Sosial şəbəkələrdə broyler toyuqlarının toyuq başı və ayaqlarından hazırlanan yemlə qidalanması ilə bağlı iddialar yayılıb. Sözügedən məlumatlar cəmiyyətdə narahatlıq doğurub.
Bəs bu iddialar nə dərəcədə doğrudur? Belə bir hal realdırmı?
Məsələ ilə bağlı
Bakupost.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, uzun illər bir sıra MDB ölkələrində, o cümlədən Azərbaycanda yalnız toyuğun döş və bud hissələri satışa çıxarılıb:
“Bu zaman sual yaranırdı ki, toyuğun digər hissələri hara gedir. Mən bu məsələni beynəlxalq istehsalçı təşkilatlarla müzakirə etmişəm və bildirilib ki, bəzi ölkələrdə broyler toyuqlarının yetişdirilməsi daha rentabelli olsun deyə yalnız döş və bud hissələri satışa çıxarılır, qalan hissələr isə üyüdülərək yemə çevrilir”.
Onun sözlərinə görə, bu cür praktika mümkündür və təhlükəli hesab edilmir:
“Belə yemlərin istifadəsi istisna olunmur. Lakin Azərbaycanda bundan istifadə olunub-olunmaması barədə mənim dəqiq məlumatım yoxdur. Hətta belə olarsa da, bu, heç də təhlükəli deyil, normal yemdir.
Azərbaycanda uzun müddət broyler yemlərinə balıq unu qatılırdı və bu səbəbdən toyuq ətindən balıq dadı gəlirdi. Yaxşı haldır ki, hazırda bu praktika aradan qaldırılıb”.
Qida eksperti İlkin Şirinov isə bildirdi ki, sözügedən iddiaları qəbul etmir:
“Çünki quşların qidalanma təsnifatına baxdıqda (ət yeyənlər, ot yeyənlər və yemlə qidalananlar) ev quşları, xüsusilə toyuq və hinduşkalar üçün ət mənşəli qidaların istifadəsi reallıqdan uzaq görünür. Xüsusilə toyuq başı və ayağı kimi məhsullarla qidalanması nə praktik, nə də texnoloji baxımdan mümkün hesab edilə bilər. Bu cür qidalar toyuqların həzm sisteminə uyğun deyil”.
Ekspertin sözlərinə görə, yalnız xüsusi emal prosesindən sonra bu məhsullar zülal mənbəyi kimi istifadə oluna bilər:
“Amma bu halda da məhsul yüksək temperaturda emal edilməli və ciddi mikrobioloji nəzarət mexanizmi nəzərə alınmalı, eyni zamanda qanunla icazə verilmiş qaydada olmalıdır. Əks halda, təbii ki, bu ciddi risk yaradır. Çünki proses nəzarətsiz şəraitdə aparılarsa, insan orqanizmi üçün təhlükəli olan salmonella, E.coli kimi müxtəlif bakteriyaların yayılmasına şərait yaranar.
Bu prosesin yüksək temperaturda, xüsusi mexanizmlərlə həyata keçirilməsi isə məhsulun maya dəyərini həddindən artıq artırır. Bu da istehsalçılar üçün sərfəli deyil”.
İlkin Şirinov əlavə edib ki, broyler toyuqlarının yemində əsas risk keyfiyyətsiz və nəzarətsiz xammaldır:
“Kiflənmiş yemlər quşun sağlamlığına zərər vurur və son nəticədə insanlara çatan ət məhsullarında təhlükəsizlik riski yaradır. Digər məsələ antibiotiklərin həddindən artıq və nəzarətsiz istifadəsidir ki, bu da insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilər.
Broyler toyuqlarına hormon verilməsi qanunla qəti qadağandır. Lakin yem istehsalında sanitar vəziyyətə ciddi nəzarət olunmalıdır. Əslində broyler toyuqlarının xəstələnməsi və ya hər hansı infeksiyaya yoluxması quşçuluq fabriklərinin sahibləri üçün sərfəli deyil. Çünki broyler toyuqları qapalı şəraitdə saxlanılır və kənd toyuqları ilə müqayisədə onların immun sistemi daha zəifdir. Onlar günəş şüalarından məhrumdurlar və D vitamini yalnız yem komponentləri vasitəsilə verilir. Bu səbəbdən broylerlərdən birinin xəstələnməsi kütləvi xəstəliyə səbəb ola bilər ki, bu da broylerin tamamilə məhvinə gətirib çıxarar. Məhz buna görə də broyler sahibləri yem komponentlərinə ciddi nəzarət etməkdə maraqlıdırlar. Çünki yemdə keyfiyyətsiz və ya bakteriyalarla çirklənmiş qida olarsa, bu, broyler fabrikləri üçün birbaşa maddi zərər deməkdir”.
Lalə Novruz,
BakuPost