Dövlət Xəzinədarlıq Agentliyinin tabeliyində fəaliyyət göstərən regional xəzinədarlıq idarələri qanunvericilik normalarının tələblərinə uyğun olaraq yenidən təşkil olunur.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri regional xəzinədarlıq idarələrinin ləğv olunacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Mayis Piriyev bildirib.
Nazirlik rəsmisi vurğulayıb ki, yenidən formalaşdırılacaq struktur daxilində regional xəzinədarlıq orqanlarında işləyən işçilərlə əmək münasibətləri müvafiq normativ hüquqi aktlara əsasən tənzimlənəcək.
M.Piriyevin açıqlamasına görə, hazırkı dövrdə dövlət maliyyəsinin idarə edilməsi sektorunda rəqəmsal imkanların artırılması və müasir idarəçilik mexanizmlərinin tətbiqi üzrə ardıcıl islahatlar davam etdirilir. Əsas hədəflərdən biri kimi dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlılığının və səmərəli icrasının təmin olunması göstərilir.
"Bu proses çərçivəsində Dövlət Xəzinədarlıq Agentliyinin işində rəqəmsal idarəetmənin tətbiqi genişləndirilməkdədir. Dövlət xəzinədarlığı sahəsində təqdim olunan xidmətlərin keyfiyyətini artırmaq, fəaliyyəti optimallaşdırmaq və idarəetməni təkmilləşdirmək naminə mərkəzləşdirilmiş və daha çevik idarəetmə modeli formalaşdırılır", - deyə Nazirlik nümayəndəsi əlavə edib.