Xəbər verdiyimiz kimi, dünən Danimarkanın paytaxtı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı keçirilib. Tədbirə Prezident İlham Əliyev də qatılıb.
Təxminən 50 ölkədən dövlət və hökumət başçılarının olduğu Zirvədə Avropadakı təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya və digər məsələlər müzakirə olunur. “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetməni gücləndirmək məqsədilə Avropa daxilində və ondan kənarda siyasi-iqtisadi koordinasiyanı təşviq edən hökumətlərarası platformadır. Prezident İlham Əliyevin tədbirdə iştirakı isə xüsusi diqqət çəkir, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş və Cənubi Qafqazda sülh təşəbbüskarıdır.
Milli Məclisin deputatı Arzu Nağıyev
Bakupost.az -a açıqlamasında bildirib ki, bu sammitdə iştirak Azərbaycanın mövqeyini daha da gücləndirərək, regional inteqrasiyada və Avropa ilə əməkdaşlıqda ciddi aktor olduğunu göstərir:
“Sammit Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığında yeni perspektivlər açır. Keçirilən görüşlər ilk növbədə iqtisadi sahədə qarşılıqlı ticarət və investisiya imkanlarının genişlənməsinə səbəb ola bilər. Eyni zamanda, enerji sahəsində Cənub Qaz Dəhlizinin gücləndirilməsi və bərpa olunan enerji layihələrinin inkişafı gündəmdədir.
Nəqliyyat baxımından Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Azərbaycanın logistika mərkəzi kimi rolu daha da artır, ölkəmizi Avropa üçün etibarlı tranzit tərəfdaşına çevirir. Azərbaycanın beynəlxalq imici möhkəmlənir. Belə platformalarda iştirak yalnız iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır. Avropa siyasi dairələrində ölkəmiz təkcə enerji təmsilçiliyi deyil, həm də regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına töhfə verən tərəfdaş kimi qəbul olunur. Bu isə qlobal təhlükəsizlik gündəliyində fəal iştiraka şərait yaradır”.
Deputat qeyd edib ki, strateji baxımdan “Avropa Siyasi Birliyi” kimi platformalarda iştirak Azərbaycan üçün birbaşa diplomatik kanalların açılması deməkdir:
“İstər enerji, nəqliyyat, istərsə də təhlükəsizlik sahəsində ölkəmiz öz mövqeyini Avropa liderlərinə vasitəçilərsiz təqdim etmək imkanı qazanır. Bu da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin tam müstəqil olduğunun bariz nümunəsidir”.
Lalə, BakuPost