəndə heyətinin rəhbəri, filosof, alim və klassik yazıçı Aleksey Kulakovskiy –Eksekyulyaxı xatırlayıram. Moskvada A.Kulakovski-Eksekulyax xəstələnir, xəstəxanaya yerləşdirilir. Az keçmir ki, vəfat edir. Qalan üç ictimai və dövlət xadimi gəlib Bakıda keçirilən I Türkoloji qurultaya yetişir və çıxış edirlər. Həmin o böyüklər də Saxadan Bakıya gələndə yolları çətin və əziyyətli olmuşdu, məndən çox əziyyət çəkmişdilər. Deyilənlərə görə Bakıya 6 aya gəlib yetişmişdilər. Türkçülüyün, ədəbiyyatın yolu asan oldusa, yaxşı əsər alınmayacaq. Türk İmperiyaları da asan qurulmayıb, çətin olub, şərəfli olub bu yol. Alın təri ilə yazılan bütün türk əsərləri gözəldir. Istər tarix olsun, istər döyüş olsun, istər dövlət, istərsə də kitab. Tanrı belə bir şərəf yolunu mənə qismət edibsə, nə xoş halıma.

Moskvadan Yakutska uçan təyyarəyə oturanda elə fikirləşdim ki, yəqin ki, 6 saatlıq yolun 3 saatını yataram. Ay yatdın haaa... Ətrafıma baxıb, lap bizim məşhur mahnımızda deyildiyi ki, “Mən ki, həsəd aparıram, yatanlara gecələr...”i fikirləşirəm. Deyirəm ki, görəsən indi təyyarə salonunun ortasında dayanıb, bu mahnını oxusam, buradakılar mənə nə deyər? Amma sözün əsil mənasında səsimi başıma atıb oxumaq istəyirəm. Çünki ruhum yerindən oynayır. Axı darıxdığım yerlərə gəlirəm. Bu yerlərdə, bu torpaqda 2019-cu ilin may ayının sonu, iyunun əvvəli qardaş bildiyim, türk dünyası sevdalısı şair Əkbər Qoşalı ilə birlikdə izlərimizi qoyub qayıtmışdıq. Vətən mücadiləsi aparan, Saxa Yakutiyada dövlət quran Platon Oyunskinin kitabını azərbaycancaya tərcümə etmişəm, redaktoru Əkbər Qoşalı olub. Bu kitabın Azərbaycanda çıxması Saxa -yakut xalqı üçün hadisəyə çevrilib. Bu kitab Türkiyədə də nəşr olunub.

Elə indi də əslində bu sakral topraqlara məni çəkib gətirən həmin o “Qırmızı şaman” kitabının alov dilli işığıdır,- düşüncəmdə yəqin ki, yanılmıram.

Səhər saat 9-da bir saat gecikmə ilə Platon Oyunski adına hava limanında təyyarəmiz eniş edir. Məni Saxa Yazıçılar İttifaqının gənc üzvü, türk izlərinin, saxa türklərinin qədim yazı tarixini, naxışlarını, tamğalarını araşdıran, bu sahədə dürlü-dürlü elmi və bədi əsərlər, şerlər yazan Qavril Androsov və Saxa milli libasında üç nəfər qarşılayır. Onların əllərində duz-çörək və kımız dolu çoron var. Kımız bütün türkdilli xalqların - Altaylarda, Mərkəzi Asiyada, Şimalda yaşayan türklərin həyat eliksiri, can dərmanı sayılan içkisidir. Çox böyük həvəslə kımızı alıb başıma çəkir və duz-çörəyi dadıram. Məni milli Saxa paltarında qarşılayanlara isə Ankaradan aldığım şirniyyat və özümlə götürdüyüm Azərbaycan çayından hədiyyə edirəm.



Qavril Androsov özü qədim Tattı Ulusundandır. Platon Oyunskinin həmyerlisi olmağı ilə fəxr edir. “Çolbon” jurnalının redaktorudur. Bir neçə gündən sonra bu jurnalın 95 yaşı tamam olacaq. 1926-cı ildə nəşrə başlayan jurnalın ilk redaktoru Alampa Safronov olub. Bu il Saxa xalqı onun 135 illiyini qeyd edir.





Hava limanının çıxışında bizi gözləyən avtobusa otururuq. Avtobusun salonunda gələn qonaqlar artıq öz yerlərini tutublar. Şəhərin mərkəzindəki “Tıqın Darxan”- otelinə çatırıq. Bizə dincəlməyə zaman verirlər. Qütb xəttinə yaxın Saxa Respublikası ilə olan saat fərqi səbəbindən “Böyük qarın alqışı” festivalına gələn qonaqların əksəriyyətinin yerli vaxta uyğunlaşması çətin olur. Məsələn Bakı ilə Yakutsk şəhəri arasında saat fərqi 5 saat, Ankara ilə isə 4 saatdır. Özümü tarazlayıb, yerli vaxtla 13.30-da yuxudan ayılıram, otelin foyesində yığışan qonaların yanına enirəm. Bir-birimizlə tanış oluruq. Adına el arasında “Dilbər xatun” deyilən Natalya Xarlampyevanı görüb , ona yaxınlaşıram. Ən doğma adamlar kimi görüşürük. Festivala Qazaxıstanın məşhur gənc şairi Sayat Kamşıger, Başkordıstan Parlamentinin deputatı, Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov, Kareliyadan “Sever” jurnalının baş redaktoru , bir neçə dövlət mükafatı lauraetı Yelena Pietilyaynen, Tatarıstanın məşhur uşaq şairi və ədibi Rafis Kurban, Tatarıstanın gənc türkçü şairi, Musa Cəlil mükafatının laureatı Ruzal Muxametşin, Qırğızıstanın məşhur ədəbiyat nominasiyaları laureatı Altınay Temirova, Xakasiya Respublikasının əməkdar mədəniyyət xadimi, şair Natalya Axpaşeva, Murmanskdan gələn bir çox ədəbi mükafatlar laureatı İlya Vinoqradov, Kalujsk vilayəti Yazıçılar Birliyinin sədri, RSFSR Yazıçılar Birliyinin həmsədri Vadim Teryoxin, Rusiyanın Böyük Ədəbiyyat mükafatının laureatı Boris Lukin də qonaqlar arasındadırlar. Proqramdan məlum olur ki, biz əvvəlcə Semyon və Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoymalıyıq. Çünki bu ilki festival Semen Danilovun xatirəsinə həsr olunub. Festival iştirakçılarının hər biri onun “Qar” şerini öz ana dilinə tərcümə ediblər. Sayat Kamşıqerlə köhnə dostlar kimi görüşürük. Ötən il Vətənimizdə döyüşlər gedəndə Sayat Kamşıger Azərbaycan əsgərlərinə şer həsr etmişdi. Onun şerini dilimizə mən çevirdim.

Biz şəhərin mərkəzində ucaldılan Semyon və Safron Danilov qardaşlarının abidəsi önünə gəlirik. Tanrı elə bil ki, gəlişimiz münasibəti ilə böyük qarı lütf edib, dünyanı ağ rəngə bürüyüb. Buralara qar oktyabrın 14-dən yağmağa başlayıb. Əslində bu ağ rəng əhvalımı çox yüksəldib. Saxa (Yakut) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanov qonaqları salamlayır. Çıxışında çox maraqlı məqamlara toxunur. Deyir ki:



-Biz, əcdadlarımızın dediyi kmi, göydən yağan qarı alqış, bərəkət sayırıq. Uzaq Şimalda yaşayan yakutlar üçün qar təmizlik, ağlıq, yeni münasibətlər rəmzidir. Sizin bu dəfəki gəlişinizlə festivalımızı açıq elan edirik. Əslində ilin-günün bu vaxtında, belə bir festivalı keçirməklə pandemiyaya çağırış edirik. Çünki biz sağlamlığın, təmziliyin tərəfindəyik. Arzu edirəm ki, heç kim xəstələnməsin. İnanıram ki, pandemiyanın tələbləri çərçivəsində “Böyük qarın alqışı” festivalı uğrla başa çatacaq. Biz bir- birmizlə faydalı fikir mübadilələri edib, ədəbi əlaqələrimizin, mədəniyyətlərimizin bilriyindən və müxtəlifliyindən danışacağıq. Bu fikir mübadilələri çərçivəsində biz həm də ilhai sözün gücünü təsirləndirməliyik. İnsanları sözümüzə inandırmağı bacarmalıyıq. Mən belə hesab edirəm ki, insanın SÖZ-dən güclü heç nəyi yoxdur. İnsanın varı-dövləti sözdür. Qoy sizin də sözünüz hər zaman güclü və təsirli, bərəkətli olsun, zərb-məsələ çevrilsin, istiliyi ürəklərə yayılsın. Uzun müddət Saxa Yazıçılar Bilriyinin sədri olmuş Semyon Danilov və qardaşı Safron Danilovun da sözü əbədi yaşasın. Bizim sevimli xalq yazıçısı, Platon Oyunski adına Dövlət mükafatının laureatı Natalya Xarlampyevanın müəllifi olduğu “Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir. Biz hamımız bu dildə danışmağı bacarmalıyıq. Daha sonra Natalya Xarlampyeva öz ustadı Semyon Danilovdan, onun sabiq SSRİ məkanında tanınmış yazıçılarla olan sıx ədəbi əlaqələrindən danışdı. Sonda bizim hamımız böyük yazıçı və dramaturq Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyub, Saxa Media Holdinqdəki görüşə tələsirik.


Burada keçirilən “Avrasiya ilhamı: dünən, bu gün və sabah” dəyirmi masa ətrafındakı görüşdə respublikanın tanınmış ictimai xadimləri və fikir adamları iştirak edirlər. Saxa Media Holdinqinin sədri Viktor Jamaxanoviç Kolesov rəhbərlik etdiyi qurumun əlaqələrindən, bugünkü qlobal media və informasiya məkanında tutduğu mövqedən söhbət açır. Panel müzakirələrdə medianın dünyadakı gündəlik çağırışlara münasibətləri müzakiə olunur, fəlsəfi və dinamik, yanaşmanın əhəmiyyətindən danışılır. Sonda isə, saxalılara məxsus olan qonaqpərvərlik diqqətdən qaçmır. Vikor Jamaxanoviç festival iştirakçılarına Saxada istehsal olunan ətirli çay və şokalad təqdim edir.
Semyon Danilov: Qarda cığır açan yol adamıyam

Proqramımız o qədər zəngin və maraqlıdır ki, yol yorğunluğunu unutmuşuq. Günorta yeməyini “Tıqın darxan” otelinin restoranında yeyirik. Süfrəyə saxa-yakut mətbəxinin dadlı yeməkləri düzülüb: Salamat ( bu bizim quymağın ağ rəngdə olan variantıdır). Maral ətindən növbənöv soyuq və isti yeməklər, və bir də ki, stroqanina – dondurulmuş çiy balıq. Nahardan sonra , bizi Şimal Şərq Federal Universitetinin prezidenti Yevgeniya xanım Mixaylova ilə görüşə aparırlar. Onunla “Mamontlar muzeyində” görüşürük.

Axşamüstü saat 17-də isə M. K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış mərasimi başlayır. “Böyük qarın alqışı” Beynəlxalq festivalının açılışının bu universitetdə keçirilməsi ənənə halını alıb. ŞŞFU(Şimal Şərq Federal Universiteti)nin elmi Şurasının böyük zalında “Yakutiyanın virtouzları” skripkaçı qızlar ansamblının ufasında klassik musiqilər səslənir. Bu gənc qızların hamısı bir boyda, bir biçimdə. Deyirlər ki, skripkaçılar məktəbini də ölkənin ilk prezidenti Nikolay Yefimov yaradıb. İndi bu ansamblın solistləri dünyanın bir çox məşhur səhnələrində konsert proqramları ilə çıxış edirlər.



Festivalın təşəbbüskarı Rusiya Yazıçılar Birliyinin üzvü, Yakutiya Respublikasının Yazıçılar Birliyinin sədri, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampyeva çıxış edir. Saxa ədəbiyyatının qoruyucusu, gənc yazarların himayəçisi olan bu xanım müəllifi olduğu “Böyük qarın alqışı” beynəlxalq festivalın necə ərsəyə gəldiyindən, özündə hansı ideyaları ehtiva etdiyindən danışır:

-Bizim bu qarışıq zəmanəmizdə - üz-üzə, göz-gözə görüşmək böyük sevincdir. İki ilə yaxındır ki, biz bu ünsiyyətdən məhrumuq. Böyük ayrılıqlar həyatımızda öz izini qoysa da, bizim beynəlxalq əlaqələrimizə təsir edə bilməyib. Uzaqda-yaxında yaşayan dostlarımızla hər zaman ədəbi və dostluq əlaqələrimizi qoruyub saxlaya bilmişik. 2012-cü ildən sonra ənənəvi hal alan beynəlxalq poeziya festivalı Saxa-yakut xalqının qədim tarixi və ədəbiyyatını, mədəniyyətini, bu ədəbiyyatı yaradıb, gələcək nəslə ötürənlərin şərəfinə keçirilir. Artıq 6-cı dəfə keçirilən ənənəvi festivalda adətən dünyanın bir çox ölkələrini təmsil edən 60-dan çox yaradıcı insan iştirak edirdi. Bu dəfə belə olmadı. Lakin biz az tərkibdə olsa da, böyük klassikimiz, şair Semyon Danilovun sözünün işığına yığışa bildik. Onun “Qar” şeri poeziya festivalına qatılanların ana dillərində tərcümə olunub. Bir də ki, qonaqlarımızın hər birinin Tanrının alqışı sayılan bəyaz qar haqqında yazdığı şerləri universitetin tələbələri tərəfindən səsləndiriləcək. Poeziya festivalının keçirilməsi təşəbbüsünü 9 il bundan əvvəl irəli sürəndə, belə də düşünmüşdüm ki, sözün işığına gələn qonaqlarımız , həm də qarın bəyazına bələnəcəklər. Semyon Danilovun yazdığı kimi:

Gəl sənə söyləyim, ey əziz dostum,

Mən Şimal adamı, qar adamıyam.

Bəyaz qar içində dünyaya gələn,

Qarda cığır açan yol adamıyam.

Bu festival nəticəsində xalqımız və vətənim üçün nə qədər həmfikir dostlar tapmışam. Xarakter etibarı ilə özümdən razı adam olmadığımı dostlarım yaxşı bilir. Lakin bu gün həm özümdən razıyam, həm də xoşbəxtəm. Bütün zəncirləri və inadları qıraraq, mən öz Vətənim üçün bu gözəl işi görməyi bacarmışam. Qoy qarın alqışı, poeziya və dostluq bizimlə olsun. İndi pəncərədən çölə baxsanız görərsiniz ki, göydən lopa-lopa qar dənələri yağır. Hər tərəfi bəyaz işığa bürüyüb. Bax beləcə bizim yurdumuza yağan bəyaz qar təbiəti və ürəkləri bəzəyir. Sizin də könlünüzün işığı heç zaman azalmasın.

Söz tələbələrə verilir. Onlar Semyon Danilovun, Natalya Xarlampyevanın, eləcə də festivalın qonaqlarının şerlərini əzbərdən oxuyurlar. Mənim “Yakutska qar yağar” şerimi isə jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi Nikolay səsləndirir. Xüsusi improvizasiya, xüsusi avazla ilə oxuyur. İlk dəfədir ki, öz şerimi başqa dildə dinləyirəm. Sevincliyəm. Sonra qonaqlara söz verilir. Natalya Xarlampyeva məni və Qırğızıstandan gələn Altınay Temirovanı fəxri qonaq qismində təqdim edir. Mən öz çıxışımda universitet tələbələrinə dillərini, torpaqlarını qorumağı tövsiyə edirəm. Qarabağ zəfərimizdən, xarı bülbüldən, oxşar taleyimizdən, dilimizdən, kökümüzdən danışıram. Çıxışımı alqışla qarşılayırlar. Burada bir qur ürəkli şairəni kəşf edirəm. O xakas qızı Natalya Axpaşevadır. Gənclər üçün şer oxuyur. Oxuyur desəm yanılaram, hayqırır, türkçülüyü qorumağa, tariximizə sahib çıxmağa səsləyir.

Saxa yakutlarının məclislərinin, toy və tədbirlərinin, festivallarının ən mühüm atributlarından biri də xomusla ifa etdikləri boğaz mahnılarıdır. Bu dəfə festivalda məşhur xomus ifaçısı Erkin Alekseyev və xalq mahnılarının qoşa ifaçıları Klavdiya və German Xatılayevlər öz məharətlərini göstərirlər. Onlar Xomusda çox rəngarəng improvizələr edir, eyni zamanda Klavdiya və German cütlüyü yakut folklorundan ibarət xalq mahnılarını səsləndirirlər. Səslər mənə elə tanış gəlir ki... Nənəmin, anamın laylalarındakı həmin səslərdir, həmin döyüntülər, həmin avazlardır... Eyni ilə beşik başında layla çalanda, sevincdən zümzümə edəndə, həsrət göz yaşları tökəndə... onlardan bu ritmləri, bu səsləri eşitmişəm axı... yaddaşım məni aldada bilməz... Laylaları laylama, oxşamaları oxşamalarıma bənzəyən doğma saklarım, saxalılarım...


Poeziya festivalının 1 gününü beləcə arxada qoyuruq.



***


Səhər yatağımdan durub, pəncərədən çölə boylanıram. Pəncərəmdə şaxtanın çəkdiyi əsrarərngiz tablonu görürəm. Bir anlığa uşaqlığımı xatırlayıram. Nə vaxtsa Bakıda, Sumqayıtda da gözəl qış keçərdi. Anam sevinclə “Uşaqlar, durun, əl-üzünüzü yuyub, pəncərədən baxın, qar yağıb...”- deyib , bizi yuxudan oyadardı. Sonra səhər naharını yeyib, isti əlcəklərimizi, paltomuzu, papağımızı geyindirib bizi qarla oynamağa yola salardı. Həyətə düşməyəndə isə pəncərədə qarın və şaxtanın vurduğu naxışlardan zövq alar, özümüzə naxış seçər, yoldan keçən maşınları sayardıq... İndi bu gördüyüm naxışlar məni o günlərimə apardı... uşaqlığım üçün necə darıxmışam...
Dövlət mükafatına layiq görülürəm...

Semyon Danilovun yazdığı kimidir Yakutskın təbiəti. Bəyazlığın mavisindən adamın gözləri qamaşır. Buranın insanları qardan-qışdan qorxmurlar. Hətta heyifsilənirlər ki, builki payız keçən ilkindən zəif gəlib. Bəli, səhv etmədim, payız! Burada payız fəslində ilk qar yağmağa başlayır. Orta temperatur -20 C dərəcəyə qədər yüksəlir. Hazırda isə temperatur -8-10 C dərəcə olduğundan bəzi yerlərdə sürüşkənlik yaradıb. Saxa insanlarının xasiyyətləri qar kimi yumşaq olsa da, sərt qışı sevirlər. Onların yaşam tərzi, ruzi- bərəkəti qışdan çıxır.

27 oktyabr 2021-ci ildir. Sevdiyim payız fəslində birdən- birə qışa, elə sevdiyim soyuğa bələnməyimin ayrı ləzzəti var. Keçirdiyim hisslər “Böyük qarın alqışı” ilə üst-üstə düşür. Elə bil ki, bizə xeyir-dua verir. Əslində saxalılar qarın ruzi-bərəkət, Tanrının ağ duası olduğuna inanırlar. Yeni tanış olduğumuz söz adamları, fikir adamları, məşhur ədəbiyyat xadimləri ilə maraqlı söhbətlər edərək, otelimizin yaxınlığında olan Hökumət evinə çatırıq. Burada bizi Saxa (Yakutiya) Respublikasının rəhbəri Aysen Nikolayevlə görüş gözləyir. Böyük akt zalına daxil olandan sonra, məlum olur ki, ölkə rəhbəri rəsmi Moskvaya dəvət aldığından, onunla görüş görüş olmayacaq. Bizi Saxa (Y) Respublikasının baş nazirinin müavini Sergey Mestnikov və Saxa (Y) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanov salamlayırlar. Daha sonra dövlət rəhbəri Aysen Nikolayevin festival iştirakçılarına ünvanlanmış məktubu oxunur.



Baş nazirin müavini Sergey Mestnikov qonaqları salamladıqdan sonra, gələn il Saxa (Y) Respublikasının 100 illiyi tamam olan tədbirlər çərçivəsində keçirilən Beynəlxalq Poeziya festivalının əhəmiyyətindən, eyni zamanda Yakutiyada artıq ənənəyə çevrildiyini bildirdi. “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa -Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasını dövlətin təməl prinsipləri sayıldığını dedi. Platon Oyunski, Semyon Danilov, Mixail Ammosov, Alampa və digər yakut şair və yazıçılarının azərbaycan, qırğız, macar, polyak, xakas, serbiya, monqol, qazax... dillərinə çevrilməsi də yakut ədəbiyyatının təntənəsidir. Eyni zamanda saxalıların klassik şairi, dramaturqu, fəlsəfi fikir adamı, dövlət xadimi olan Platon Oyunskinin kitablarının azərbaycan və qırğız dillərinə çevrilməsini də bu xalqlar arasında yeni dostluq əlaqələrinin yaranmasında körpü rolunu oynadığını bildirdi. Rəsmi məclisdə Natalya xanım Xarlampyevaya yenə söz verilir. O qonaqları bir-bir təqdim edir. Onun təqdimatından festival iştirakçıları Saxa- yakut ədəbiyyatını, mədəniyyətini təbliğ etdiklərinə görə fəxri fərmanlar və təşəkkür məktubları ilə təltif olunur. İki gün davam edən görüşlərdə Natlya xanım məni və qırğız qızı Altınay Temirovanı “fəxri qonaq” qismində təqdim edir. Tədbirin aparıcısı Altınay Temirovanın “Sülh və xalqalr arasında dostluq münasibətlərinə görə” dövlət mükafatı ilə təltif olunduğunu elan edir. Altınay xanıma bu medal təqdim ediləndə sevincdən gözlərim dolur. Sən demə sonda məni də belə təqdimat gözləyir. Sergey Mestnikov Saxa(Y) Respublikasının dövlət mükafatını mənə təqdim edir və Azərbaycana özünün və Dövlət başçısının salamlarını çatdırmağımı rica edir.



Mən də Azərbaycan, Qarabağda qazandığımız zəfər haqqında danışıram. Vətənimdə gedəb quruculuq işlərindən, eyni köklərimizdən, tariximizdən, mədəniyyətimizdən məlumat verirəm. Bu görüşlərə əliboş gəlməmişəm. “ABAD” satış mərkəzinin mənə verdiyi “ Qarabağ”, “Xarı bülbül”, “Şuşa qalası” rəmzləri və naxışları ilə işlənmiş müxtəlif hədiyyələri, Azərbaycan kəlağayılarını, eləcə də “Xarı bülbül” döş nişanlarını Sergey Mestnikova və Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanova təqdim edirəm. Xoş təəssüratla festival iştirakçıları bir-birini təbrik edirlər. Daha sonra dövlətin rəsmi nümayəndələri ilə xatirə şəkli çəkdiririk. Və YAKUTSK TV-sinin xəbərlər redaksiyasının əməkdaşı məndən müsahibə alır. Əynimdəki paltarın naxışlarını soruşur. Deyirəm ki, haraya getsəm kəlağayımızı və milli paltarlarımdan özüm ilə aparıraeyim mədəniyyətini təbliğ edirəm. Butanın isə bizim milli bəzək elementlərindən biri, həm də, od atəş rəmzi olduğunu bildirirəm. Gənc jurnalist qız deyir ki, biz də oda-atəşə sitayiş edirik, siz də, nə gözəldir. Burada da qeyd edirəm ki, mən bu gün aldığım Ali mükafatı Qarabağda şəhid olan oğullarımıza və Zəfərimizə həsr edirəm. Xəbər jurnalistinin də sinəsinə bir “Xarı bülbül” döş nişanı taxıram.



Gözlərim Natalya Xarlampyevanı axtarır. Elə qayğılı, təmkinli , elə məmnun görünür ki... Öz xalqını dünyaya tanıtmaq üçün daim mücadilə edən, axtarışlar aparan bir Asena misalıdır bu gözəl və nəcib xanım. Öz xalqını, öz yurdunu, öz inasnını necə böyük məhəbbətlə, sevgi ilə bəsləyir. Böyük bir türk sevdalısı!!!
Saxa türklərinin müqəddəs ayini- Şaman duası

Rəsmi görüş başa çatdıqdan sonra, bizi Platon Alekseyeviç Oyunski adına Ədəbiyyat Muzeyinə ziyarətə aparırlar. Bu müzeydə qardaş və qələmdaşım Əkbər Qoşalı ilə 2019-cu ildə ziyarətdə olmuşuq. Yenə də Platon Oyunskinin yazı stolunun önünə keçib, otururam. Arzu-istəklərimi kainata ötürürəm. Platon Oyunski böyük şaman idi. Bilirəm ki, onun ruhu özündən sonra qalan yazı stolunun başına dolanır. Ədəbiyyat Muzeyinin yerləşdiyi binanın 5 metirliyində həm də bir taxtadan tikilmiş balaqan var. “Balaqan” taxta evə deyirlər. Mən Platon Oyunskinin qardaşı nəvəsi Yelena Vasilyevna Sleptsova -Kuorsunnax ilə həmin balaqanın içərisinə keçirik. Bizim hər anımızı fotolarda tarixləşdirən , gözəl dostumuz Rustəm Kajekin də addım-addım izimizdədir. Rütsəm Kajekin müəllim olmaqla yanaşı, həm də öz tarixinin, türk tarixinin araşdırmaçısıdır.Saxa Yazıçılar Birliyinin üzvü, natalya Xarlampyevanın yaxın köməkçisisir. Balaqanın giriş qapısından solda bir buxarı vardır. Belə buxarı atamın doğulduğu Xeybəri kəndindəki baba ocağımızda evin sol küncündə indi də durur. Yadıma gəlir ki, biz uşaq olanda nənəm həmin buxarıya odun atar, mən də heyrətlə odunun yanmasına baxardım. Yanan odunun tüstüsü bacadan çölə çıxanda lap heyrətlənərdim. Saxalılar da öz evlərində, yaşadıqları balaqanların içərisində hər zaman belə buxarılar tikiblər. Yelena Sleptsova deyir ki, buxarının yanında dayanan Aleksandr alqışçıdır. Saxa -yakut adətlərinə görə, gələn qonağın saatı, günü yaxşı keçsin deyə, duası Tanrı dərgahında eşidilən el alqışçısı, ağ şaman hər zaman gəlib süfrəni, evi və qonaqları alqışlamalıdır. Bizim qonalqları da alqışçı-şaman Aleksandr dualayacaq. Əslində bu adət bizdə və türkdilli xalqların hamısında hər zaman mövcud olub. Süfrə başına əyləşəndə, evin böyüyüyü, və ya məclisin ağsaqqalı xeyir-dua verib, eyni ilə süfrəni yığışdıranda da ev, məclis sahiinin adına dualar oxunub, Tanrıya şükranlıq ifadə edilib.

Aleksandr bir qayda olaraq, kimin üçün hansı xoş arzunu diləyirsə, həmin xeyir-dua Tanrı dərgahına yetişir. Bir azdan bütün qonaqlar balaqana daxil olur. Və alqışçı Aleksandr ayinə başlayır. Buxarının sobasına odun atır, ocaq alışmağa başlayandan sonra, özü ilə gətirdiyi bitkilərdən və at quyruğundan ocağa atır. Onlar alışdıqca, Alqışçı Aleksandr dualarını oxuyur. Bilmirəm sonda nə olub, nə baş verdisə, alqışçı məni yaxınlığına çağırır. Heybəsindən üzərində incə işləmələr olan ata bənzəyən fiquru və sərgi fiqurunu verib deyir ki, bu sərgini və at fiqurunu hər zaman eində saxla... (Sərgi atın başını bağlayan dirəyə deyilir). Ondan Azərbaycan və Qarabağ torpaqları, şəhidlərimiz üçün alqış etməyi rica edirəm. Yenidən ocağa odun və at quyruğunun tüklərini atıb alqışına davam edir. Deyir ki, kainat 9 qatdan ibarətdir. Üçüncü qatda atların ruhudur. Atın tükü yandıqda qoxusu buxrıdan tüstü ilə gedib üçüncü qata çatır və atların ruhu o qoxunu hiss edir, arzuların həyata keçməsi üçün Göy Tanrıya duaçı olurlar. İndi sizin şəhidləriniz həmin xoşbəxt atları çapırlar.



Alqış ayini bitdikdən sonra, Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki foyedə qonaqlar üçün hazırlanmış süfrə başına keçirirk. Natalya xanım deyir ki, muzeyin direktoru, xalq yazıçısı Nikolay Luqinov çox qonaqpərvərdir. O qapısını açan bütün qonaqlar üçün hər zaman bol nemətli süfrələr açır. Muzeyin əməkdaşları qonaqlara qulluq edirlər. Süfrədə balıqdan, maral və dayça ətindən hazırlanmış yeməklər, bişmişlər vardır. Diqqətimi qızardılmış sazan balığı çəkir. Baxıram ki, balığın içərisini qovrulmuş soğan və tərəvəzlə doldurublar. Sonra süfrə ətrafında ədəbiyyatdan, yazı adamlarından , ulu türk tarixindən, şəxsiyyətlərindən maraqlı söhbətlər açılır. Nikolay Luqinov bir ensklopediyadır. Çingiz xanı özünün himayədarı sayır. Deyir ki, yazıçı xalqının səsi və sözü olmalıdır. Pis və yaxşı gündə də xalqın sözünü deməlidir. Hakimiyyət gəldi gedər, xalq əbədidir. Tədbirin sonunda uzaqlardan gələn qonaqların hər biriniə üç kitabını hədiyyə edir. “Çingiz xanın öyüdləri ilə...” ikicildliyi və bir də yenə Saxa yakut xalqlarının tarixi şəxsiyyətlrindən bəhs edən “Əbədiyyətin anı” kitabı. Bu azmış kimi, hər bir iştirakçıya özü hazırladığı şor balıq sovqatı verir.

Qonaqlar və ev sahibləri arasındakı hədiyyə mübadiləsi davam edir. Sayat Kamşıger Nikolay Luqinova qazaxların Biy (Bəy) libasını təqdim edir. Başına milli işləmələr və naxışlarla bəzədilmiş qazax papağı qoyub, əyninə qazax xalatı geyindirir. Platon Oyunskinin nəvəsi Yelena Kuorsunnax çıxış üçün söz istəyir. Boynuna azərbaycan kəlağayısı asıb. Deyir ki, bu kəlağayını bizim sevimli Aida Mamedşaxovna özü gəlməzdən əvvəl poçt bağlaması ilə göndərib. Mənim də ona məxsusi hədiyyəm var: “Platon Oyunski öz xalqını, millətini sevən bir dövlət xadimi, yazıçı olub. O ətrafında işləyib çalışan hər kəsin əməyini dəyərləndirərdi. Mən indi babamın adını daşıyan muzeydə çox şadam ki, onun əsərləri artıq türk dillərində oxunur. Bu çox qürurvericidir. Babam kimsənin haqqını sabaha qoymazdı. Aida Eyvazova Mamedşaxovna və Altınay Temirovanın layiq olduqları dövlət mükafatı, əslində Oyunskinin ruhu tərəfindən onların əməklərinə verdiyi dəyər, qiymətdir. Mənsubu olduğum Saxa dövləti babamın əsərlərini tərcümə edənləri layiqincə qiymətləndirdi. Mən isə öz növbəmdə bu iki xanıma şəxsi hədiyyəmi təqdim edirəm. Yelena Kuorsunnax mənə bir cüt sırğa hədiyyə edir. Sırğanın üstündə bir boz qurd işləməsi var. Əl işidir. Bu hədiyyə də çox ürəyimcə olur.



Bu tədbirimiz yekunlaşdıqdan sonra, “Böyük qarın alqışı” festivalının Poeziya axşamı bölümünə tələsirik. Poeziya axşamı Saxa (Y) Respublikasının Dövlət kitabxanasında keçirilir. Natalya Xarlampyeva deyir ki, Poeziya gecəsində iştirak etmək istəyənlər çoxdur. Pandemiya səbəbindən bu görüşlərin hamısı onlayn keçirilir. Festival iştirakçılarının şerlərini rus və yakut dilinə Natalya Xarlampyeva, Yelizaveta Miqalkina, Nikolay Vinokur –Ursun, Qavril Andros, Albina Sleptsova, Yelena Sleptsova –Kuorsunnax, Yana Bayqojayeva tərcümə ediblər. Müəlliflər öz dillərində, tərcüməçilər də rus və yakut dilində şerləri səsləndirirlər. Bir qayda olaraq, bu tədbirdə də Saxa Respublikasının tanınmış opera sənətçiləri, xalq artistləri Yekatrina və Aleksey Yeqorovalar, opera müğənnisi Zinaida Kolodeznikova, Aleksey Sleptsov gözəl mahnılar ifa edirlər.
Tədbirin sonunda mən kitabxanaya Azərbaycanın Prezident Admnistrasiyasından verilən “Zəfər Səlnaməsi” kitabını və şairə Nigar Həsənzadənin “Bilək” kitabını, tərcümə etdiyim “Qırmızı şaman” kitabının Türkiyədə və Azərbaycanda çıxan nüxsələrini Dövlət kitabxanasına hədiyyə edirəm.

Festivalın üçüncü günü isə bizi Semyon və Safron Danilovun anadan olduğu Qornıy ulus- Dağlıq Ulus rayonuna aparırlar. Yakutsk şəhərinin mərkəzindən Dağlıq Ulus rayonuna qədər məsafə 183 kilometrdir. Qarlı-buzlu yol ilə avtobusun sürücüsü elə rahat şütüyür ki, ilk dəfə belə qarlı yola çıxanların heyrətinə səbəb olur. Mən isə sonuncu dəfə belə qarlı buzlu yollarla Nursultan şəhərinin adı Astana olan vaxtda getmişdim. Berdiqestyax nasleqinin (kənd) girəcəyində dayanırıq.
Böyük şairin doğulduğu ecazkar yurd...



Yol kənarında müxtəlif əlvan rəngli lentlərlə bəzənmiş ağaclar vardır. Belə lentlərə “salama” deyirlər. Natalya xanım deyir ki, burada Salama bağlanan ağacların yanında meşələrin və yolların qoruyucusu olan ruhlardan xeyir dua almaqlıyıq. Bizi milli paltar geyinmiş qızlar və oğlanlar əllərində kımız və blinçik dolu sinilərlə qarşılayırlar. Böyük los (maral) heykəlinin yanında dayanıb, bizə təqdim olunan nemətlərdən dadırıq. Natalya xanım ruhları yemləyir. Ağacların altına bişirilmiş blinçikdən qoyur, digər yerli sakinlər isə burada kiçik ocaq qalayırlar. Sonra isə avtobusa oturub Berdiqestyaxda Semen Danilovun adını daşıyan Mənəviyyat mərkəzinə gedirik. Burada da bizi milli paltar geynimiş gənclər qarşılayır. Havada 15 dərəcə şaxta var. Milli platarlarda olan gənclər geydikləri libasda ayaq üstdə yol gözləyən qurda bənzəyirlər. Sanki bizi bir dəstə canavar qarşılayır. Daha sonra Berdiqestyax nasleqinin alqışçısı ocaq yandırıb, bizi onun başına dolandırır, alqış ayininə başlayır. Festival iştirakçılarına və layihəninin başa gəlməsində yardım edənlərə alqış oxuyur. Hamı bir səslə onun dediyini təkrarlayır:

Alqışçı:

- Tusku!

Adamlar:

-Tusku.

Alqışçı:

-Dom

-Dom.

-Uruy!

-Ayxal!-deyə ona səs verirlər.

Bundan sonra biz Semyon və Safron Danilov qardaşlarının Mıtax naleqindəki ev muzeyinə gəlirik. Muzeyin əməkdaşı mədəni və ədəbi tədbirlər keçirilən muzeydə həm də 1941-45-ci illərdə Vətən müharibəsində həlak olanlar və iştirakçılar barəsində geniş məlumat var. Saxa yakutları müharibədə, vətən uğrunda ölən qəhrəmanlarını hər zaman böyük ehtitramla yad edirlər. Bir də ki, Saxa dövlətinin bərqərar olması üçün çalışanların ruhu qarşısında özlərini hər zaman borclu bilirlər. Elə buna görədir ki, yurdun adlı-sanlı adamlarının, şəxsiyyətlərinin həyat və yaradıcılığından bəhs edən əsərləri, onlara məxsus olan sənədləri, əntiq əşyaları rayon, kənd, şəhər mərkəzlərindəki tarixi, mədəniyyət və incəsənət muzeylərində göz bəbəkləri kimi qoruyurlar. Hər dəfə muzey, sərgi salonları qapılarından içəri keçəndə bu sevgi və ehtiramın şahidi oluruq.

Qornıy Ulus şəhərinin bələdiyyə sədrinin müavini Sardana Sleptsova qonaqlara Berdiqestyax rayonu, Mıtax nasleqi haqqında məlumat verir. Deyir ki, bu il rayonun yaradılmasının 90 illiyidir. Rayonun 12 min əhalisi vardır. Bu rayonda zaman-zaman adlı-sanlı şəxsiyyətlər doğulub. Onların arasında, vətən müharibəsi qəhrəmanları, yazıçılar, rəssamlar, mədəniyyət xadimləri, tarixçilər, ədəbiyyatçılar, zəhməti ilə xarüqələr yaradфn fəhlələr də vardır. Bu gün rayon özünün intibah dövrünü yaşayır. Yakutiyanın çətin relyef və hava şəraitinə görə, bir çox rayon və kəndlərin yol problemi olduğu halda, Berdiqestyaxda bu gün yol infrastrukturu yüksək səviyyədə qurulub. Ətraf rayon və nasleqlərdən (kəndlərdən) buraya yaşamağa, oxumağa, işləməyə gəlirlər. Bizim rayonun 9 nasleqi vardır. Mıtax ən böyük nasleqlərdən biridir. Semyon və Safron Danilov qardaşları da bu nasleqdə doğulublar. İndi tanış olduğunuz bu mədəniyyət evində klassik şairimiz və ədəbiyyatçımız Semyen Danilovun ev muzeyinin yaradılmasında xalqımızın mənəvi anası, Natlaya Xarlampyevanın böyük xidməti vardır. Natlaya İvanovna, özünün sələfinə bir xələf kimi çox sadiqdir. Semyon Danilovun ideyalarının bu gün də həyata keçirilməsində əlindən gələni əsirgəmir. Biz Semyon Danilovun arzularını nəzildən- nəsilə ötürürük. Yeni gənc şairləri və ədəbiyyatçıları, istedadlı gəncləri və uşaqları bu mədəniyyət evində yetişdiririk.



Saxa yakut xalqının qonaqpərvərliyi tam geniş bir yazının mövzusudur. Sardana xanımın təqdimatından sonra bizi yemək süfrəsinə dəvət edirlər. Yemək süfrəsində hisə verilmiş növbənöv balıqlar, balıq qızartması, çudu, blinçik, xırda küftə bozbaşı... müxtəlif salatlar... hər birində öyrəşdiyimiz türk mətbəxinin, doğma türk yurdlarının dadı-tamı var. Süfrəyə südlü çay verilir. Və bir də ki, Berdiqestyax rayonu adından qonaqlara yenə hədiyyə təqdim edilir.

Daha sonra Mədəniyyət evinin gənc üzvləri və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında ədəbi kompozisiya təqdim olunur. Biz isə öz şerlərimizi ana dilimizdə oxuyuruq. Axşam saat 5-dir. Hava qaralmağa başlayır. Ev sahibləri böyük məhəbbətlə “Gələn görüşlərədək”- deyib, bizi yola salırlar.

Bu da sonuncu gün, sonuncu vida...

Burada havalar tez qaralır. Avtobus buz bağlamış yol ilə şütüyür... Ətrafa baxıram, geri döndüyümüz yolda qar altından ot axtaran atlar gözə dəymir. Axşamlar harasa çəkilib yatırlar. Bu yerlərdə atları xüsusi bəsləmirlər. Onlar yarımvəhşi atlardır. Tövlədə yalnız inək və toyuq saxlayırlar. İndi dövlət atçılıqla məşğul olmaq istəyən təsərrüfat sahibləri üçün subsidiya ayırır ki, ilxılar çoxalsın. At saxalıların muradıdır, dostudur, yoldaşıdır. Həm də mətbəxlərinin azuqəsidir. Qış azuqəsi... Kəsim atlarının yaşı 2-dən artıq olmur. Belə dayçalardan və qulanlardan, marallardan qış azuqəsi hazırlayırlar. Qış azuqəsinin kəsimi isə noyabr-dekabr aylarında başlayır.

Biz axşam saat 7 radələrində gəlib “Tıqın Darxan” otelinə yetişirik. Sonra isə Natalya Xarlmapyevanın Yazıçılar Birliyi adından təşkil etdiyi ziyafət otağına keçirik. Yenə zəngin süfrə, xoş ovqatlı insanlar, maraqlı söhbətlər və bir də ki, tanınmış müğənni və sənət ustalarının konserti. Tanınmış xomus ustası Natalya Xarlampyevanın sözlərinə yazılmış məşhur “Legentay- “Orta Asiya” mahnısını ifa edir. Bu mahnıda türk dünyasının mənəvi anası saydığım Dilbər xatun –Natalya xanımın Turan ruhu, eşqi və sevgisi vardır.



Görüşümüzün sonunda Natalya Xarlampyeva bizə “Böyük qarın alqışı”-ndan nişanə olaraq plaketlər, qadınlara gümüş sırğa, kişilərə isə at quyruğunun tükündən hörülmüş papaq və hisə verilmiş ağ balıq hədiyyə edir. Bu gecə belə xoş ovqatla qonaqlarla son saatlarımızı başa vururuq. Natalya xanım çox xoşbəxt görünür. Çünki ustadlarının öyüdlərini yerinə yetirməsi məmnunluğunu yaşayır. Bir daha əmin oluram ki, Saxa Yakutiya Respublikasını bərqərar edib, bu günə qədər gətirən böyük ədəbiyyatçılar, mədəniyyət xadimləri olublar. Natalya Xarlampyeva ustadının dediyi kimi, indi özü dönüb, qarda çığır açan yol damı olubdur.

29 oktyabr 2021-ci ildə qonaqların hamısı öz doğma yurdlarına yola düşürlər. Mən isə qalıram. Hələ bir neçə dövlət, mədəniyyət və incəsənət xadimi ilə görüşlərim olacaq. Gələn il qeyd olunacaq Saxa(Y) Respublikasının 100 illiyinə kitab ərməğan edəcəm. Türk yurdalırını birləşdirmək arzularımın həyata keçən günlərini yaşayıram və yazıram. Tanrı gözəl yazan, tarix yazan, dostluğu , sülhü tərənnüm edən hər kəsə yar olsun!

Aida Eyvazlı GÖYTÜRK
Ankara-Yakutsk-Bakı,
25 oktyabr-07 noyabr, 2021-ci il


“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
“Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər