Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AlmaU İdarəetmə Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Almatı İdarəetmə Universitetinin (AlmaU) prezidenti, təsisçisi və rektoru, doktor Assılbek Kojaxmetov, həmçinin AlmaU Sahibkarlıq və İnnovasiya Məktəbinin icraçı direktoru Ksenia Yujaninova-Karadenizli iştirak ediblər.
Bakupost.az xəbər verir ki, görüş zamanı tərəflər arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, türk dünyasının ortaq mədəni irsinin tədqiqi və təbliği istiqamətində ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadilə proqramlarının təşviqi, eləcə də innovasiya və sahibkarlıq sahəsində təcrübə paylaşımı məsələləri müzakirə olunub.
Fondun prezidenti professor Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən beynəlxalq layihələr və nəşr proqramları barədə ətraflı məlumat verərək, bu kimi əməkdaşlıqların türk dünyasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Öz növbəsində, doktor Assılbek Kojaxmetov AlmaU İdarəetmə Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi, innovativ təhsil modelləri və həyata keçirilən təşəbbüslər barədə məlumat təqdim edib, Fond ilə gələcək birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi itiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.